Cəzaçəkmə müəssisələrinin bir hissəsi 19-cu əsrdən qalan binalardır

Ona görə də şəhərin mərkəzindəki həbsxanalar kənara köçürülməlidir


Cəzaçəkmə müəssisələrinin paytaxtdan kənara köçürülməsi məsələsi gündəmdədir. Paytaxtda bir dənə də cəzaçəkmə müəssisəsi qalmayacaq deyən Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sözlərinə görə, dünyanın heç bir dövlətində cəzaçəkmə sisteminə Azərbaycandakı kimi yüksək səviyyədə diqqət yoxdur.

Xidmət rəisi bildirib ki, bu da vətənimizdə gedən quruculuq işlərinin, inkişafın nəticəsidir. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində yeni cəzaçəkmə müəssisələrinin tikintisi üçün maddi vəsait ayrılıb. 10 cəzaçəkmə müəssisəsindən 3-ü artıq inşa edilərək istifadəyə verilib, digər 7-si isə tikilmək üzrədir. Biz çalışacağıq ki, Bakı şəhərinin mərkəzində yerləşən bütün cəzaçəkmə müəssisələrini şəhərdən kənara çıxaraq.

Prosesin nə vaxta başa çatacağına gəldikdə isə M.Quliyev bunun maliyyələşmədən asılı olduğunu deyib. O, təxminən 1 ilə Lənkəranda inşa edilən cəzaçəkmə müəssisəsinin qısa zamanda istifadəyə veriləcəyini də vurğulayıb. Onun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda Qadın və Tərbiyə müəssisələri köçürüləcək. Bu məqsədlə paytaxtın Sabunçu rayonunda tikinti işləri aparılır. 5 il ərzində onların hamısı mərhələlərlə şəhərdən kənara köçürüləcək.

Azərbaycanda yeni tipli cəzaçəkmə müəssisələrinin inşasının təqdirəlayiq hal olduğunu deyən Konstitutsiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyevin 2009-2013-cü illərdə Azərbaycanda ədliyyə orqanlarının inkişafı ilə bağlı qəbul olunan fəaliyyət planı çərçivəsində bu cür tədbirlərin davam etdiyini bildirib: "Plana daxil olan maddələrdən biri də Penitensiar Xidmətin modernləşdirilməsi məsələsidir ki, bura da yenitipli cəzaçəkmə müəssisələrinin tikilməsi daxildir. Çünki mövcud cəzaçəkmə müəssisələrinin bir hissəsi ötən əsrin ortalarında tikilib, bir hissəsi isə ümumiyyətlə 19-cu əsrdən qalan binalardır. Onu da deyim ki, vaxtı ilə bu müəssisələrin tikilməsi zamanı cəzaçəkmə müəssisələrinin spesifik təyinatına uyğun tikilməsi ilə bağlı yanaşmalarda çox böyük xətalara yol verilib. Bəzi hallarda isə təyinatına uyğun olmayan binalar cəzaçəkmə müəssisəsi kimi istifadəyə verilib. Binaların köhnə, standartlara uyğun olmaması yeni penitensiar qaydaların müəyyənləşdirilməsi, Avropa standartlarına uyğun qaydalarla mövcud cəzaçəkmə müəssisələri ziddiyyət təşkil etdiyi üçün ölkə başçısı tərəfindən ədliyyə orqanlarının inkişafı ilə bağlı dövlət proqramı qəbul olundu və orada müasir standartlara uyğun təcridxanaların tikilməsi nəzərə alınıb. Bu gün Azərbaycan qanunvericiliyinə görə, hər məhkuma 4 kvadrat metrdən az olmayan sahə düşməlidir. Ancaq yeni tikilən cəzaçəkmə müəssisələrində bu rəqəm Avropa standartlarına uyğun olaraq 7 kvadrat metrə qədərdir. Hətta kişi və qadınlar üçün fərqli standartlar müəyyənləşdirilib. Hazırda yeni istifadəyə verilən təcridxanalardan biri olan Şəki cəzaçəkmə müəssisəsində ətraf rayonlardan və azadlıqdan məhrum edilən şəxslər cəzaçəkməyə başlayıb. Eyni zamanda, həmin təcridxana ilə yanaşı, yeni tipli İstintaq Təcridxanası da istifadəyə verilib. Bu da çox təqdirəlayiqdir. Çünki istintaq təcridxanasının olmaması təqsirləndirilən şəxslərin uzun müddət müvəqqəti saxlanma yerlərində saxlanması ilə nəticələnirdi ki, bu da onların hüquqlarının pozulmasını şərtləndirən amillərdəni biridir”. Konkret olaraq cəzaçəkmə müəssisələrinin paytaxtdan kənara köçürülməsi məsələsinə gəldikdə isə Ə.Nuriyev də Mədət Quliyevin sözünə istinadən hazırda Gəncə, Kürdəmir və Lənkəran şəhərlərində yeni tipli cəzaçəkmə müəssisələrinin tikildiyini deyib. Gələcəkdə bütün cəzaçəkmə müəssisələrinin paytaxtdan çıxarılacağını vurğulayan Fond rəhbərinin sözlərinə görə, təcridxanaların şəhərin mərkəzində yerləşməsi nəqliyyat sıxlığına gətirib çıxarır: "Dünya təcrübəsi də göstərir ki, cəzaçəkmə müəssisələrinin şəhərkənarı ərazilərdə olması daha məqsədəuyğundur. Bir şərtlə ki, həmin ərazilərdə kommunikasiya xətləri və təcridxana ilə rahat əlaqə saxlamaq üçün infrastruktur əlverişli olsun. Bu baxımdan yeni başlanan bu proses alqışalayiqdir. Onu da deyim ki, gələcəkdə Qobustan təcridxanasının da köçürülməsi gözləniləndir. Həmin cəzaçəkmə müəssisəsi Qobustan qoruğunda yerləşdiyi üçün ora əlverişli ərazi deyil. Güman edirəm ki, "Qobustan”ı əvəzləyəcək cəzaçəkmə müəssisəsinin tikinti prosesləri bu ilin sonuna qədər başa çatacaq. Qadınlar və uşaqlar üçün də yeni tipli cəzaçəkmə müəssisələri inşa olunur. Bunun da səbəbi həmin təcridxanalarda həddindən artıq sıxlığın olmasıdır. Bu da təqdir olunmalıdır. Çünki cəzaçəkmə müəssisələrinə düşən insanların hər biri hansısa xəta üzündən cinayət əməlinə yol verib və buna görə də azadlıqdan məhrum olunublar. Bu o demək deyil ki, məhkumdur deyə, həmin insanlar atılmışlardır. Onlara təcridxanalarda normal yaşayış üçün şərait yaradılmalıdır, əmək şəraiti olmalı, tibbi-sanitar qaydalara əməl olunmalıdır. Çünki məhkumlar yalnız azadlıqdan məhrum edilib. Qalan bütün hüquqları onların özündədir. Bu mənada Azərbaycan cəzaçəkmə müəssisələrində məhkumlar üçün elə şərait yaradılmalıdır ki, məhkumları asanlıqla islah etmək mümkün olsun. Bir də məhkumların regionlardakı cəzaçəkmə müəssisələrində yerləşdirilməsi bilavasitə onların öz ailələri ilə müntəzəm əlaqə saxlaması üçün də əlverişlidir ki, bu da əlavə xərclərin azalmasına gətirib çıxaracaq”.

Şəymən