“Bu Sərəncam Prezidentin sosialyönümlü siyasətinin təkib hissəsidir” – Baş redaktor

Aydın Quliyev:"Bütün bunlar dövlətin,hakimiyyətin insanların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl siyasət aparmasının aydın təzahürləridir"



"Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamı ölkə başçısının Azərbaycanda əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində davamlı olaraq apardığı sosialyönümlü siyasətin təkib hissəsidir”.

Bu barədə "Sherg.az”a "Bakı-Xəbər” qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, son 1 ildə cəmiyyətimizdə ehtiyacı olan insanlara dövlətin dəstəyinin gücləndirilməsi istiqamətində atılan addımların şahidi oluruq:

"İndiyə qədər mənzili olmayanların mənzillə təmin olunması, müharibə veteranları, şəhid ailələri, aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması yönündə görülən işlər hazırda başqa formada davam etdirilir. O cümlədən ünvanlı sosial yardım, pensiya, minumum əmək haqqı, eləcə də ehtiyac meyarının miqdarı artırıldı. 

Bütün bunlar dövlətin, hakimiyyətin cəmiyyət haqqında, insanların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl siyasət aparmasının aydın təzahürləridir. Bu gün ölkəmizdə bütün növ sosial müavinətlərin artırılmasına dair cənab Prezident yeni sərəncam imzaladı. Ümumi götürəndə sosial müavinətlərin növ və sayına görə, vətəndaşlarına Azərbaycan qədər geniş dəstək verən ikinci bir ölkə tapmaq çətindir. 

Demək olar ki, Ölkəmizdə 15-dən artıq sosial müavinət növü var. Bu gün həmin müavinətlərin hamısının məbləği əhəmiyyətli dərəcədə artırılıb. Hətta dünyasını dəyişmiş insanların dəfninə ayrılan müavinətlərin də miqdarı yüksəldilib. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin proqressiv məram və məqsədini növbəti dəfə sübut edir. Məlum addımlar ölkə başçısının daim insanların rifahını düşündüyünü nümayiş etdirir. 

Həm də dövlətimizin siyasətinin kifayət qədər humanist və ədalətli olduğunu orta qoyur. Ümumən, sosial siyasətin istiqamətlərinə, dərinlik və fasiləsizliyinə görə, olduqca az sayda ölkəyə rast gəlmək olar ki, orada Azərbanycan qədər çoxçeşidli və sosialyönümlü siyasət aparılsın. Bunu Azərbaycan Prezidentinin daim insanlarımıza göstərdiyi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirmək olar” .

Ayyət Əhməd