“Böyük ümidlərlə gözləyirik”

Dəyişiklik yoxdur, yazıçı ağır koma vəziyyətindədir


Yazıçı-publisist Əli Əliyev artıq 1 ilə yaxındır ki, komadadır. Xatırladaq ki, bu ilin fevral ayında yolu keçmək istəyən yazıçını maşın vurmuşdu. Ə.Əliyevin oğlu, jurnalist İmdad Əlizadə ilə əlaqə saxladıq. "Şərq”ə açıqlama verən jurnalist atasının vəziyyətində hələlik bir dəyişiklik olmadığını deyib.

- Çox təəssüf ki, dəyişiklik yoxdu. Hazırda koma vəziyyətində "Avrasiya” xəstəxanasının reanimasiya şöbəsində müalicəsi davam edir. Sentyabr ayının 17-də bu xəstəxanada əməliyyat olundu. Bu əməliyyatdan sonra həkim müəyyən dəyişikliklər görmüşdü, amma təəssüflər olsun ki, heç bir irəliləyiş yoxdu. Həkim çox ağır dərmanlar ilə müalicəni davam etdirir. İstifadə olunan dərmanlar güclü təsiredicilərdi. Bir dərmana ehtiyac var idi, amma onu Azərbaycanda tapa bilmədiyimiz üçün Türkiyədən gətizdirdik. Dünəndən etibarən o dərmandan istifadə olunur. Amma hələlik heç bir yenilik yoxdu. Həminki kimi ağır koma vəziyyətindədir.

- Mərkəzi Klinikadan "Avrasiya” xəstəxanasına gətiriləndə müəyyən dəyişiklik oldu?

- Atam Mərkəzi Klinik Xəstəxanasında 7 aya yaxın oldu. Bu müddət ərzində səhhətində koma ilə bağlı heç bir irəliləyiş olmadı. Sentyabrın 15-də Mərkəzi Xəstəxanadan "Avrasiya” xəstəxanasına köçürdük. Xəstəxananın həkimi Əli Musayev atamı müayinə etdi və dedi ki, mənim müalicə kursum bir nəticə verəcək. Həkimin sözlərinə görə, hələlik bir az gözləmək lazımdır, hələ kurs yekunlaşmayıb. Biz də böyük ümidlərlə gözləyirik. Həkim inam və ümidlə danışır.

- Bu yaxınlarda atanızın kitab kampaniyası keçirilmişdi. Maliyyə vəsaitləri də yığıldı. Bunun hansısa köməkliyi dəydimi?

- Əlbəttə, çox böyük köməyi oldu. Kampaniya 3 gün davam elədi. Bu müddət ərzində 600 nüsxə kitabdan 434-ü satılmışdı. Təxminən 8 min manata yaxın pul toplandı. Mərkəzi Klinik Xəstəxanaya 3 min manat borcumuz var idi. Vəsaitin bir hissəsini bu xəstəxanaya verib borcumuzu ödədik. Qalan pul isə "Avrasiya” xəstəxanasında əməliyyat və müalicələr üçün lazım oldu. Toplanan vəsait bizi çətin vəziyyətdən çıxardı. Mən bir daha kampaniyanın əmələ gəlməsində əməyi olanlara, iştirak edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Yenə də maddi baxımdan çətinliklər davam edir. Bilirsiz ki, "Avrasiya” xəstəxanası özəl bir xəstəxanadı. Müalicələr üçün kifayət qədər pul lazım olur.

Yeganə Bayramova