“Sabah da hansısa bir cərrah deyə bilər ki, bintimiz olmadı deyə xəstəni xilas edə bilmədik?”
Bütün xəstəxanalar 24 saat ərzində işıqla təmin olunmalıdır
“Hər hansı səbəb və ya bəhanə qəbulolunmazdır”
“Sabah da hansısa bir cərrah deyə bilər ki, bintimiz olmadı deyə xəstəni xilas edə bilmədik?”
“Sabah da hansısa bir cərrah deyə bilər ki, bintimiz olmadı deyə xəstəni xilas edə bilmədik?”
Salyanda körpələrin ölümü rayonlarda səhiyyə qurumlarının acınacaqlı durumunu gündəmə gətirib. Rayonun Mərkəzi Xəstəxanası məsuliyyəti üzərindən atmağa çalışsa da, zərərçəkmiş ailənin iddialarına görə, iyunun 21-i saat 21 radələrində 3 oğlan uşağı sağlam doğularaq yeni doğulmuş körpələr üçün nəzərdə tutulan küves aparatına yerləşdirilib.
Həmin gecə rayonda elektrik enerjisi kəsilib, müvafiq olaraq xəstəxananın da işıqları sönüb, bu zaman isə körpələr aparata bağlı vəziyyətdəymiş. Elektrik enerjisinin kəsildiyindən aparat sönüb, körpələr də oksigen çatışmazlığından vəfat ediblər. Əgər körpələr baş həkimin dediyi kimi işıq sönməsindən əvvəl vəfat etmiş olsalar belə, bu, həmin gecə xəstəxanada generatorların işə düşməməsi gerçəyini dəyişdirmir. Istənilən halda xəstəxana fövqəladə rejimə hazır olmalı və elektrik enerjisi generatorlar vasitəsilə təmin edilməliydi. Maraqlıdır, işıqlar sönən anda hansısa bir xəstə cərrahi əməliyyatda olsa, xəstəxana rəhbərliyi nə bəhanə gətirəcəkdi?! Əgər xəstəxanalar texniki tibbi təchizat üçün təminat vermirsə, bundan sonra doğuma, əməliyyata girən xəstələr ərizə ilə "Azərişıq”a müraciət edib, proses bitənədək işıqların sönməyəcəyinə dair zəmanət alsınlar?!
Xəstəxanalarda fövqəladə rejim şəraiti üçün bütün vasitələrin mövcud olmasını mühüm şərt kimi qeyd edən həkim-psixoloq Azad İsazadənin sözlərinə görə, körpələrin hansı səbəbdən dünyasını dəyişməsini istintaq müəyyənləşdirəcək: "İndidən bir rəy vermək doğru olmazdı. Amma istənilən halda xəstəxananın adının bu cür hadisələrlə hallanması ürəkaçan deyil. Bütün xəstəxanalar 24 saat ərzində işıq və istiliklə təmin olunmalıdır. Hər hansı səbəb və ya bəhanə qəbulolunmazdır. Əgər hansısa bir xəstəxanada işıq, istilik və ya digər tibbi təminatlarla bağlı çatışmazlıq yaranıbsa, bunun səbəbləri ciddi araşdırılmalı, cinayət hadisəsi hesab olunmalıdır. A.İsazadənin sözlərinə görə, generatorun olmaması və ya işləməməsi məsuliyyətdən yayınmaq üçün əsas deyil. Əslində bunun özü ən böyük məsuliyyətsizlikdir. Xəstəxanalar fövqəl rejimlərə hər an hazır olmalıdır. İşıqlar müxtəlif səbəblərdən qəfil sönə bilər. Müvafiq qurum bu addımı atarkən bir-bir xəstəxanalara xəbərdarlıq etməli deyil ki? Hər bir xəstəxanada generator sistemi təchiz olunmalıdır. Əvvəla, onu araşdırmaq lazımdır ki, həmin xəstəxananın generatorları hansı səbəbdən işə düşməyib. Sabah da hansısa bir cərrah deyə bilər ki, bintimiz olmadı deyə xəstəni xilas edə bilmədik? Bəzən həkimlər xəstənin ölümünə səbəb kimi hansısa dərmanın olmadığını iddia edirlər. Hansı ki, bütün bunların hamısı mərkəzləşmiş qaydada təmin olunmalıdır”.
Ümumilikdə xəstəxanaların texniki təchizatına gəldikdə isə ekspert xəstəxanadan-xəstəxanaya fərq olduğunu deyib: "Elə xəstəxana var ki, super səviyyədədir. Eləsi də var ki, gündəlik tələbatları belə ödəyə biləcək səviyyədə deyil. Xüsusən də, regionlarda fəaliyyət göstərən xəstəxanaların texniki təchizatlarında müəyyən problemlər var. Salyan Rayon Mərkəzi Xəstəxanasında generatorla bağlı problemin yaranması da bunun bir sübutudur. Lap, həmin körpələrin ölümünə səbəb işıqların sönməsi olmasa belə, generatorların niyə işə düşməməsinin səbəbləri araşdırılmalıdır”.
Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verən hadisəyə münasibət bildirən tibbi ekspert, professor Adil Qeybullanın sözlərinə görə, körpələrin ölümünə işıqların sönməsi nəticəsində yaranan texniki çatışmazlığın səbəb olub-olmadığı məlum deyil: "İlk öncə ciddi araşdırmalar aparılmalı və bu fakt öz təsdiqini tapmalıdır. Valideynlərin ifadələri ilə xəstəxanadan verilən rəy arasında ciddi fərq var. Əgər doğrudan da uşaqlar ailəsinin iddia etdiyi kimi işığın sönməsi nəticəsində olubsa, bu, həqiqətən də narahatedici bir məqamdır. Uşaqların ölüm faktının hamiləlikdə yaşanan problemlərlə bağlı olub-olmadığı da məhkəmə tibbi ekspertizasının qərarından sonra müəyyən olunacaq. Əgər Salyanda baş verən faciənin həqiqətən də generatorun olmaması səbəbindən baş verməsi təsdiqlənəcəksə, bununla bağlı ciddi ölçü götürülməli, digər xəstəxanalar da nəticə çıxarmalıdır. Axı bir xəstəxananı generatorla təmin etmək o qədər də çətin məsələ deyil ki, buna görə insan itkisinə göz yumulsun”.
Xəstəxanaların texniki təchizatı məsələsinə gəldikdə isə A.Qeybulla son illərdə xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kifayət qədər işlərin görüldüyünü deyib: "Rayonlarda xəstəxanalar, ambulator mərkəzlər, həmçinin dövlət xəstəxanalarının maddi-texniki bazasının yenilənməsi istiqamətində mühüm addımlar atılır. Amma stereotiplər yenilənməyib. İnsanların yanaşması dəyişməyib. Əsas məsələ əhalinin nə dərəcədə yararlanması, bu işin təşkilindən asılıdır. Yəni görürsünüz ki, əhalini bura cəlb eləmək, lazımi diaqnostikanı aparmaq, müəyyən çek-ap müayinələrini həyata keçirmək, hamilə qadınları müayinəyə cəlb eləmək işinin təşkilində rayonlarda xeyli qüsurlar var. Və insanlar da bundan əziyyət çəkir. Yəni, əslində səhiyyəyə qoyulan bu vəsait vətəndaşın xeyrinə çalışmalıdır. Problem bundadır. Düşünürəm ki, bu təşkilati işlərə diqqət yetirilməlidir”.
Şəymən