Bu məmləkətdə gec evlənənlər də var

Onların çoxu ailə yükü daşımaqdan ehtiyatlanır



Atalar sözləri və zərbi məsəllər bir çox situasiyalarda dadımıza çatsalar da, aralarında biri-biri ilə təzad yaradanları çoxdur. "Tez evlənənlə, yuxudan tez oyanan udar” deyən atalarımız "subaylıq sultanlıq” deməklə bir çox gənclərin başının altına yastıq qoyub. Cəmiyyət isə hər ikisinin bəlasını çəkir. Belə ki, Azərbaycanda erkən nikahlarla yanaşı, gec ailə qurma problemi də son zamanlar aktuallaşıb. Sadəcə, bu mövzu ümumi olaraq cəmiyyətimiz üçün təhlükə doğurmadığından çox da ciddi müzakirə edilmir.

Gec evlənənlərin narahatlığını, daha dəqiq desək, dərdini onların yaxınları çəkirlər - xüsusən də valideynlər. Gəncləri isə zamanın su kimi axıb getməsi bir o qədər də maraqlandırmır. Onların bu həyatdan öz gözləntiləri var...

Oğlanlar bir gün evlənəcəyi qadının, arzularındakı qadın olmasını istəyir. Qızlar isə xəyallarındakı "ağ atlı şahzadə”ni gözləyirlər. Amma sonda yenə sözü zaman deyir. Kiminin xəyalını gerçək edir, kiminin də arzularını gözündə qoyur. Elə bu kimi səbəblərdən də ildən-ilə gec evlənənlərin sayı artır. Gənclərin bir çoxu evlənmək istəmir, yaxud gec yaşlarda evlənməyi daha düzgün hesab edirlər. Evlənənlərin isə yola getməmə, boşanma problemi daha qabarıq olur. Bəs, yuxarı yaşlarda ailə qurmaların səbəbi nə ola bilər? Bunun müsbət və mənfi yönləri nələrdir? Ekspert rəylərinə keçməzdən əvvəl onu deyək ki, Azərbaycanda kişilərin gec evlənməsinin sosial problemləri, iş dalınca xaricə üz tutmaları xüsusi qeyd olunur. Məsələn, hazırda Rusiyada 2 milyondan çox soydaşımızın yaşadığı bildirilir. Ölkəmizdə kişilərin gec evlənmələrində bu amil də xüsusi rol oynayır. Belə ki, gənc yaşlarında bu ölkəyə yola düşən gənclər sonradan geri qayıtmadıqlarından və ya gec qayıtdıqlarından, başları eyş-işrətə qarışdığından evlənmirlər. Evlənənlər isə bir qədər gec ailə qururlar... Psixoloqların qənaətinə görə, yaş artdıqca, evlənmə ehtimalı da azalır. Xüsusən də, kişilərdə kompleks artır, onlar seçim etməkdə çətinlik çəkirlər. Ailə qurmayan xanımlar isə depressiya halları yaşayır, psixoloji gərginlik keçirirlər. Bundan başqa, karyera qurmaq istəyi də gec evlənmələrə səbəb olan amillərdəndir. Gec evlənməyin müsbət cəhəti isə odur ki, insanlar gənc yaşlarına nisbətən daha kamil olurlar. Özlərini ailə qarşısında daha məsuliyyətli hiss edirlər. Ailələrinə, xanımlarına qarşı daha diqqətli olurlar.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova gənclərin gec ailə qurmasında valideynlərin böyük təsiri olduğunu deyib: "Əvvəllər ailələr övladlarına ailə qurmaları üçün stimul verirdilər. Oğlanlarına tanıdıqları qızı təklif edirdilər. Bu işə həm oğlan, həm də qız razılıq verirdi. Amma indi gənclərimiz fərqli düşünürlər. Özləri axtarıb tapmaq istəyirlər və onlar tapana qədər də vaxt gedir. Düşünürəm ki, gənclərimizin bu gün gec evlənməsinin əsas səbəbi bütün gün işləmələri, işdən baş açmamalarıdır. Yəni bütün gün məşğul olmaları onlara tanışlıq üçün imkan yaratmır. Gənclərimiz ancaq universitetdən və işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud həm oxuyub, həm işlədiklərindən, ya da 2 yerdə işlədiklərindən ailə qurmaq yaddan çıxır. Gənclərimizin gec evlənməsinin ikinci səbəbi karyera pilləsinə qalxmaq arzularıdır. Bu pilləyə qalxanda da uşaq dünyaya gətirmək karyeranın müəyyən mərhələsində arzuolunan deyil. Üçüncüsü, iqtisadi amildir. Gənclər iqtisadi baxımdan müstəqil olmaq istəyirlər. Buna görə də çalışırlar ki, öz iqtisadi imkanlarını yaxşılaşdırsınlar, valideynlərindən asılı olmasınlar. Dördüncüsü, gənclər arasında bir-birlərinə inamsızlıq var. Gənclər bir-birlərinə etibar etmirlər”. Ekspert eyni zamanda, ailə dəyərlərinin deformasiyaya uğramasının gənclərin evliliklə bağlı planlarını təxirə saldığını bildirib: "Bu gün ailəyə münasibət dəyişib. Məsələn, ailədə zorakılıq imkan vermir ki, insanlar bir-birlərinə güvənib evlənsinlər. Yəni anasının döyüldüyünü, əzildiyini görən qız özünün də gələcək aqibətindən qorxaraq hər adama etibar edə bilmir. Əslində isə gec ailə quranların getdikcə artması cəmiyyət üçün siqnal olmalıdır. Bir neçə ildir, deyirik ki, məşğulluq insanların ailə qurmasında problem yaradacaq. 30- 40 yaşlarında ailə qurmaq tendensiyaları müşahidə edilir ki, bu da genefondumuz üçün təhlükəlidir. Bu, uşaqların doğum hallarının azalmasına, sonsuzluğa gətirib çıxara bilər”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov da hesab edir ki, gənclərin çoxu ailə yükünü daşımaqdan ehtiyatlanır: "Hamıya məlumdur ki, ailə məsuliyyət deməkdir. Bunu dərk edən insan bu yükün altına girməyə tərəddüd edir. - Evlilik və buna yanaşma məsələsi keçən əsrin ortalarından aktullaşmağa başlayıb. Bu aktuallıq ailə münasibətlərinə yeni bir baxış tərzi formalaşdırdı. Bu proses birinci növbədə Amerika, Avropada başladı. Hazırda bu məsələ Azərbaycanda da aktuallıq kəsb edir. Əvvəllər gənclərin ailə qurduğu yaşda indikilər bəzən heç evlənmək haqda fikirləşmir, karyera haqda düşünürlər. Müasir dövrdə həm kişi, həm də qadınlar üçün ən vacib düşüncə karyeradır. Bu zaman ərzində sevgi arxa plana keçir. Amma bu, olduqca yanlış düşüncədir. Çünki həm qadın, həm də kişi bəlli yaşa qədər mütləq ailə qurmalıdır. Ailə insanı şəxsiyyət kimi formalaşdırır. Əgər biz həm indi, həm də keçən əsrə nəzər salsaq görərik ki, cəmiyyətdə ailəli insana daha çox güvən olur. Ümumiyyətlə, kişilərin 30-35 yaşa qədər, qadınların isə 28-30 yaşa qədər evlənmələri vacibdir. Çünki gec yaşda evlənmək insan sağlamlığına ciddi zərər vurur”.

Sosioloq, "Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı gec yaşda ailə quran gənclərin sayının bir o qədər çox olmadığı qənaətindədir: "Düzdür, gec evlənlənlərin sayı çox olmasa da, belə insanlar yox da deyil. Məsələ burasındadır ki, 25-26 yaşında evlənənə "çox gecikmisən” deyirlər. Çünki hamı uşağını məktəbi qurtarar-qurtarmaz evləndirməyə çalışır. Səbəblər müxtəlifdir, kimisi uşağını hərbi xidmətdən yayındırmağa çalışır, kimisi tez nəvə-nəticə sahibi olmaq istəyir, kimisi də avara gəzən oğlunun evləndikdən sonra məsuliyyətli olacağını düşünür”.

Oğlanlar üçün ideal evlilik yaşının 26-28 olduğunu düşünən sosioloq deyib ki, 20-22 yaşda olan gənc ailə yükünü çəkə bilmir, maddi və mənəvi baxımdan ailəsini təmin edə bilmir: "Evlənən kimi uşaq sahibi olurlar, o uşağın tərbiyəsi, baxımı da vacibdir, bunu neçə faiz ata edə bilir? Eləcə də qızların 22-23 yaşdan əvvəl evlənməsini doğru hesab etmirəm, amma gəl ki, 23 yaşında qızı olan valideyni qınayırlar, dalınca danışırlar ki, qızı evdə qalıb. Çünki qanunların qadağasına rəğmən qızını 15-16 yaşında ərə verənlər qızın 23 yaşınadək ata evində oturmasını doğru hesab etmir, onlar 23 yaşlı qızın "qarıyaraq evdə qaldığını” düşünürlər. Gec evlənmək də normal deyil, tutaq ki, 35 yaşında ailə quran kişi dərhal övlad sahibi olarsa, övladı orta məktəbə başlayanda artıq 42 yaşında olacaq, övladı məktəbi qurtaranda isə beli bükülmüş, saçı ağarmış qoca olur, təqaüd yaşı çatır. Övladının ali məktəbi bitirməsinə qədər ya yaşayar, ya yaşamaz. Bəzən deyirlər sosial problemlər də gec evlənməyə səbəb olur, razıyam. Oğlan evinin öhdəlikləri, qız evinin cehiz dərdi, evsizlik, kirayədə yaşamaq qorxusu - bütün bunlar da evlənməyi ləngidir. Amma deməliyəm ki, qızların 25 yaşdan sonra evlənmələri sağlamlıqları üçün problem yarada bilər. Çünki ana ola bilmək, dünyaya sağlam övlad gətirmək üçün orqanizmin qızıl dövrü 20-25 yaş arası hesab edilir”.

Gec ailə quranların artmasının səbəbləri barədə danışan "Gənc Psixoloqlar” İB-nin sədri, psixoloq Orxan Oruc isə evlilik yaşının regionlara, ölkəyə, mədəniyyətlərə görə dəyişdiyini deyib: "Hətta bizim ölkəmizdə belə ayrı-ayrı regionlarda normal evlilik yaşı müxtəlifdir. Bu, eyni zamanda insanların dünyagörüşündən, təhsilindən və s. asılı olaraq dəyişir. Ümumiyyətlə, tarixə nəzər salsaq, təxminən son bir əsrdir ki, insanlar təhsilə bu qədər önəm verirlər. Bir əsr əvvəl təhsil alan insanların sayı müasir dövrdə təhsil almayan insanların sayı ilə demək olar ki, eynidir. Söhbət orta təhsildən gedir. Universitet təhsilini, akademik təhsili də eyni cür müqayisə edə bilərik. Modern dünya, bazar iqtisadiyyatı, kapitalizm və s. insanların sağqalma instinktlərinin tələbini dəyişib. İnsanlar müasir dövrdə yaşamağın ən vacib alətlərindən biri kimi ali təhsil almağı əsas tuturlar. Və təbii ki, bütün bunlar vaxt alan və dolaysıyla evlilik yaşının artmasını şərtləndirir. Yəni ali təhsil almadan, hər hansı karyera başlanğıcı olmayan gənclər evlilik həyatının çətinliklərini dərk edib, evlənmək üçün daha doğru hesab olunan vaxtı gözləyirlər. Bu müddət ərzində isə gənclərin insan tanıma vərdişləri inkişaf edir, insanlara güvən hissinin zəifləməsi üçün müxtəlif hadisələrin birbaşa və ya dolayısıyla şahidi olur, uzun müddət tanıdığı insanların fərqli xarakterlərinin aşkarlanması ilə bağlı təcrübələr yaşayır ki, bütün bunlar da evlilik qərarının verilməsi işini ləngidir. Digər tərəfdən gənc ətrafdakı insanlarla münasibəti fonunda evlənəcəyi insanla bağlı kriteriya və dəyərləri formalaşır. Yaş çoxaldıqca, bu kriteriyalar da çoxalır və nəticədə həmin tələblərə cavab verən insanı tapmaq və evlənmək müşkül bir məsələyə çevrilir”.

Gənc psixoloqun sözlərinə görə, evlilik yaşının artdığını söyləmək üçün mütləq onu əvvəlki əsrlə müqayisə etmək lazımdır: "Amma bir məsələ də var ki, əvvəlki əsrlə indiki əsr arasında evliliyə təsir edən faktorlar eyni deyil. Məsələn, əvvəllər daha çox kəndlərdə yaşayan insanlar üçün ev tikmək və ya çoxotaqlı mənzili yeni ailəylə paylaşmaq o qədər də çətinlik yaratmırdı. Lakin müasir dövrdə, evlənmək üçün ev əldə etmək o qədər də asan bir proses deyil.

Bütün bunlardan başqa, evlənməyə, ailə həyatına marağın yaranması üçün keçmişdə insanlar asudə vaxtı və həyatlarını maraqlı etmək üçün, yenilik etmək üçün həvəsləri böyük idi. Müasir dövrdə isə gənclərin öz həyatlarını maraqlı etmələri üçün kifayət qədər alətlər var. İnformasiya zənginliyi, həyatı rəngarəng və maraqlı etmək imkanlarının bolluğu vəziyyətində ailə-məişət problemlərini həll etmək, ailənin qayğısını çəkmək sözsüz ki, gənclərə qorxuducu və çətin görünür. Odur ki, evlənmək üçün yaş həddinin ən maksimum həddini hər kəs bacardığı qədər yaşamağa üstünlük verir”.

P.S. Yaş nə olursa olsun, xoşbəxt bir ailə qurmanın sirri doğru zamanda doğru adamla qarşılaşmaqdır əlbəttə. Ən əsası evləndikdən sonra da eşqi və sevgini yaşatmaq, evliliyin gətirdiyi çətinliklərlə birlikdə mübarizə apara bilməkdir.

Şəymən