Cavaxetiya erməniləri silahlandırılır

Gürcüstanı yenə münaqişə ocağına çevirmək istəyirlər




Gürcüstanın Avropa Birliyi ilə "assosiativ saziş”ə imza atmaması Moskva ilə Tiflis arasındakı münasibətləri yenidən gərginləşdirib. Kreml rəhbəri Vladimir Putin ilk təzyiq rıçağı olaraq Rusiya-Abxaziya arasında hərbi və iqtisadi sahədə əməkdaşlığın genişlənməsini gündəmə gətirib. Bunun ardından Cavaxetiya ermənilərini ayağa qaldırıb. Artıq Gürcüstanda yeni Qarabağ ssenarisini işə salıblar.

Cavaxetiya erməniləri sürətlə silahlandırılır. Gürcüstan polisinin apardığı axtarış tədbirləri zamanı ermənilərin kompakt yaşadıqları Samsxeti-Cavaxetiya bölgəsinin Axalkələk və Cavaxetiyada bir neçə erməni ailəsindən külli miqdarda döyüşə yararlı hərbi silah-sursat aşkarlanaraq götürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, son altı ay ərzində ermənilərin kompakt yaşadıqları rayonlardan hər ay mütəmadi olaraq erməni sakinlərdən silah-sursat aşkarlayaraq götürürlər.

Yada salaq ki, ötən ay Axalkələk rayonunda ermənilərin yerin altında gizlətdikləri böyük miqdarda hərbi silah-sursat tapılıb.

Cavaxetiya ermənilərində silahların aşkarlanmasının təsadüfi olmadığını deyən Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin (ATSAM) rəhbəri, tarixçi-politoloq Hatəm Cabbarlı "Şərq”ə açıqlamasında qeyd edib ki, Gürcüstanı münaqişə ocağına çevirmək istəyirlər: "Bu niyyət 1990-cı ildən start götürüb. "SSRİ-nin dağılmasından sonra Cavaxetiya erməniləri təşkilatlanaraq Gürcüstan hökumətinə müəyyən tələblər irəli sürdülər. Onlar Qarabağ ermənilərini dəstəkləmək və özlərinin milli-mədəni muxtariyyət tələb etmək yönündə müəyyən işlər görürdülər. Qonşu dövlət üçün hər zaman başağrısı olublar. Gürcüstan hökumətini təhdid etməklə məşğul olublar”.

Ekspertin sözlərinə görə, Cavaxetiya erməniləri rəsmi Tiflis üçün problem olaraq qalır: "Gürcüstanı onlar kimi təhdid edən ikinci qüvvə yoxdur. Gürcüstan hökumətinin onlara qarşı əməliyyatı təqdirəlayiqdir”.

H.Cabbarlı bu işlərdə Rusiyanın barmağının olmasını istisna etməyib: "Abxaziya və Cənubi Osetiyanın ayrılmasından sonra Gürcüstan ciddi problemlər yaşadı. Bu, siyasi travmanı dərinləşdirmək üçün Cavaxetiya ermənilərindən istifadə olunur”.

Həmsöhbətimizin fikrincə, Rusiyanın Gürcüstana təzyiq edə biləcəyi ən güclü vasitəsi Cavaxetiya bölgəsində yaşayan etnik ermənilərdir: "Rusiya son 20 ildə bu faktordan istifadə edərək Gürcüstan hökumətinə təzyiq göstərib. Xüsusi ilə 2000-ci illərin sonlarına qədər 60-cı hərbi bazasının orda olduğu müddətdə Rusiya Cavaxetiya ermənilərindən Gürcüstana qarşı daha ciddi təzyiq vasitəsi kimi istifadə edirdi. Yenə də oxşar addımların işartıları görünür”.

Ayyət Əhməd