“Bu müsabiqə musiqidən uzaqlaşıb”

Tünzalə Ağayeva: “Artıq “Evrovizion” bizim üçün maraqlı deyil”



"Evrovizion 2016” bitsə belə, hələ də bu yarış müzakirə olunur, qalib ölkənin bu yerə sahib olmasına haqqı var, ya yox, deyə təzadlı fikirlər səslənir. Nədən "Evrovizion 2016” bu qədər qalmaqallı oldu? Niyə bu ilki yarış musiqi müsabiqəsindən çox siyasi arenanı xatırlatdı?

Suallarımıza Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva cavab verərək maraqlı fikirlər söylədi: "Evrovizion” həqiqətən böyük tamaşaçı audioriyasına malik olan, nüfuzlu musiqi yarışı olub. Bəli, bu müsabiqə nə qədər musiqi yarışı kimi təşkil edilsə də, eyni zamanda siyasi maraqlar, qonşuluq münasibətləri və digər bu kimi məqamlar müsabiqənin seçiminə təsirini göstərmiş olur.

Bu gün artıq "Evrovizion” müsabiqəsinin mənim üçün bir marağı, prestiji qalmayıb. Türkiyə bu gün o müsabiqədə iştirak etmir, nə itirir ki? Türkiyə müsabiqəyə münasibətini konkret və sərt şəkildə göstərdi. Fikrimcə, vaxtı gəlib ki, biz də o münasibəti göstərək. Bu müsabiqə bizə nə verir? Heç nə. Biz o müsabiqədən aldığımızı almışıq. Əgər qalibiyyətdən söhbət gedirsə, biz o müsabiqənin qalibi olmuşuq. Artıq nə lazımdı? Bu müsabiqə yaradıcılıqdan, musiqidən o qədər uzaqlaşıb ki, nüfuzunu itirib. Bizim üçün maraqlı deyil. "Evrovizion” müsabiqəsi ilə bağlı yorumlamağa bir səbəb yoxdu. O qədər sıradan bir yarışa çevrilib ki, o müsabiqəyə bir baxışım yoxdu”.

Tahirə