Böyük dəstəkdir...

Beynəlxalq Bankın addımı alqışla qarşılandı



Azərbaycan ordusunun cəbhə xəttindəki vəziyyəti əhəmiyyətli dərəcədə xeyrimizə dəyişmiş olduğu əks-hücumları ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradıb. Azərbaycan cəmiyyəti çoxdan gözlədiyi qələbə xəbərləri almasının sevincini yaşamaqdadı. Belə vəziyyətdə hər kəs ordumuza, şanlı əsgərlərimizə, müzəffər Silahlı Qüvvələrimizə bacardığı qədər dəstək olmağa çalışır. Və əlbəttə ki, burada söhbət, ilk növbədə mənəvi dəstəkdən gedir. Lakin mənəvi dəstəklə kifayətlənməyib əməli köməklərini ifadə edənlər də çoxdur.

Bütün Azərbaycan xalqı, o cümlədən ayrı-ayrı qurumlar ordumuza minnətdarlıq və dəstək hissinin nümayişi üçün əllərində olan imkanları realizə edirlər.

Belə dəstəklərdən biri Azərbaycan Beynəlxalq Bankından gəlib. ABB-dən verilən məlumata görə, bu gün bankın Baş ofisində orduya dəstək məqsədilə qanvermə aksiyası keçiriləcək. Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd olunur ki, bank əməkdaşları hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin müalicəsinə kömək məqsədilə qan verəcəklər.

Bundan başqa, əməliyyatlar zamanı həlak olmuş hərbçilərimizin, yaxud onların ailə üzvlərinin Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olub-olmadığı araşdırılacaq və belə bir borc olduğu təqdirdə Bank bu borcların ləğvi barədə qərar qəbul edəcək. Bizcə, bu, şəhid ailələrinə ən böyük maddi dəstək olardı.

İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında Azərbaycan Beynəlxalq Bankının bu addımını alqışladığını dedi:

- Bu, çox gözəl addımdır, alqışlayıram. Bu xeyirxah və çox lazımlı aksiyaya digər banklar da qoşulsa, yaxşı olar. Çünki şəhid ailələrinin başqa banklara kredit borcunun olacağı istisna edilə bilməz. Biz, hamılıqla, bütün xalq olaraq bu gün əsgər və zabitlərimizin, şəhid ailələrinin yanında olmalıyıq və hər kəs öz imkanlarından çıxış edərək onlara dəstək nümayiş etdirməlidir.

N.Cəfərli qeyd etdi ki, bank bu barədə daxili qərar qəbul edibsə, artıq digər qurumların qərarlarına ehtiyac qalmır:

- Bu, ABB-nin İdarə Heyətinin qərarıdır. Banklar məlumat bazasına malikdirlər. Və yəqin ki, şəhid ailələri barədə də lazımi məlumatlara istinad edərək xeyirxah missiyalarını yerinə yetirəcəklər. Burada Müdafiə Nazirliyinin rəsmi sənədlər təqdim etməsi də mümkündür. Əgər ehtiyac olarsa, Müdafiə Nazirliyi şəhidliklə bağlı rəsmi müraciət edə bilər. Ancaq hesab edirəm ki, şəhid ailələrinin özlərinin əlində olan rəsmi bəlgələri təqdim etmələri də kifayətdir.

N.Cəfərli bildirdi ki, ümumiyyətlə, Azərbaycan hökuməti müharibə şəraitini nəzərə alaraq əsgər və zabitlərin həyat sığortası ilə bağlı qanunvericilik istiqamətində mühüm işlər görməlidir:

- Azərbaycan müharibə şəraitində olan və torpaqlarını işğaldan azad etməyə hər an hazır bir dövlətdir. Belə şəraitdə əsgər və zabitlərin həyat sığortasının olması vacibdir. Milli Məclis bu istiqamətdə qanunvericilik bazasını təcili təkmilləşdirməlidir. Və daha yaxşı olardı ki, həyat sığortası böyük məbləğdə təyin edilsin. Belədə əsgər və zabit ailələrinin, həmçinin şəhid ailələrinin də banklardan kredit götürməyə ehtiyacları qalmayacaq. Sığorta pulu həyat şəraitlərinin normallaşmasını təmin edəcək. Bir çox ölkələrdə bu təcrübə mövcuddur. Məsələn, İsraildə sığorta məbləği 250 min ABŞ dolları məbləğindədir. Həyat sığortasına malik zabit də, əsgər də heç bir maddi sıxıntı çəkmir və ailəsindən də arxayın bir şəkildə hərbi xidmətini icra edir. Həmçinin, həyat sığortasının olması əsgər və zabitlərə əlavə motivasiya verir. Məncə, Azərbaycan hökuməti bu məsələni təcili həll etməlidir.

Məlahət Rzayeva