"Bu, Avropa Parlamentinin ölkəmizin müstəqil dövlət kimi güclənməsinə mənfi reaksiyasıdır"

"Həm seçkilər, həm də beynəlxalq idman oyunları zamanı Azərbaycana qarşı ikili yanaşmanın şahidi olmuşuq”.
Bunu "Sherg.az”a açıqlamasında "Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev deyib.
Baş redaktor bildirib ki, bu, Avropa Parlamentinin və bəzi beynəlxalq təşkilatların Azərbaycanın inkişafına və müstəqil dövlət kimi güclənməsinə mənfi reaksiyasıdır:
"Dövlət o zaman güclü olur ki, müstəqil daxili və xarici siyasət yeridir, güclü iqtisadiyyatı olur, iqtidar-xalq birliyi formalaşır. Belə məqamda dövlət müstəqil qərarlar qəbul edir. 
Bu baxımdan Azərbaycan sözün həqiqi mənasında müstəqil dövlətdir, regionun ən önəmli ölkəsidir, söz sahibidir. Məhz bu məqamlara görə anti-Azərbaycançı qüvvələr heç zaman boş dayanmır və ölkəmizə qarşı fəaliyyətə keçirlər. Məqsəd Azərbaycanı təzyiq altında saxlayaraq, istədiklərini diktə etdirməkdir. Lakin Azərbaycan heç kimin diktəsi altında fəaliyyət göstərmir. Azərbaycanla təzyiq dilində danışmaq olmaz”.
B.Quliyevin sözlərinə görə, M.Hüseynov özü də aclıq keçirmədiyini elan etmişdi. Ancaq müəyyən qüvvələr bu olaydan öz məqsədləri üçün manipulyasiya etdilər: 
"Lakin Ermənistanda baş vermiş ciddi ölüm faktına göz yumdular. Əslində Ermənistanda buna bənzər cinayətlər, qanunsuz hərəkətlər çox olub. Düşmən ölkədə addım başı insan haqqları kobud şəkildə pozulur. Söz və mətbuat azadlığı demək olar ki, yoxdur. Ermənistandakı diktator rejim Qərb institutları tərəfindən ya təqdir olunub, ya da ki düşmən ölkədə baş verən hadisələrin üzərindən sakitcə keçilib. Ancaq Azərbaycandakı ən xırda məsələ, seçkilərdəki kiçik texniki problem böyük müsibət kimi şişirdilib. Bu yanaşma qərəzli təşkilatların Azərbaycana qarşı olan mövqeyinin təzahürüdür. Səbəbi isə Azərbaycanın güclənməsi, müstəqil siyasət yeritməsidir”.
İsmayıl