Mirmahmud Mirəlioğlu: “Nə qədər ki, Avropa Birliyində Fransa kimi dövlət var, türklərə qərəz bitməyəcək”
Avropa strukturlarının Türkiyəyə qarşı qəbul etdiyi qərəzli və ədalətsiz qərarlar qardaş ölkənin Qərb dünyasından uzaqlaşması ilə nəticələnir. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə rəsmilərinin verdiyi sərt bəyanatlar Qərbə qarşı olan hiddət və narazılığı bir daha ortaya qoyur.
Reallıq odur ki, Avropa İttifaqının, AŞ PA-nın və digər beynəlxalq qurumların ümumilikdə türk və müsəlman dünyasına qarşı qərəzi özünü açıq şəkildə büruzə verməkdədir. Qitədən kənar dövlətlərin "özgə” hesab olunaraq müstəqil qərar və seçimlərinə hörmət edilməməsi Avropanın əsas siyasətinə çevrilib. Sanki "xristianlıq qalası” hesab olunan Avropa ölkələri müsəlman türkləri özlərinə ən böyük düşmən hesab edirlər. AŞ PA-nın qəbul etdiyi sonuncu qətnamə də Qərbin türkofobiya düşüncəsindən irəli gəlir.
Məsələ ilə bağlı "Şərq”ə danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, dünyada türk düşmənçiliyi hökm sürür və Türkiyəyə qarşı atılan bütün addımların arxasında həmin düşmənçilik siyasəti dayanır. Partiya sədrinin fikrincə, bu cür münasibət hələ davam edəcək:
"Bütün iqtidarların dönəmində Türkiyəyə qarşı münasibət belə olub. Nə qədər ki, Avropa Birliyində Fransa kimi dövlət var, türklərə qərəz bitməyəcək. Çünki Fransa hər zaman türk düşmənçiliyinə rəhbərlik edən və bu düşmənçiliyi körükləyən addımlar atır. Türk dövlətləri elə siyasət aparmalıdırlar ki, bu düşmənçiliyə bəhanələr, səbəblər yaranmasın. Problem buradan qaynaqlanır. Qərb özü istəyəndə məsələni nizamlayacaq”. M.Mirəlioğlu Türkiyənin Qərbi bir sıra strukturlardan çıxmaqla hədələməsinə normal yanaşdığını deyib: "Məncə, bu, sadəcə təhdiddir və diplomatiyanın gedişidir. Amma inanmıram ki, Türkiyə belə bir addım atsın. Çünki bunun Türkiyəyə xeyrindən çox ziyanı olar. Ancaq təhdid məqsədi ilə deyilən bəyanatların zərəri olmaz. Türkiyə Avro-Asiya məkanı arasında siyasi manevrlər edir. Bu, siyasətdir, belə də olmalıdır”. Partiya rəhbəri "Türkiyə avro-atlantik məkana inteqrasiya ilə yanaşı, türk-islam dünyasının qurulması ilə də məşğul olmalıdır” fikri ilə razılaşdığını deyib: "Məncə, Türkiyə ilk növbədə bu addımı atmalı, türk dünyasına sahib çıxmalıdır. Təbii ki, problem sadəcə qardaş ölkə ilə bağlı deyil, bütün türk dövlətlərinin ortaq məsələsidir. Düzdür, Türkiyə bir çox məsələlərdə əlindən gələni edir. Məsələn, düşmən Ermənistanla sərhədlərin bağlı saxlanılması, Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən təzyiq və təsir göz önündədir. Bu qərar Türkiyənin ziyanına olsa da, Azərbaycan üçün önəm kəsb etdiyinə görə, qüvvədə qalmaqdadır. Amma təəssüflər olsun ki, eyni şeyi bütün türk dövlətləri, Orta Asiya türkləri üçün demək mümkün deyil. Çünki Orta Asiyaya təsir vasitəsi birbaşa Rusiyanın əlindədir”.
M.Mirəlioğlu Avropa İttifaqının komissarı Yohannes Hanın "türk tipli demokratiya yoxdur” ifadəsinə də sərt reaksiya verib:
"Komissar çox böyük səhv edib. Belə yanaşma doğru deyil. Türkiyədəki referendumdan sonra Avropada bu cür fikirlər səslənməyə başlandı. İndi Qərbdə Türkiyəni Əlcəzairlə, Misirlə, Suriya və İranla müqayisə etməyə cəhd edirlər. Avropada belə bir fikir uydurublar ki, guya, müsəlman türklərə demokratiya yaraşmır. Əlbəttə, bu fikir absurddur. Türk xalqları özlərinə müstəqil demokratik dövlət quranda, qadınlara ilk dəfə səsvermə hüququ verəndə Avropada belə şeylər yox idi. Onlar bizdən 60-70 il sonra həmin addımları atmağa başlayıblar”.
İsmayıl