"Bu cür adamların küçələrə çıxması, mitinq keçirməsi zərərlidir"





"Azərbaycanda söz və mətbuat, sərbəst toplaşmaq hüququ, ümumiyyətlə hərəkət azadlığı konstitusiya ilə təmin edilir”.

Bunu "Şərq”ə açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

Ekspert bildirib ki, hər kəs qanunlar çərçivəsində öz etirazını bildirə bilər. Buna heç bir qadağa yoxdur. Sadəcə olaraq bir tələb var. O da ondan ibarətdir ki, bütün etirazlar qanun çərçivəsində baş versin və vətəndaşların rahatlığını, ictimai asayişi pozmasın:

"Təəssüflər olsun ki, bəzi şəxslər bunu düzgün anlamırlar. Onlar azadlıq və sərbəstlik deyərək digər vətəndaşların azadlığına müdaxilə edirlər. Məlum qurumun yanvarın 19-da mitinq keçirməsinə dövlət şərait yaratdı, onların öz sözlərini deməsi üçün hər cür imkan yaratdı, təhlükəsizliklərini təmin etdi. Ancaq həmin şəxslər bunu düzgün dəyərləndirə bilmədilər. 

Birincisi, mitinqin təşkilatçılığında zəiflik nümayiş etdirdilər, lakin bu, öz işləri olduğu üçün qarışmırıq. Amma mitinqə gələnlərin şüarlar səsləndirməsi, metroya düşərək qarışıqlıq yaratmağa cəhd etməsi ciddi qanun pozuntusudur”.

A.Həsrətin fikrincə, bu əməllər dinc etiraz aksiyası keçirməklə bir araya sığmır:

 "Yanvarın 20-də, yəni dünyanın hər yerindəki azərbaycanlılar üçün dəyərli olan bir gündə qarşıdurma yaratmağa çalışdılar. Hətta şəhidlərin məzarlarını ziyarət etmək istərkən belə şüarlar səsləndirməyə cəhd göstərdilər və özlərinin əsl sifətini göstərdilər.

Düşünürəm ki, bu cür adamların küçələrə çıxması, mitinq keçirməsi zərərlidir. Bu adamlara şərait yaradılanda anlamalı idilər ki, qanundan kənara çıxmaq olmaz. Amma bir daha əmin olduq ki, bu adamlar normal etiraz aksiyası keçirə bilmirlər, ictimai yerdə davranışlarına riayət etməyi bacarmırlar. 

Belə olan halda dövlət qurumları şəhərin sakitliyini və sabitliyini, eləcə də vətəndaşların rahat yaşayışını təmin etmək üçün bu cür insanların ortalığı qarışdırmasına imkan verməməlidir. Məncə, Azərbaycan dövləti bu insanlarla profilaktik tədbirlər görməlidir. Onlara izah edilməlidir ki, əməlləri qanuna ziddir. Əgər belə davam edərlərsə, aksiyalarının qarşısı alınmalıdır”.

İsmayıl