Cozef Bayden Qarabağa görə prezidentlərə zəng vurdu

ABŞ-ın vitse-prezidenti dövlət başçıları ilə münaqişənin nizamlanmasının indiki mərhələsini müzakirə edib



Mayın 20-də Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişaf dinamikası müzakirə olunub. Prezident İlham Əliyev bu il mart ayının sonlarında Vaşinqtonda Co Bayden ilə keçirdiyi görüşü məmnunluqla xatırladıb. Dövlət başçısı və ABŞ-ın vitse-prezidenti həmin görüş zamanı səmərəli müzakirələrin aparıldığını vurğulayıblar. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib. Söhbət zamanı uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ-ın vitse-prezidenti Cozef Bayden Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının indiki mərhələsini müzakirə etmək üçün dünən Ermənistan prezidenti Serj Sərkisyana da zəng vurub. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər Vyanada ATƏT həmsədri olan ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların "hərtərəfli və produktiv şəkildə həyata keçirilməsinin vacibliyini” qeyd ediblər. Tərəflər həmçinin bu məsələdə həmrəy olduqlarını bildiriblər ki, münaqişənin həlli ancaq dinc yolla mümkündür. Cozef Bayden aprelin əvvəllərində Qarabağda döyüşlər başlayanda tərəfləri hərbi əməliyyatların dayandırılmasına çağırmaq üçün İlham Əliyevlə və Serj Sərkisyanla telefon danışıqları aparıb.