Cəzaların tətbiq edilməsi effektli olmayacaq
Amma televiziyalarda mütləq ləhcə ilə danışmaq, dialekt sözlər işlətmək yığışdırılmalıdır
Efirdə, radio dalğalarında ədəbi dil normalarının pozulması son illər intensiv xarakter almaqdadı. Hazırda çap mediası ədəbi dil normalarına riayət edilən bəlkə də yeganə kütləvi informasiya vasitəsidir. Çünki çap mediası istər informasiya, istər müəllif məqalələri, publisistik yazılar, istərsə də analizləri ədəbi dil normaları çərçivəsində təqdim etmək vəzifəsi daşıyır. Hansısa mətbu orqanda dialekt sözlərə, şivə dili ilə yazı üslubuna rast gəlmək mümkün deyil. Bəzi müsahibələr xaric. Bu da müsahibdən və müsahibəni hazırlayanın istəyindən asılıdır.
Jurnalist müsahibəni özünküləşdirmək, müsahibin danışıq tərzini saxlamaq istəyirsə, dil üslubuna toxunmaya da bilər. Bu, heç bir halda, müsahibənin əhəmiyyətini və dəyərini azaltmır, əksinə, ona əlavə şirinlik, oxunaqlılıq qatır. Lakin çap mediasında, elektron vasitələrdə yayılan müsahibələri efir danışıq dili ilə qarışıq salmaq olmaz. Bir var, hansısa proqrama dəvət edilən qonağın danışıq tərzi, bir də var aparıcının, diktorun danışığı. Qonaq istədiyi formada, istədiyi üslubda danışmaqda sərbəstdir. Aparıcı ondan tələb edə bilməz ki, "belə yox, elə danış” və s. Amma hər bir aparıcı, efirdə minlərlə izləyici qarşısına çıxan telejurnalist danışığında ədəbi dil normalarına riayət etməlidir.
Qeyd edək ki, ədəbi dil normalarının pozulması problemi bu günlərdə dövlət səviyyəsində müzakirəyə çıxarılmışdı. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda keçirilmiş "Azərbaycanda ədəbi dilin qorunmasında və inkişafında KİV-in rolu” adlı konfransda mövzu ətrafında xeyli maraqlı çıxışlar oldu, rəylər bildirildi.
"Mətbuatın dili çevikdir”
Sözügedən tədbirdə geniş məruzə ilə çıxış edən Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov yazılı mətbuatda dil, üslub səhvlərinə nadir hallarda rast gəlindiyini bildirdi, nöqsanlara əsasən teleradio sahəsində yol verildiyini bildirdi:
- Konfrans olduqca aktual mövzuya həsr edilmişdi və mən bu konfransın KİV-də dövlət dilinin tətbiqi işinin inkişafına mühüm töhfə verəcəyinə də əminəm. Konfransda da qeyd etmişdim ki, Azərbaycan dilinin normaları, ilk növbədə, bədii üslub, yazıçı dili hesabına formalaşıb. Bu, təxminən min illik tarixin yekunudur. Amma bu gün tam aydınlığı ilə görürük ki, müasir Azərbaycan ədəbi dilinin normalarını, onun inkişaf səviyyəsini, üslubi imkanlarını publisistika müəyyənləşdirir. Bu gün Azərbaycan ədəbi dili nə yazıçı dilinin, nə də elmi dilin hesabına inkişaf edir. Bu gün, xüsusilə müstəqillik illərində, XX əsrin sonlarından başlayaraq, publisistika - kütləvi informasiya vasitələrinin dili Azərbaycan dilinin inkişaf sürətini və keyfiyyətini müəyyənləşdirir. Burada işin mürəkkəb tərəfi odur ki, yazıçı dili - bədii üslub və alimlərin dili - elmi üslub son dərəcə dar bir dairədə kifayət qədər güclü peşəkarların ixtiyarındadır. Yəni, nə bədii və nə də elmi üslubda ciddi səhvlər ola bilməz. Azərbaycanda əsasən publisistik üslub səhvləri müşahidə edilir. Bunların arasında fonetik səhvlər daha çoxdur. Bu, onunla bağlıdır ki, Azərbaycan ədəbi dilinin şifahi üslubunun tarixi qədim deyil. Yəni, bizdə teatrın meydana çıxması, şifahi dil yaradıcılığının meydanının o qədər geniş olmaması və dialekt variantlarının çox olmasıdır. Bütün bunlar ona gətirib çıxarıb ki, bu gün bizim şifahi ədəbi dilimizdə problemlər var. Azərbaycanda şifahi ədəbi dilin normaları, orfoepiya normaları olduqca dəqiqdir. Azərbaycanda savadlılıq səviyyəsi yüksəkdir. Ölkəmizdə şifahi dil yazılı dilə güclü təsir edir. Əgər Azərbaycan mətbuatında peşəkarların yazılarını oxusaq, görərik ki, ötən əsrin son onilliklərində olan klassik normativlik, yazı normativliyi yoxdur. Bunun əvəzində daha çevik dil var. Ona görə ki, bu gün yazılı mətbuatımızda reportaj üslubu çox güclüdür. Bu baxımdan şifahi dilin təsiri olacaq və yazılı mətbuatı bundan qorumaq da lazım deyil. Bununla yanaşı, düzgün yazmaq problemi qalır. Yol verilən nöqsanlar əsasən sözlərin düzgün yazılışı ilə bağlıdır. Azərbaycanda yazılı mətbuatın səviyyəsi kifayət qədər yüksəkdir. Teleradio məkanında isə ədəbi dil normaları əsasən aparıcılar və diktorlar tərəfindən pozulur. Bunun bir səbəbi də bəzi teleradio proqramlarının aparıcılarının əsasən incəsənət xadimləri olmasındadır. Azərbaycan dili xalqımızın varlığının və milli dövlətçiliyimizin rəmzidir. Odur ki, ədəbi dilimizin qorunması da vacibdir. Azərbaycan dili kifayət qədər zəngin dildir və onun imkanları da olduqca genişdir. Alınma, dilimizə başqa dillərdən keçmiş sözlərdən yeri gəldikcə istifadə etməyə heç kim irad tuta bilməz. Amma əcnəbi sözləri, dilimizdə çox dəqiq, gözəl səslənən qarşılığı olan kəlmələr əvəzinə yeri gəldi, gəlmədi əcnəbi sözlərdən istifadə etmək, əlbəttə, nə Azərbaycan xalqına, nə də zəngin dilimizə yaraşır. Hansısa terminləri, son illər ictimailəşmiş beynəlxalq sözləri əlbəttə, işlətmək olar. Amma yenə də deyirəm ki, zərurət olduqda, bu sözlərə müraciət edilməlidir. Yoxsa, kimsə özünü daha ağıllı, Avropa məkanına daha çox inteqrasiya olunmuş kimi göstərmək istəyib lüzumsuz yerə əcnəbi ifadələr işlədirsə, bu, dilimizə hörmətsizlik sayılır.
Bəzən aparıcılar, jurnalistlər elə cümlə qururlar ki, onları başa düşmək mümkün olmur
Teleradio verilişlərində rast gəlinən dil qüsurları ilə bağlı "Şərq”ə danışan dilçi alim, filologiya elmləri doktoru, professor Bilal İsmayılov problemin yaranma səbəbləri, eyni zamanda bundan çıxış yollarını göstərdi:
- Bu sahədə çalışanların danışıq dili ilə bağlı müzakirələr illərdir aparılır. Müxtəlif vaxtlarda problemin qarşısını almaq üçün bir çox dəyərli təkliflər və məlumatlar toplusu da hazırlanıb. Belə güman edirəm ki, televiziya və radio aparıcılarının ədəbi dil normalarına riayət etməsi, səlis, məntiqli danışıq dilinə yiyələnməsi maarifləndirmə ilə mənimsənilməlidir. Bəzən aparıcılar, jurnalistlər elə cümlə qururlar ki, onları başa düşmək mümkün olmur. Bu, yalnız televiziyalara deyil, ümumən KİV nümayəndələrinə aiddir. Bir neçə il əvvəl bu barədə müzakirələr zamanı belə halların qarşısının alınması mütləq məqsəd kimi qarşıya qoyuldu. Bunun üçün jurnalistlər və işçilərlə bərabər əsas müəssisənin, televiziyanın rəhbərləri prosesə cəlb edilməlidir. Ana dilinin təbliğatı ən yüksək səviyyədə aparılmalıdır.
Qəzet, jurnal, xəbər portalları və televiziyalar tək bir regiona, bölgəyə aid deyil. Hər kəs mətbuatla maraqlanır, oxuyur. Televiziya verilişlərinə hamı baxır. Ona görə, televiziyada ləhcə ilə danışmaq, dialekt sözlər işlətmək yığışdırılmalıdır. Efirdə məişət dilində, Azərbaycan dilinin qanunlarından kənar formada danışmaq olmaz. Məqsədimiz cəmiyyəti Azərbaycan dilinin qanunlarına uyğun, düzgün şəkildə danışmağa çağırmaqdır. Bu təbliğatı isə zor gücü ilə apara bilmərik. Maarifləndirməklə aparıcıları, diktorları düzgün danışıq dilinə yiyələndirə biləriksə, niyə cəza tətbiq edək?
"Cəzalarla vəziyyəti düzəltmək olmaz”
B.İsmayılov ən çox rast gəlinən dil qüsurları barədə də fikrini bildirib:
- Son vaxtlar efirlərdə fikrini ifadə edə bilməyən aparıcılar yerli-yersiz cümlə tərkiblərindən istifadə edir. Azərbaycan dilində məsdər, feli sifət, feli bağlama tərkibləri var. Bunlardan istifadə edərək, fikrimizi daha aydın, səlis çatdıra bilərik. Bəzən görürsən, 7-10 yaşında uşaqlar bu tərkiblərdən elə gözəl istifadə edir ki, heyran qalırsan. Uşaqların nitqində bu, çox gözəl alınır. Əksinə, bəzən böyük, yaşlı insanlar nitqlərini düzgün qura bilmir, çox bərbad vəziyyətdə danışırlar. Təəssüf ki, onların nitqini 7 yaşlı orta məktəb şagirdinin nitqi ilə belə müqayisə etmək olmaz. Bu, onunla əlaqədardır ki, əksəriyyət Azərbaycan deyil, rus təhsillidir. Beləliklə, rus dilinin təsiri altında sözləri harada və necə gəldi istifadə edir. Bəzən, mübtədanı cümlənin sonunda işlədir, söz sırasını pozurlar. Bu cür söz sırasının pozulması bədii ədəbiyyatda istifadə edilə bilər, lakin belə hallar televiziya danışığında, aparıcının nitqində yolverilməzdir.
Mən televiziya və radiolarda dil qüsurlarının aradan qaldırılması üçün cəzaların tətbiq edilməsini o qədər də effektli hesab etmirəm. Dil məsələsini cəzalarla, cərimələrlə düzəltmək çətin məsələdir. Həmin televiziya və radio rəhbərlərinin, jurnalistlərin də nəzərinə çatdırmaq lazımdır ki, dil normalarından kənara çıxmaq olmaz. Efirdə olarkən hər kəs dil qaydalarına riayət etməlidir.
Bəzən görürük ki, qəzet, jurnal, sayt, televiziya rəhbərlərinə bu barədə irad tutulur, lakin onlar eyni səhvləri yenə təkrar edirlər. Bir növ "bu qulaqdan alıb, o birindən ötürürlər. Bu zaman sözsüz ki, cəzalandırmaya ehtiyac yaranır. Əgər hansısa media qurumuna bir neçə dəfə xəbərdarlıq edilir, lakin vəziyyət dəyişmirsə, bunun qarşısını almaq üçün mütləq tədbir görülməlidir.
Bir neçə il əvvəl televiziyaların tərkibində Dil Şuraları yaradılmışdı. Bu, müsbət addım idi. Hər bir məqalə, dərc olunacaq material o Şuralardan keçdikdən sonra ictimaiyyətə çatdırıla bilərdi. Həmin Şuralar normal fəaliyyət göstərsəydi, dil qüsurlarının aradan qaldırılması asanlaşardı.
Yenidən bu istiqamətdə tədbirlər görüb, elə televiziyaların öz daxilində önləyici addımlar atmaq olar.
Dil məsələsində ən çox maarifləndirməni əsas götürmək lazımdır. Cəmiyyətdə elə insanlar var ki, qəzet və televiziya dilini təqlid edir, bu şəkildə danışmaq istəyir. Medianın dili düzgün olmalıdır ki, insanlar nümunə götürsün. Televiziyalarda aparıcıların düzgün nitqi olmasa, bu, cəmiyyətə də mənfi təsir edəcək. Əhali düşünər ki, əgər aparıcı belə danışırsa, deməli, bu, düzgündür, biz də onu təkrarlayaq. Televiziya və radiolar ədəbi dilin formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Onlar səhvə yol verməməlidir.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb