Cəbhədə əməliyyatlar dayandırıldı, sonra nə olacaq?

Hələlik, nə əldə etmişiksə, həmin yerlərdə müdafiə sistemlərini gücləndirmək lazımdır“Kreml müharibənin davamını istəmirsə, Ermənistan Prezidenti Serj Sərkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir”
Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
Mövcud situasiyada hərbi əməliyyatların dayandırılması qərarını şərh edən Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycanın bununla hər zamankı kimi sülh tərəfdarı olduğuna dair öz mövqeyini ortaya qoyub: "Biz Azərbaycan tərəfi olaraq, insanlıq dəyərlərini, humanizmi, beynəlxalq təşkilatların sülh çağırışlarını nəzərə alaraq, hələ aprel ayının 3-də birtərəfli olaraq, atəşi dayandırdığımızı bəyan etdik. Ancaq erməni tərəfi atəşi dayandırmasa, növbəti təxribatlara əl atsa, daha sərt zərbələr alacaqlar. Ermənilər isə Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən həmişəki tərbiyəsizliyinə davam elədi. Ordumuzun mövqelərini yox, Azərbaycanın yaşayış məntəqələrini, dinc əhalini bütün silah növləri, ağır artilleriya, reaktiv qurğularından atəşə tutub. Azərbaycan tərəfi isə öz bəyanatına uyğun şəkildə artıqlaması ilə düşmənin cavabını verdi. Bir günün içərisində ermənilərin mühüm strateji atəş nöqtələri, hərbi qərargahları dağıdıldı, çoxsaylı itkilərə məruz qaldılar. Ənənəyə sadiq qalaraq, ermənilər bu dəfə də güc görəndə təşvişə düşərək özlərini tülkülüyə qoymağa başladı. Vaxt qazanmaq üçün kompromisə getməyə razı olduqlarını bəyan edərək, atəşkəs üçün yalvarmağa başladılar. Bizim isə dəyişməz mövqeyimiz budur ki, Azərbaycan Ermənistanla yalnız axırıncı əsgərləri torpaqlarımızdan çıxanda kompromisə gedəcək. 25 ildir torpaqlarımızı işğal edən düşmənlə biz niyə və necə kompromisə getməliyik? Sərkisyan ya öz xoşu ilə qoşunlarını qabağına qatıb, rədd olmalıdır. Ya da biz hərbi gücümüzlə onları torpaqlarımızdan itirəcəyik. Məsələ bundan ibarətdir!”.
E.Məmmədovun sözlərinə görə, ancaq Azərbaycan torpaqları işğaldan azad olunandan sonra danışıqlar masasında ermənilərlə kompromisə getmək olar. O cümlədən müəyyən şərtlər daxilində Ermənistanla da qonşuluq əlaqələri işlətmək olar.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə cəbhədəki vəziyyəti Prezident və müdafiə nazirindən yaxşı heç kəsin bilmədiyini deyib: "Ona görə də əgər Prezident atəşkəsə razılaşıbsa, həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə qərar verib. Hələlik, nə əldə etmişiksə, həmin yerlərdə müdafiə sistemlərini gücləndirmək lazımdır. Ancaq mənə o da aydındır ki, Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə, atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az daha irəliləyəcək. Bütün iplər Moskvanın əlindədir. Əgər Kreml müharibənin davamını istəmirsə, Ermənistan Prezidenti Serj Sərkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, yəni danışıqlar yenə uzanacaqsa, bunun davamının nə olacağını artıq ermənilər və Kreml yaxşı anladılar”.
Azərbaycan ordusunun sarsıdıcı zərbələri fonunda Sərkisyanın ölkə daxilində mövqelərinin bir xeyli zəiflədiyini vurğulayan politoloq deyib ki, o həm 22 ildir işğal altında saxladığı torpaqların bir hissəsini itirdi, həm də canlı qüvvə və texnikası azaldı: "Ermənistan kasıb və əhalisi azalan dövlətdir. Bu itkilərin yerini doldurmaq, hərbə kasıb büdcədən pul xərcləmək, eyni zamanda vətəndaşlara övladlarının itkisini başa salmaq çətindir. Ən azı İrəvandakı əsgər anaları "Sən qarabağlısan deyə, bizim övladları Ermənistandan kənarda ölümə göndərməlisən” şüarı ilə Sərkisyanın başını xarab edəcəklər. Digər tərəfdən Ermənistandakı müxtəlif siyasi qruplar bir müddət sonra məğlubiyyətin və itkilərin hesabını Sərkisyandan soruşacaqlar. Onlara elə bu cür fürsət lazım idi”.
Şəymən