Bu məqamda susmaq olmaz...

“Bakı kəndində İran bayrağı qaldıran şəxs tapılıb dərhal cəzalandırılmalıdır”



Aşura günü ilə əlaqədar Bakı kəndlərində, o cümlədən Nardaranda məclislər İran İslam Respublikasının bayrağı və İranın dövlət xadimlərinin fotoları altında keçirilib, videoçəkilişləri internetdə yayılıb.

Aşura günü Azərbaycan ərazisində İran bayrağının və bu dövlətin rəhbərliyində təmsil olunan şəxslərin plakatlarının qaldırılmasına isə demək olar ki, yeganə kəskin münasibət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı tərəfindən ortaya qoyulub. Bu cür halları qınayan M.Qurbanlı həmin dini icmalara ciddi xəbərdarlıq edildiyini, baş verənlərin yolverilməz olduğunu vurğulayıb.

Maraqlıdır, Nardaranda və ya Azərbaycanın istənilən məkanında İran bayrağının qaldırılması dövlətçiliyimiz üçün hansısa təhlükə vəd edirmi? Əgər edirsə, o zaman niyə dövlət bu təhlükənin aradan qaldırılması istiqamətində ciddi addımlar atmır? Azərbaycanda İran bayrağı qaldıranlara bu cəsarəti verən kim və ya nədir? Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü Bakı kəndlərində, o cümlədən Nardaranda bəzi məclislərin İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsi məsələsinə münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, baş verən hadisələr idarənin nəzarət etdiyi məscid və ziyarətgahlarda qeydə alınmayıb. Bildirilir ki, internetdə bununla bağlı videogörüntülər yayılan kimi QMİ Bakı kəndlərində nəzarətində olan məscidlərdə araşdırmaya başlayıb və belə bir fakt aşkar etməyib: "Bununla belə, baş verən hadisələrlə bağlı başda sədr Şeyxülislam Allahşükür Paşazadə olmaqla, QMİ-nin mövqeyi ondan ibarətdir ki, bu, İran prezidentinin Azərbaycana səfəri öncəsi iki ölkə münasibətlərinə xələl gətirən təxribatdır. Dindarlarımızı bu kimi təxribatlardan uzaq olmağa çağırırıq. QMİ bunu pisləyir və dini mərasimlərin digər dövlətin bayrağı, siyasi liderlərinin fotoları altında keçirilməsini yolverilməz hesab edir. Azərbaycanda bütün dini mərasimlər öz milli-mənəvi dəyərlərimizə söykənərək keçirilir və heç bir dövlət bizə təsir edə bilməz”.

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, bu məsələyə dövlətin yanaşması sərt olmalıdır: 
"Azərbaycan müstəqil bir dövlətdir. Gedin görün İranda hansısa şəhərdə, tutaq ki, Təbrizdə Azərbaycan bayrağını bu formada qaldırmaq imkanına sahibsinizmi? Dərhal əlaqədar qurumlar həmin şəxsi məhv edərlər. Azərbaycanda isə görünür bunu xoşgörülü qarşılayan müəyyən məmurlar var. Bunu dəstəkləyən müəyyən insanlar var. Görünür, Azərbaycan dövlətinə sevgi azdır. Azərbaycan bayrağına hörmət azdır. Belə şeyə yol vermək dövlət adından məqbul deyil. Bəs indi necə olur ki, İran bayraqları ilə bağlı kimsə dillənmir? Niyə bir səs-küy salan yoxdur? Bu, dövləti bir cinayətdir. Başqa ölkənin təbliğatını, ideoloji xəttini Azərbaycan cəmiyyətində təbliğinin dövlət tərəfindən bu cür sakit qarşılanması yolverilməzdir. Bu bayraq və plakatları kimlər qaldırıbsa, onlar məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. İran bayrağının dini mərasimə nə dəxli? İran özünə görə ayrıca bir din yaradıb öz yolunda gedirsə, bunun Azərbaycana nə aidiyyəti? İnsanların dinə baxışları fərqli ola bilər. Məzhəb baxışları fərqli ola bilər. Kimsə başqa ölkənin din xadimini təbliğ edirsə, o, Azərbaycana qarşı işləyir. Məsələ bu cür dərk edilməlidir. Mən dini baxışlar arasında ayrı-seçkilik etmirəm. Azərbaycana bağlı olan istənilən din xadimi, dini inanca sahib insan bizim vətəndaşımızdır. Biz ona sayğı ilə yanaşırıq. Xristian olsun, yəhudi olsun, sünni və ya şiə olsun, fərqi yoxdur. Lakin başqa ölkənin din xadimini təbliğ edən insanlar Azərbaycan dövlətinə qarşı olan şəxslərdir. Onlara qarşı müəyyən ölçü götürülməlidir. Bu baxımdan mən də dini komitə sədrinin bu yanaşmasını dəstəkləyirəm. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarının bu məsələdə yumşaq davranması yolverilməzdir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Kimlər o şəkilləri qaldırıbsa, o bayrağı qaldırıbsa, məsuliyyətə cəlb olunmalıdır. Siz İran dövlətini təbliğ edirsiniz, ya imam Hüseyn faciəsinin üzüntüsünü yaşayırsınız? Deməli, siz saxtakarsınız. Siz İran dövlətinin təbliğatçılarısız. Təbii ki, orada çoxsaylı səmimi inanclı insanlar var. Onlar bu kateqoriyaya aid deyil. Amma xarici ölkələrin dəstəklədiyi müəyyən şəxslər var ki, onlar prosesləri təbii məcrasından çıxardaraq İranın agenturasının istədiyi istiqamətə çəkirlər. Buna yol vermək olmaz”.

Şəymən