"Cəbhədə baş verən hadisələrə, itkilərə vaxtında aydınlıq gətirilməlidir"

Əflatun Amaşov: "Belə olarsa, sosial şəbəkələrdə təfərrüatlarla bağlı dezinformasiyalar yayılmaz”



"Müdafiə Nazirliyi bəzi səbəbləri əsas gətirərək, hərbçimizin şəhid olması barədə rəsmi məlumatı gecikdirə bilər”.

Bu barədə "Sherg.az”a bir neçə gün əvvəl polkovnik Rahim Əliyevin şəhid olması barədə sosial şəbəkələrdə yayılan dezinformasiyalardan danışarkən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib. 

O vurğulayıb ki, müəyyən araşdırmalar, şəhidin ailəsinə xəbər vermək üçün hazırlıq işləri və s. məsələlər səbəbindən rəsmi xəbərlər gecikə bilər:

"Mətbuat belə məsələlərdə qeyri-dəqiq informasiya yaymaq istəmir. Bu hallarda yubanmaq olmaz və mətbuatda qeyri-dəqiq informasiyalar yayılmasına imkan verməmək lazımdır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra da bu gündəmə gəldi. Cəbhə xəttində baş verən hadisələrə, itkilərə vaxtında aydınlıq gətirilməlidir. Belə olarsa, sosial şəbəkələrdə təfərrüatlarla bağlı dezinformasiyalar yayılmaz”.

Qeyd edək ki, təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.
Xatırladaq ki, o, son olaraq aprel döyüşləri zamanı Lələtəpənin işğaldan azad olunması əməliyyatında iştirak edib. Polkovnik Əliyev Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin 19 aprel 2016-cı il sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib.

Aysel Aslan