Bu çox təhlükəli plandır

“İndiyə qədər Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınırdısa və heç bir ölkə tərəfindən müstəqil bölgə kimi qəbul olunmurdusa, status məsələsindən sonra vəziyyət dəyişəcək”



Prezidentlərin Sankt-Peterburq görüşü ilə bağlı yeni detallar üzə çıxmaqdadır. Danışıqlarda mərhələli həll modelinə üstünlük verildiyini artıq erməni mənbələri də təsdiqləməyə başlayıb. Bununla bağlı Qarabağ üzrə erməni ekspert Tatul Alopyanın rəhbərlik elədiyi ANİ Tədqiqat Mərkəzinin mövqeyi xüsusi diqqət çəkir.

Ekspert iddia edir ki, Rusiya hazırda Dağlıq Qarabağa dair aralıq bir həll modeli üzərində işləyir və tərəflərə öz ideyalarını təklif eləməyə çalışır: "Əslində bu plan yeni də deyil. Ancaq əvvəlki təkliflərdən müəyyən dərəcədə fərqlənir və 1997-ci ildəki mərhələli həll planına daha yaxındır”. Mərkəzə görə, Putinin indiki planı iki paketdən ibarətdir: "Birincisi, erməni qüvvələri 5 rayondan - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan çıxarılır. İkincisi isə Dağlıq Qarabağ aralıq status alır. Amma bu status nə Azərbaycanın tərkibinə qayıtmağı, nə də yaxın gələcəkdə müstəqil olmağı nəzərdə tutur”. Erməni qaynağı daha sonra iddia edir ki, "Madrid prinsipləri”ndə və onun törəməsi olan Kazan sənədində əksini tapan öz müqəddəratını təyin etmə hüququ son nizamlama paketindən çıxarılmayıb. Lakin referendumun keçirilməsi qeyri-müəyyən müddətə saxlanılıb: "Azərbaycan statusun müəyyən edilməsi qarşılığında ərazilər formulu ilə razıdır. Lakin Dağlıq Qarabağı formal da olsa Azərbaycan tərkibində qalmasında təkid edir. Çünki ölkə konstitusiyası dəyişdirilə bilməz. Bakı Kazan sənədinə razılıq verərsə, o zaman ilk növbədə öz konstitusiyasını dəyişməli olacaq. Ermənistan isə Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasını nəzərdə tutan hansısa varianta razı deyil. Bu üzdən də Rusiya tərəfi yeni yanaşma təklif edir”. İddianı şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında bunun çox təhlükəli plan olduğunu deyib: "Bu, Azərbaycanın maraqlarına cavab verən plan deyil. Əvvəla, dünənə qədər ermənilər təkcə Laçın dəhlizini istəyirdilərsə, indi Ermənistanla Dağlıq Qarabağ arasında ikinci dəhlizi - Vardenisdən Ağdərəyə çəkilmiş yolu tələb edirlər. Faktiki olaraq bu o deməkdir ki, ermənilər Dağlıq Qarabağdan əl çəkmək niyyətində deyil. Əlbəttə, ikinci dəhlizin tələbi həyasızlığın son həddidir. Vardenisdən Ağdərəyə çəkilmiş yol Azərbaycanın ürəyinə vurulmuş ikinci böyük yaradır”. Ekspertin sözlərinə görə, indiyə qədər Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınırdısa və heç bir ölkə tərəfindən müstəqil bölgə kimi qəbul olunmurdusa, status məsələsindən sonra vəziyyət dəyişəcək: "Ondan sonra Dağlıq Qarabağ müstəqil hərəkət etmək imkanı qazanacaq. Xaricdə öz nümayəndəliklərini açacaq və başqa dövlətlərlə əlaqələr quracaq. Fikrimcə, Rusiyanın Dağlıq Qarabağ planında ən təhlükəlisi keçici status məsələsidir. Bu üsul Qarabağı əlimizdən almağa hesablanıb. Əgər 5 rayonun qaytarılmasının ardınca status məsələsi gündəmə gələcəksə, bu bizə lazım deyil. Məncə, ermənilər Kəlbəcəri tam şəkildə qaytarmaq niyyətində deyillər. Onlar mümkün qədər Ermənistanla Dağlıq Qarabağ arasındakı dəhlizləri genişləndirməyə çalışırlar”.

İsmayıl