"Şərq” qəzeti kollektivi Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması barədə sərəncamına əsasən, "Cümhuriyyət ili” çərçivəsində yeni layihəyə başlayıb. "Cümhuriyyətçi jurnalistlər” layihəsində AXC-nin qurucularından olan jurnalistlərin anılması nəzərdə tutulub. Qəzetin baş redaktoru Akif Aşırlı bildirib ki, layihə çərçivəsində "Şərq” qəzetində cümhuriyyətçi jurnalistlər, onların fəaliyyəti, Cümhuriyyət tarixinə verdiyi töhfələrdən bəhs edən araşdırma yazılar hazırlanıb, dərc ediləcək:

"Məqsədimiz həmin şəxsiyyətlərin irsinin daha əhatəli şəkildə öyrənilməsi və təbliğidir. İşıq üzü görəcək məqalələrin may ayının 28-nə - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə qədər kitab halında dərc edilməsinə çalışacağıq. Bundan başqa, "Cümhuriyyət ili” çərçivəsində "Şərq”in kollektivi vaxtaşırı AXC dövründəki fəaliyyəti ilə seçilən şəxsiyyətlərin məzarlarını ziyarət edəcək. Həmçinin, Cümhuriyyətçi jurnalistlərin varisləri ilə görüşlər təşkil ediləcək.
Həmin böyük şəxsiyyətlər olmasa idi, Azərbaycan olmazdı. Həmin insanların qoyduğu irs sayəsində bu gün Azərbaycan jurnalistikası güclü inkişaf yolu keçir. Azərbaycan məsələsinin beynəlxalq aləmə çatdırılması məhz bu jurnalistlərin sayəsində mümkün olub. Ona görə, cümhuriyyətçi şəxsiyyətlərinə Allahdan rəhmət diləyirik, ruhları şad olsun!”
Layihənin mahiyyətinə müvafiq olaraq redaksiya heyəti Azərbaycan Fəxri Xiyabanında dəfn olunan Cümhuriyyətçi jurnalistlərin məzarlarını ziyarət edib. Sözləri ilə Şərqdə ilk demokratik Respublika formalaşdıran şəxsiyyətlərin məzarı önünə qərənfillər düzülüb. Prezident İ.Əliyevin bu ilin "Cümhuriyyət ili” elan olunması ilə bağlı verdiyi sərəncamı müsbət qiymətləndirən A.Aşırlı hər bir mərhum dühamızın həyat və yaradıcılığı, keçdiyi tarixi, siyasi yollar barədə ətraflı məlumat verib.Fəxri Xiyabana ziyarət çərçivəsində ilk olaraq, Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabinin məzarına baş çəkilib. A.Aşırlı "Əkinçi” qəzetinin və H.Zərdabi irsinin Azərbaycan mətbuat tarixi üçün önəmini vurğulayıb:
"Həsən bəy Zərdabi azad sözün, azad fikrin simvoludur. Azərbaycançılığın və milli şüurun oyanışında böyük xidmətlər göstərib. Azərbaycan Xalq Cümhuriyyətinə gedən yol Həsən bəy Zərdabi irsindən başlayır”.
AXC-nin aparıcı mətbuat orqanı olan "Azərbaycan” qəzetinə 1919-1920-ci illərdə redaktorluq edən dahi Üzeyir bəy Hacıbəylinin məzarı da ziyarət olunub. A. Aşırlı qeyd edib ki, istiqlal mətbuatının ideologiyasının əsasını formalaşdıran bu unikal insan milli mətbuatın əsas sütunlarından biridir:"Üzeyir bəy Hacıbəyli Şuşa şəhərində anadan olub, Şuşa isə işğal altındadır. Üzeyir bəyi anmaq itirilmiş torpaqlarımızı, düşmən tapdağında olan Şuşanı anmaq deməkdir. Ü. Hacıbəylinin yazılarının əksəriyyəti Qarabağla bağlıdır. Azərbaycanda ermənilərin törətdikləri qətliamlara, Avropada yaydıqları yalançı təbliğata, hay-küyə məhz Üzeyir Hacıbəyli tutarlı cavab verib. Bu baxımdan Üzeyir bəy böyük dahidir və Azərbaycan jurnalistikasının sütunlarından ən möhtəşəmidir”.
A.Aşırlı deyib ki, Hacıbəylilər çox unikal nəsildir. Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli və Zülfüqar Hacıbəyli qardaşlarının Azərbaycan üçün gördükləri tarixi işlər yüksək qiymətləndirilməlidir:"Məzarı qardaşı Üzeyir bəyin yanında olan Zülfüqar bəy Hacıbəyli də yad olunub, məzarı üzərinə qərənfillər düzülüb. "Övraqi-nəfisə” kimi mədəniyyət, sənət məcmuəsinin 1919-cu ildən nəşr edən Z. Hacıbəyli Azərbaycan mətbuat tarixində özünəməxsus xidmətləri ilə yaddaşda qalıb”.
Daha sonra Cəfər Cabbarlının məzarı ziyarət olunub. 1918-1920-ci illərdə Müsavat partiyasının fəalı kimi həm siyasi işlərə qatılan C. Cabbarlının publisistikasında, şeirlərində istiqlal motivləri aparıcı xətt təşkil edir. C. Cabbarlı həm də Cümhuriyyət parlamentində stenoqrafçı kimi də çalışıb. "Bakı müharibəsi”, "Ədirnə fəthi” kimi əsərlər yaradıb. 1920-ci ildə bolşevik işğalından sonra Müsavat partiyanın gizli Bakı komitəsinə rəhbərlik edib. Onun evində qərarlar qəbul olunub.
A.Aşırlı böyük yazıçı Əbdürrəhim bəy Haqverdiyevin də Cümhuriyyətçi jurnalistlər nəslinə aid olduğunu qeyd edib. Bildirib ki, Ə. Haqverdiyev Cümhuriyyətin İrəvana göndərdiyi ilk səfirlərdəndir.Abdulla Şaiqin məzarı önünə də qərənfil dəstələri düzülüb. A. Aşırlı söyləyib ki, A. Şaiq qardaşı Yusif Ziya Talıbzadə ilə birlikdə Azərbaycanın istiqlal savaşında öndə gedən ziyalılardandır. Qardaşı ilə birlikdə türkçülük hərəkatının Azərbaycanda öncüllərindən olub. A. Şaiq Cümhuriyyət ideologiyasını formalaşdıran. "Açıq söz” qəzetinin yaradıcı heyətinə daxildir. M. Ə. Rəsulzadə ilə birlikdə Çox böyük işlər görüb. M. Ə. Rəsulzadənin baş redaktoru olduğu "Açıq söz” qəzetinin Ədəbiyyat bölümünü o hazırlayıb. Qafqaz İslam Ordusu Bakını 1918-ci ilin sentyabrın 15-də azad edəndən sonra "Neyçün böyle gecikdin” adlı şeirini yazıb, çap etdirib. Arazdan Turana qədər milli hiss və duyğuları romantikcəsinə tərənnüm edən A. Şaiq Azərbaycanın sovetlər dönəmində böyük təzyiqlərə məruz qalıb.
Əzim Əzimzadənin məzarı da ziyarət olunub. "Molla Nəsirəddin”çi jurnalistika məktəbinin ən böyük nümayəndələrindən olan Ə.Əzimzadə 1918-1920-ci illərdə müxtəlif satirik mətbuat orqanlarında istiqlalın düşmənlərini ciddi tənqid edib. 1919-cu ildə buraxılan "Zənbur” dərgisində onun bu yöndə fəaliyyəti yüksək qiymətləndirilməlidir.Cümhuriyyət dönəmində fəaliyyət göstərən jurnalistlərdən olan Əli Nəzminin məzarı da ziyarət olunub, qərənfil dəstələri düzülüb.
Fəxri Xiyaban ziyarətindən sonra redaksiya heyəti Novxanı kəndinə, Azərbaycan milli istiqlalının öncülü, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ideyasının müəllifi, böyük ideoloq Məhəmməd Əmin Rəsulzadənin doğulub, boya- başa çatdığı evə yollanıb. Hazırda uşaq bağçası kimi fəaliyyət göstərən evə baş çəkildikdən sonra M.Ə. Rəsulzadənin həmin evdən elədə uzaqda yerləşməyən abidəsi də ziyarət olunub. Onun abidəsi önünə gül dəstələri qoyulduqdan sonra A.Aşırlı çıxış edərək, M.Ə.Rəsulzadənin Azərbaycanın ictimai-siyasi fikir tarixində daim yaşayacağını söyləyib. Baş yazar qeyd edib ki, onun XX əsrin əvvəllərində Azərbaycan mətbuatının müstəqilliyi ilə bağlı verdiyi ideyalar bu gün də aktuallığını itirməyib:

"Məhəmməd Əmin Rəsulzadə sözdən Azərbaycan yaradan, bayraq ucaldan, müstəqil dövlət quran şəxsiyyət olub. Jurnalistlər üçün də ən önəmlisi odur ki, M.Ə. Rəsulzadə Azərbaycan mətbuatının da böyük nümayəndələrindən, öncül qələm sahiblərindən biridir. Onun ilk yazısı 1903-ci ildə "Şərqi-rus” qəzetində dərc olunub. Bundan sonra "İrşad”, "İqbal”, "Nicat” və digər qəzetlərdə çalışıb və müəyyən müddət "İrşad”da redaktorluq edib. 1911-ci ildə M.Ə.Rəsulzadə hətta İranda ilk avropasayağı "İrani-nur” qəzetini təsis edib. Bu İran demokratlarının mətbuat orqanı idi.
Türkiyədə yaşadığı dövrdə də böyük işlər görüb. Burada Türk ocaqlarında iştirak edib, yazıları "Türk yurdu” dərgisində nəşr edilib. O, Şeyx Cəmaləddin Əfqaninin "Milli Birlik” yazısını da farscadan türkcəyə çevirərək dərc edən şəxsiyyət olub.

M.Ə.Rəsulzadə 1913-cü ildə Azərbaycana qayıtdıqdan sonra "İqbal” qəzetini yaradıb. Həmin dövrdə həbs edilən Rəsulzadə azad edildikdən sonra "Açıq söz” qəzetini təsis edib. Bu qəzet Azərbaycan tarixində, Cümhuriyyətçilik ideyalarının formalaşmasında, təbliğində, jurnalist kadrların hazırlanmasında böyük xidmətlər göstərib. AXC-nin əsas kadr bazalarını "Açıq söz” qəzetinin yazarları formalaşdırıb. 1915-1918-ci illərdə bu qəzetdə Rəsulzadə redaktor olub. O hər nömrədə baş məqaləni yazıb, gündəmi formalaşdırıb.
M.Ə.Rəsulzadənin mübarizəsi tək Azərbaycanla məhdudlaşmayıb, müsəlman dünyasını əhatə edib. Qafqazda müsəlman qurultayının keçirilməsi, Rusiya müsəlmanları qurultayında iştirakı əhəmiyyət kəsb edir. Rusiya müsəlmanları əgər çar Rusiyası devrilərsə rsuiay müsəkmanları hansı dövlət formasını seçməlidir fikri üzərində müzakirələr aparılıb. Əhməd Salikovla Rəsulzadə arasında ciddi mübahisələr olub. Onların nəticəsində Rəsulzadənin cümhuriyyətçilik ideyaları, ərazi suverenliyi türk-müsəlman dünyasında əsas ideya kimi qəbul olunub.

1923-cü ildə Rəsulzadə Türkiyəyə mühacirət edəndən sonra orada "Yeni Qafqaziya” jurnalını dərc edib. Bir müddət işıq üzü görən jurnal Sovet Rusiyasının təzyiqi ilə sonra jurnal fəaliyyətini dayandırıb. Bundan sonra da Rəsulzadə mübarizəsindən dönməyib. "Azəri-Türk”, "Odlu yurd” "Bildiriş” kimi mətbu orqanları dərc etdirib. M. Ə. Rəsulzadə mühacirətdə olduğu müddətdə, ümumiyyətlə, bütün ömrü boyu yazıb, yaradıb. Qələmindən müstəqillik, istiqlal axan bu şəxsiyyət bütöv Azərbaycanın, türk dünyasının birliyində, məfkurəsinin formalaşmasında əvəzsiz xidmətləri var”.
Sonda A.Aşırlı vurğulayıb ki, "Şərq” qəzetinin başladığı "Cümhuriyyətçi jurnalistlər” layihəsi il boyu davam edəcək.