“Müxtəlif şayiə və təxribat xarakterli təhrikedici proseslər var”
"Azərbaycanın sorğusuna cavab veriləcəyini düşünürəm. Əks halda, iki dövlət arasında münasibətlər zərər görər. Bu isə regionun təhlükəsizliyinə əlavə təhdid imkanları yarada bilər. Birmənalı şəkildə Gürcüstan tərəfinin qərarını yanlış, özümüzü isə haqlı hesab edirik. Hələlik hüququn imkan verdiyi imkanlardan yararlanırıq. Bu prosesi davam etdirəcəyik. Bunun alternativi də yoxdur”.
Bu sözləri özünün və müavininin Gürcüstana buraxılmaması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Gürcüstanın Azərbaycandakı səfirliyinə ünvanladığı "nota”dan heç bir gözləntisi olmadığını deyən "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib.
Üzərinə çox ciddi məsuliyyət yükü qoyulduğunun fərqində olan "Borçalı” sədri indiki situasiyada emosional, təxribatçı, vəziyyəti gərginləşdirəcək addımları doğru hesab etmədiyini deyib: "Beynəlxalq hüququn və qanunvericiliyimiz çərçivəsində hüququmuzun təmin olunmasına çalışacağıq və inanıram ki, buna nail olacağıq. Proseslər sürətlə inkişaf edir. Müxtəlif şayiə və təxribat xarakterli təhrikedici proseslər də var. İmkandan istifadə edərək soydaşlarımıza müraciət edirəm ki, əmin olsunlar ki, biz haqlıyıq və Azərbaycan və Gürcüstan cəmiyyətinin əhəmiyyətli hissəsi bizim haqq mübarizəmizə dəstəkdirlər. Onları hər hansı təxribata uymadan Gürcüstan dövlətçiliyi və Azərbaycan-Gürcüstan-Türkiyə dostluğuna dəstək verməyə, dostluq və qardaşlıq, sülh və barış xəttini ardıcıl davam etdirməyə dəvət edirəm. Baş verən prosesi şəxsimə, soydaşlarımıza, Azərbaycana müəyyən mənada həqarətli yanaşmanın təzahürü kimi dəyərləndiririk. Gürcüstanın sağlam iradəsinin qalib olacağına inamlıyam”.
Qeyd edək ki, ötən həftə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən, idarə rəisi Mehriban Nəcəfovanın imzası ilə "Borçalı” İctimai Cəmiyyətinə 17.12.2014 tarixində imzalanmış, 4/15-6540/15/14 saylı məktub daxil olub. Məktubda "Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin və sədr müavini Salman Murğuzovun Gürcüstana girişinə qadağa qoyulması ilə bağlı Xarici işlər nazirinin Gürcüstanın Azərbaycandakı səfirliyinə müvafiq NOTA verdiyi bildirilir.
Şəymən