Vüqar Bayramov: “Siyasi faktorlar zəifləyərsə, neftin dünya bazarında qiymətinin uzunmüddətli dövrdə yüksək qalacağı az inandırıcıdır”
Büdcəyə yenidən baxılacaq, qiymət 45 dollardan 55 dollara qaldırılacaq
Əli Məsimli: “Ola bilsin, neftdən gələn əlavə gəlirlər hesabına əməkhaqlarına vəsait ayrılsın”
Vüqar Bayramov: “Siyasi faktorlar zəifləyərsə, neftin dünya bazarında qiymətinin uzunmüddətli dövrdə yüksək qalacağı az inandırıcıdır”
Vüqar Bayramov: “Siyasi faktorlar zəifləyərsə, neftin dünya bazarında qiymətinin uzunmüddətli dövrdə yüksək qalacağı az inandırıcıdır”
Cəfər İbrahimli: "Önəmli olan Neft Fondundan dövlət büdcəsinə transfert həcminin
artırılıb-artırılmayacağı məsələsidir”
2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər ediləcək. Neftin dünya bazarında qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib. Bu ilin büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir. Millət vəkili Əli Məsimli Azərbaycan neftinin 2018-ci ilin dövlət büdcəsində proqnozlaşdırıldığından iki dəfə baha qiymətə satıldığını deyib. Onun sözlərinə görə, büdcədə neftin qiyməti 45 dollar götürülüb, amma hazırda Azərbaycan nefti dünya bazarında 80 dollar civarında satılır. Bu da büdcəyə böyük həcmdə əlavə gəlirlərin daxil olması deməkdir.
Millət vəkilinin sözlərinə görə, büdcə gəlirlərində ciddi fərqlərin yaranması büdcəyə yenidən baxılmasını zəruri edir. Büdcəyə dəyişikliyi zəruri edən ikinci amil isə 2018-ci ilin mart-may aylarında dövlət büdcəsində çalışanların maaşlarının artırılmasıdır. Hələ birinci variantda maaşların artırılması üçün 600 milyon manat əlavə vəsaitə ehtiyac var idi. İndi bu vəsait struktur dəyişikliyi hesabına olacaq, yoxsa əlavə vəsaitin cəlb edilməsi ilə, bunu demək çətindir. Ola bilsin, neftdən gələn əlavə gəlirlər hesabına əməkhaqlarına vəsait ayrılsın. Bunlar müzakirə obyektidir. Bütün bu deyilənlər 2018-ci ilin büdcəsinə baxılaraq dürüstləşdirməni zəruri edir. Ona görə də iyun ayında məsələyə baxıla bilər.
Ə.Məsimlinin fikrincə, büdcəyə baxılarsa, neftin büdcədə proqnozlaşdırılan qiyməti 45 dollar həcmindən 10 dollar qaldırıla bilər. Belə bir praktika olub. Elə 2017-ci ilin büdcəsinə baxılan zaman neftin qiyməti 25 dollar həcmindən 40 dollara qaldırıldı. Hazırda büdcədə neftin qiyməti 45 dollar nəzərdə tutulub. Amma real olaraq bazarda neftin qiyməti 80 dollar civarındadır. Bu da nəzərdə tutulduğundan təqribən iki dəfə çoxdur. Odur ki, məsələyə baxılıb neftin qiymətini büdcədə 55 dollar həcmində götürmək olar. Bu, məqbul variantdır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) hesablamalarına əsasən, neftin orta qiymətinin 75 dollar olması Azərbaycan üçün əlavə 5 milyard manatdan artıq gəlir deməkdir. Bu isə həm Dövlət Neft Fonduna, həm də dövlət büdcəsinə proqnozlaşdırıldığından əlavə daxilolmalara vəd edir. Neftin mövcud qiymətləri fonunda Azərbaycanın strateji valyuta ehtiyatlarının artacağı da proqnozlaşdırılandır.
"2018-ci ilin dövlət büdcəsinin xərclərinin əvvəlki il ilə müqayisədə 3 milyard manata yaxın çox proqnozlaşdırıldığını nəzərə alsaq, büdcə sənədinə ediləcək dəyişikliklərdə xərc maddələrinin kəskin artırılması arzuolunan deyil. Təbii ki, gəlir və xərclərin hansı səviyyədə artırılması neftin büdcədəki yeni qiymətindən asılı olacaq”. Bu sözləri İSİM rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yeni qiymətin yüksək müəyyənləşdirilməsi büdcəyə daxil olmaları daha çox artıra bilər. Bütövlükdə, fiscal konsolidasiya siyasətinin davam etdirilməsi daha məqsədəuyğundur. Siyasi faktorlar zəifləyərsə, neftin dünya bazarında qiymətinin uzunmüddətli dövrdə yüksək qalacağı az inandırıcıdır.
Büdcəyə əlavə ediləcək vəsaitin hansı istiqamətə xərclənəcəyinə gəldikdə isə V.Bayramov hesab edir ki, bank sektorunun sağlamlaşdırılması, əhalinin xərclərinin azaldılması üçün dəqiqləşdirilmiş büdcədən xarici valyutada olan kreditlərdə yaranan fərqin bir hissəsinin kompensasiyası üçün bu istiqamətə vəsaitin ayrılması daha məqsədəuyğun olardı: "Bu baxımdan da, daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir. Qeyd edim ki, CESD olaraq 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paketi hazırlayıb hökumətə təqdim etmişik. Biz üçtərəfli mexanizmin tətbiqini təklif edirik və bu, "üçtərəfli güzəşt” mexanizmi adlanır. Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün ağırlıq yaratmır, çünki artıq üçdə ikisini başqa tərəf ödəyir. Bank üçün də ağırlıq yaratmır, çünki bank da üçdə birini ödəyir, digər üçdə ikisini isə vətəndaş və dövlət ödəyir. Dövlət üçün də ağırlıq yaratmır, çünki dövlət də üçdə birini ödəyir və digər üçdə ikisini müştəri ilə bank ödəyir. Bu mexanizmin özəlliyi ondan ibarətdi ki, burada tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür. Nəticə etibarilə, bu imkan verir ki, problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olsun. Bu zaman Mərkəzi Bank heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanına malik olur. Problemli kredit probleminin həlli üçün düşünürəm ki, bizim təkliflərin qəbul edilməsi məqsədəuyğun olardı. ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq, həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub. O baxımdan, biz də Azərbaycanda "üçtərəfli güzəşt mexanizmi”nin tətbiqini təklif edirik. Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edir və problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər. Bu mexanizmin maliyyələşdirilməsi üçün büdcəyə ediləcək dəyişikliklərdə xərcin nəzərdə tutulması daha məqsədəuyğun olardı”.
Maliyyə bazarı üzrə ekspert, iqtisadçı Cəfər İbrahimli isə deyib ki, neftin qiymətinin 55 dollardan hesablanması Neft Fondunun gəlirlərinin artmasına, paralel olaraq icmal büdcənin artmasına səbəb olacaq:
"Önəmli olan Neft Fondundan dövlət büdcəsinə transfert həcminin artırılıb-artırılmayacağı məsələsidir. Fondun gəlirlərinin artırılması fonunda investisiya layihələrinin maliyyələşməsinin həcmi artırılacağı gözlənilir”.
Qeyd edək ki, büdcəyə dəyişikliklər edilməsini hazırda neftin qiymətinin dünya bazarında bahalaşması şərtləndirir. Bəs, büdcəyə dəyişiklikdən sonra neftin qiyməti ucuzlaşsa necə olacaq? Uzunmüddətli trenddə neft qiymətlərinə hansı amillər təsir edə bilər?
C.İbrahimlinin sözlərinə görə, son dövrlərdə dünya iqtisadiyyatının sürətli böyümə tendensiyası mövcuddur. Dünya iqtisadi böhranından sonra özünə gələn ölkə iqtisadiyyatlarının böyüməsi neftə olan tələbatın artımına, bu isə neft qiymətlərinin sabit qalmasına kömək edə bilər. Eyni zamanda inkişaf etmiş ölkələrin sərt pul siyasətini uzun müddət davam etdirməsi və nəticədə bu ölkələrin iqtisadiyyatında aktivliyin ciddi şəkildə azaldığı müşahidə olunsa, neft qiymətlərinin ciddi şəkildə düşməsinə səbəb ola biləcək ən ciddi faktor olaraq diqqət mərkəzində olacaq.
Lakin belə bir şərait investorları həm də dünya mərkəzi banklarının inflyasiya probleminə qarşı "profilaktiki tədbir” olaraq iqtisadi artım sürətlərini yavaşlandıracaqları barəsində şübhəyə salır”.
İqtisadçının fikrincə, Mərkəzi bankların sərt pul siyasəti dünyada iqtisadi aktivliyin azalacağı və bunun fonunda isə iqtisadiyyatda ümumi neftə olan tələbatın azalacağı fikirlərini formalaşdırmağa başlayır:
"Son dövrlərdə Çin və ABŞ arasında qalibin müəyyənləşdirilməsi mümkün olmayan "ticarət müharibələri”nin də öz növbəsində neft qiymətlərinə mənfi təsir edəcəyi istisna edilmir. Bu həm hər iki ölkə ixracının qarşılıqlı olaraq kəskin təsirlənməsi, həm də hər iki ölkənin digər ticarət əlaqələri qurduqları partnyor ölkələrin iqtisadiyyatlarının bu müharibədən təsirlənəcəyi faktoru ilə əlaqədardır”.
C.İbrahimli deyib ki, uzunmüddətli enerji istehsalı trendində alternativ enerji mənbələrinin xeyrinə dəyişən balans da neft qiymətlərinin ucuzlaşması faktorunu dəstəkləyir.
Hələ 2017-ci ilin mart ayında ABŞ Enerji İnformasiya Agentliyi 2017-ci ilin birinci rübünə olan alternativ enerji istehsalat rəqəmlərinin ümumi enerji istehsalatının 19.35 faizinə çatdığını göstərirdi. Bundan cəmi 5 il əvvəl isə, 2012-ci ildə "İllik enerji dəyərləndirilməsi” hesabatında Enerji İstehsalı Agentliyi alternativ enerjinin ümumi enerji istehsalının 2010-cu ildə 10 faizdən 2035-ci ildə 15 faizə çatacağı barəsində proqnoz verirdi. Lakin 2017-ci ilin rüblük hesabatları həmin proqnozu çox üstələyərək alternativ enerji dövrünün gözlənildiyindən daha yaxın ola biləcəyini işarə edirdi. Alternativ enerji istehsalatının uzunmüddətli dövr ərzində neft qiymətlərinə aşağı təzyiq göstərəcəyi istinasızdır.
Şəymən