Elməddin Muradlı: "Əvvəl Azneft meydanından avtovağzala gedən taksi azı 10 manat gediş haqqı tələb edirdi. Hazırda bəzi şirkətlər bunu 6-7 manata həyata keçirir"
"Taksilər sərnişindaşıma sahəsinin bir qoludur. Ona görə, burada da bir qayda-qanun, nizam-intizam yaradılması vacibdir”.
Bunu Sherg.az-a bütün taksilərdə vahid tariflərin tətbiq olunmasına dair təkliflərə münasibət bildirərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, qaydaların, nizam-intizamın təmin olunması taksilərin fəaliyyətini şəffaflaşdıra bilər:
"Məsələn, 5-6 il əvvəl Azneft meydanından avtovağzala gedən taksi azı 10 manat gediş haqqı tələb edirdi. Hazırda bəzi şirkətlər var ki, bunu 6-7 manata həyata keçirir. Deməli, bu mümkün imiş. Belə çıxır ki, insanlar neçə illərdir, artıq pul veriblər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə söhbətlərimdə şahid olmuşam ki. əksər sürücülər zəng edib, sifarişlə çağırılan taksi xidməti göstərməkdən razıdır. Düzdür, qiymətlərin aşağı olmasını da qeyd edirlər. Amma etiraf edirlər ki. qazanc var və gün ərzində müştəriləri olur. Elədirsə, belə bir sistemin qurulması yaxşı olardı. Taksi fəaliyyəti ilə məşğul olanlar arasında pərakəndəliyə son qoyulmalıdır. Qiymətlər əhalinin imkanlarına uyğun olmalıdır və bunu sistemli şəkildə etməliyik ki, hər kəs xidmətlərdən faydalana bilsin. Sərnişinlərin imkanlarını genişləndiririksə, sürücüləri nəzərə almaq lazımdır ki, onlar taksi şirkətləri tərəfindən istismar olunmasın. Onların da müəyyən iş, istirahət rejimi olmalıdır ki, insanlara təhlükəsiz xidmət göstərə bilsinlər. Dayanmadan işləyən sürücü sözsüz ki, yuxulaya bilər, yorğun düşər, qəza törədər”.
Taksi sürücülərinin yol verdiyi neqativ hallara diqqət çəkən E.Muradlı deyib ki, taksi sürücüləri öz aralarında sözləşib, özbaşına istədikləri qiymətləri qoyurlar:
"Bu qiymətləri tənzimləyərkən sürücülər də, taksi şirkətləri də, sərnişinlər də nəzərə alınmalıdır ki, heç bir tərəf narazı qalmasın. Bu günkü qiymətlər əgər taksi şirkətlərini razı salırsa, elə həmin qiymətlər üzərində razılığa gəlib, vahid tarif müəyyənləşdirmək mümkündür. Amma buna ciddi nəzarət etmək lazımdır. Çünki şirkətlər daha çox müştəri cəlb etmək üçün müxtəlif addımlar ata bilər. Marşrutlarla bağlı mərkəz var, hər hansı şikayət olduqda ora zəng edib, bildirmək olur. Taksi fəaliyyəti ilə məşğul olanlar üçün də belə qaynar xətt yaradılmalıdır ki, sərnişinlər müraciət etsinlər”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlinin sözlərinə görə Bakıda fəaliyyət göstərən bütün taksilərdə vahid tariflər tətbiq olunması ilə bağlı İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə müraciət edilib. V. Kərimli bildirib ki, yeni qiymətlərdə gecə tarifi ayrı, gün boyu tarif ayrı müəyyən olunur.
Aysel Aslan