Məmməd Zeynalov: “Bacı-qardaş, ər-arvad, ümumiyyətlə, ailə üzvlərinin, yaxın qohumların birlikdə cinayət əməli törətməsinin səbəbi başqalarına etibar etməmək də ola bilər”İlqar Altay: “Elə məhbus tanıyıram ki, ata və oğul birlikdə bir neçə nəfəri qətlə yetiriblər, bir kamerada da qalırlar”
"Bəlkə düşünürlər ki, yad adamla oğurluğa gedincə, elə özümkü ilə gedim. Tutulanda bəlkə məni satmaz”
Ailəvi oğurluq hallarının sayı artır. Nədənsə, cinayətə meyillənənlər, ortaq qismində doğmalarını, qohumlarını seçirlər. Bir neçə gün öncə paytaxtda oğurluq etmiş şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin xəbərinə görə, Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Natəvan Nağıyevanın evindən 4000 manat pul və 8000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Rəvanə Dadaşova, əvvəllər məhkum olunmuş qardaşı Vüsal və bacısı Əfsanə tutulub.
Oxşar cinayət hadisələri əvvəllər də baş verib. Gürcüstan vətəndaşları Ramil Bayramov və həyat yoldaşı Larisa Acalova bir neçə nəfərin evindən oğurluq etdikləri üçün tutulmuşdular. Hətta qayınana və gəlinlər birgə soyğunçuluq da etmişdilər. Məlum olmuşdu ki, paytaxtda 100 saylı marşrut xəttində bir qadının pul kisəsini oğurlamaqda şübhəli bilinən şəxslər qayınana və 2 gəlinidir.
Bu insanları ailəvi oğurluq və ya soyğunçuluğa vadar edən hansı səbəblərdir? Cinayətkarlar niyə əməllərinə doğmaları və yaxınlarını ortaq edir?
Penitensiar Xidmətin sabiq rəisi, Məhbuslara Huquqi Yardım Assosiasiyasının sədri Məmməd Zeynalov "Şərq”ə açıqlamasında cinayətkarların müxtəlif üsullar və yollardan istifadə etdiklərini bildirdi:
- Cinayət etməyi düşünən həmişə ən müxtəlif üsullardan istifadə edir. Bir var, illərlə oğurluqla, soyğunçuluqla məşğul olan "professionallar”, mütəşəkkil cinayətkar dəstələr, bir də var, ehtiyac üzündən, üzləşdiyi hansısa problemi, maddi sıxıntını həll edə bilmədiyindən xırda oğurluğa, soyğunçuluğa əl atanlar. Bəzən insanları oğurluğa ehtiyac vadar edir. Nə yolla olursa-olsun pul əldə etməyə çalışırlar. Və bu da həyatları, azadlıqları bahasına başa gəlir. Bacı və qardaş oğurluq edibsə, ola bilsin, hansısa digərini buna təhrik edib. Ya bacı qardaşı yoldan çıxarıb, ya da qardaş bacını. Bacı-qardaş, ər-arvad, ümumiyyətlə, ailə üzvlərinin, yaxın qohumların birlikdə cinayət əməli törətməsinin səbəbi başqalarına etibar etməmək də ola bilər. Bəlkə düşünürlər ki, yad adamla oğurluğa gedincə, elə özümkü ilə gedim. Tutulanda bəlkə məni satmaz. Bu, başqa adama etibarsızlıqdan da irəli gələ bilər, həm də burada psixoloji amil də rol oynayır. İnsanlar bəzən yanlışlıqla belə zənn edirlər ki, doğma, yaxın adamı ilə oğurluğa getmək daha "münasibdir”. Burada ailənin üzləşdiyi problemi birgə həll etmək cəhdi də var. Ailə üzvləri maddi sıxıntı ilə qarşılaşır, ailədə hamı eyni ağır vəziyyətdə olur və belə halda birgə hərəkət etmək qərarına gəlirlər. Yad adamı öz içlərinə qatmaq istəmirlər.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay hesab edir ki, ailə üzvlərinin cinayət əməlində birgə iştirakı həmin insanların eyni düşüncə, eyni dünyagörüşünə sahib olmasından irəli gəlir:
- Elə məhbus tanıyıram ki, ata və oğul birlikdə bir neçə nəfəri qətlə yetiriblər, bir kamerada da qalırlar. Cinayətə gedən həmişə özünə həmfikir adam axtarır. İnsanlar yalnız eyni düşüncəyə sahib, eyni yolun yolçusu olduqda birləşirlər. Biri-birlərinə uyğun insanları tapır və birgə hərəkət edirlər. İstənilən cinayət hadisəsi cinayətə meyillilik və ortaq baxışdan irəli gəlir. Ailə üzvlərinin birlikdə cinayət törətməsi də belədir. Ailə üzvləri daha sıx ünsiyyətdədirlər. Biri-biri ilə dil tapırlar. Biri-birinə bələddirlər, tanıyırlar. Bilirlər ki, məsələn, qardaşına, ya bacısına bu işi desə, onunla gedər, ya getməz. İstənilən halda birgə cinayət əməli törədənlər eyni xasiyyətli adamlardır.
İ.Altay "ailə cinayətləri”nin adətən qaraçılar arasında geniş yayıldığını bildirdi:
- Məlumdur ki, qaraçılar adətən birgə hərəkət edir. Qaraçılar dar cəmiyyətdir və hamısı da eyni məqsədə xidmət edir; işləməmək, amma qazanmaq. Bunun üçün də gah dilənirlər, gah dələduzluq edirlər, gah da oğurluq. Amma Azərbaycan cəmiyyəti üçün ailə üzvlərinin iştirakı ilə cinayətlər xarakterik deyil. Belə cinayətlər az-az edilir, amma təəssüf ki, edilir. Maddi sıxıntıya görə cinayətə əl atmaq heç vaxt əsaslı səbəb sayıla bilməz. İnsanlar var ki, ömrü boyu maddi sıxıntı içində yaşayır, amma kiminsə evinə girib soyğunçuluq, oğurluq etməyi heç vaxt ağlından belə keçirmir. Oğurluq da, soyğunçuluq da, hər bir insanın daxili vəziyyətindən, fikir və düşüncə tərzinə bağlıdır. Bilməlisiniz ki, cinayət əməli törətmək hər adamın işi deyil. Cinayət səddini aşmaq, o addımı atmaq hər adamın bacaracağı iş deyil. Bunlar insanın hansı mühitdən böyüməsi, ətrafı, çevrəsi, aldığı tərbiyə, onu əhatə edən insanların kimliyindən çox asılıdır.
Məlahət Rzayeva