“Rusiyanın başı Suriyaya qarışıb, Qarabağla bağlı hansısa təxribat xarakterli addım atmaz”
Sərdar Cəlaloğlu: “ABŞ tərəfindən verilən proqnozlar heç vaxt özünü doğrultmayıb”
Amerika Senatının Kəşfiyyat Məsələləri Komitəsinin ənənəvi illik hesabatında Qarabağ münaqişəsi ilə bağlı "tərəflər güzəştə getməyə tələsmirlər” ifadəsi yer alıb. ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts bildirib ki, Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər.
Direktor hesab edir ki, Azərbaycanda sabit hərbi modernləşmənin aparılması və Ermənistanın Rusiyadan yeni silah sistemləri alması cari ildə müharibəni alovlandıra bilər. Hesabatda o da vurğulanıb ki, Kreml postsovet məkanında öz təsirini daha da genişləndirəcək. Moskva bu məqsədlərlə "aqressiv və oportunist siyasət” aparacaq.
İddialarla bağlı "Şərq”ə danışan Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bunun ənənəvi açıqlama olduğunu deyib. Partiya rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən proseslərdə hansısa ciddi dəyişiklik yoxdur:
"Kəskin nəsə olmalıdır ki, ona əsasən gərginliyin artacağını və hərbi münaqişəyə çevriləcəyini birmənalı iddia etmək mümkün olsun. Həm də Rusiyanın başı ciddi şəkildə Suriya məsələsinə qarışıb. Bu baxımdan Moskva Qarabağla bağlı hansısa təxribat xarakterli addım atmaz. Bundan əvvəlki illərdə də dəfələrlə ABŞ tərəfindən proqnoz verilib ki, guya, yaxın müddətdə Qarabağ müharibəsi başlayacaq, irimiqyaslı hərbi əməliyyatlar olacaq və s. Amma proqnozların heç biri özünü doğrultmayıb”.
Prosesi şərh edən tarixçi-alim Dilavər Əzimli isə bildirib ki, hesabat Ermənistan prezidenti Serj Sarkisyanı o dərəcədə həyəcanlandırıb ki, dərhal haray-həşir salmağa başlayıb:
"Sarkisyan deyib ki, "nə qədər ki, Azərbaycan tərəfi İrəvan və Zəngəzuru geri almaqla bizi hədələyir, Dağlıq Qarabağ probleminin həll olunacağına əmin deyilik”. Əslində Ermənistan rəhbərliyi özünün işğalçı simasını əks etdirərək, terrorçu qismində çıxış edir.
Bu günlərdə erməni mətbuatı PKK terrorçularının Ermənistanda sığınacaq tapdıqları haqda yayılan informasiyaları təsdiq edib. O da bəllidir ki, Ermənistan iqtidarı Dağlıq Qarabağda bu terrorçulardan ibarət bir neçə hərbi düşərgə yaradıb. Bu yaxınlarda sərhəd toqquşması zamanı Ermənistan tərəfindən ölən hərbi yaraqlılardan biri də məhz PKK terrorçusu idi.
Hesab edirik ki, Azərbaycan bundan istifadə edərək, terrorla mübarizə adı altında Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaya bilər. Azərbaycan torpaqlarımızı azad etmək hüququna malikdir. Bu vaxta qədər aparılan bütün danışıqlar zamanı və ondan sonra da həmişə bəyan etmişik ki, biz ilk növbədə ərazilərin sülh yolu ilə qaytarılmasının tərəfdarıyıq. Bunun müqabilində Ermənistan tərəfi işğalçılıq mövqeyindən bir addım da geri çəkilməyib. Əksinə, Dağlıq Qarabağa PKK terrorçularını yerləşdirməklə, hər gün atəşkəsi pozmaqla, təxribatla məşğul olub. O səbəbdən hərbi üsul heç vaxt istisna olunmur”.
İsmayıl