“Cümhuriyyətin yubileyi ilə bağlı vəsait xərcləməkdən çəkinməməliyik”

Tahir Kərimli: “Tək Türkiyədə deyil, Gürcüstanda, Fransada, digər Avropa ölkələrində dəfn olunmuş görkəmli şəxsiyyətlərimizin hamısının qəbirlərini Azərbaycana daşımalıyıq”
“Fikrimcə, AXC tarixi dövr olmaqla yanaşı, həm də siyasi məsələdir. Toplum cəm halda Cümhuriyyətin yubileyinə hazırlaşmalı və xalq öz keçmişi ilə qürur duymalıdır”



Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı müxtəlif təkliflər gündəmə gətirilir. Əksəriyyət hesab edir ki, Cümhuriyyət qurucuları üçün abidə, park, muzey yaradılmalı, filmlər çəkilməli, yeni elmi əsərlər yazılmalıdır. Lakin daha maraqlı və fərqli çağırışlar edənlər də var. Məsələn, ötən gün Vəhdət Partiyası Cümuriyyətin 100 illik yubileyi münasibəti ilə hər bir vətəndaşa 100 dollar ekvivalentində pul bağışlamasını təklif edib. Partiya rəsmiləri bildiriblər ki, Azərbaycanın strateji valyuta ehtiyatları, Norveç, Sinqapur və digər ölkələrdə analoji müsbət təcrübə nəzərə alaraq ölkə vətəndaşlarının hər birinə 100 dollar pul verilməsi mümkündür.

Onların fikrincə, bu hal mövcud imkanlar daxilindədir və xalqın rifah halına müsbət təsir edən amildir. Təklif dəstək qazansa da, reallaşmasının mümkünsüz olacağını iddia edənlər oldu. 

Xatırladaq ki, Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli tərəfindən bugünədək bir neçə təklif səsləndirilib. Bunu nəzərə alaraq, "Şərq”in "Cümhuriyyət 100” rubrikasını hörmətli deputatın fikirlərinə həsr etdik. AXC-nin yüzillik yubileyi ilə bağlı suallarımızı cavablandıran Tahir Kərimli bir çox məqama diqqət çəkdi...

- Tahir bəy, Cümhuriyyətin yubileyi bağlı vətəndaşlara 100 dollar verilməsi təklifi ümumi anlamda xoş qarşılansa da, indiki zamanda reallaşmasını mümkünsüz sayırlar. Hətta qeyri-real təklif kimi 
dəyərləndirirlər. Belə bir təklif haradan yarandı, niyə məhz 100 dollar?

- Əvvəlcə, bu cür həssas mövzuları daim gündəmdə saxladığı üçün "Şərq”ə təşəkkür edirəm. İndi keçək əsas məsələyə. 100 dollar təklifinin bir çox tərəfləri var. İlk növbədə simvolik mahiyyət daşıyır. Biz AXC-nin 100 illiyini qeyd edirik. Məbləğin məhz yüz dollar ekvivalentində götürülməsi bununla bağlıdır. Həm rəmzi, həm də məntiqi baxımdan yüz dollar düşünülmüş məbləğdir. Digər tərəfdən nəzərə alaq ki, Azərbaycanın valyuta ehtiyatları 44 milyard dolları aşıb. Bunun 1 milyard dollarını vətəndaşlara paylamaqla heç nə itirmərik. Təklifi reallaşdırmaq üçün imkanlarımız kifayət qədər çoxdur. Məncə, tam real təklifdir. Xatırladım ki, bu yaxınlarda Sinqapurda məhz bu cür addım atılıb. Hətta həmin ölkədə bir neçə dəfə vətəndaşlara pul paylanıb. Norveçdə də buna bənzər qərar verilib. Təbii ki, başqa xarakterli təkliflər də gündəmə gəlib. Məsələn, İtaliyada insanların teatrlara getməsi üçün adam başına 500 avro paylayıblar. 500 avro bizdə hardasa 1000 manat civarındadır. Yəni bu cür addımlar neft və qeyri-neft ölkələrində daim atılmaqdadır. Azərbaycanın maliyyə ehtiyatları buna imkan verir. 100 dollar məsələsinin həm də siyasi-mənəvi tərəfləri var. Bununla Cümhuriyyət banilərinə öz ehtiramımızın və sevgimizin dərəcəsini göstərə bilərik. Cəmiyyət bilər ki, təkcə Azərbaycan üçün yox, ümumilikdə türk və müsəlman dünyası üçün Cümhuriyyət dövrü nə qədər önəm kəsb edir. Həm də xalqın maddi rifahı, əhval-ruhiyyəsi güclənər. Bir ailədə 5 nəfər varsa, orta hesabla 500 dollar yardım alar və xeyli problemini həll edər. Mövcud imkanları nəzərə alaraq bunu demişəm və real olduğunu düşünürəm. Bu yaşımda populist çıxış etmək, təklif xatirinə təklif vermək niyyətim yoxdur. Parlamentə ayrılan vəsait 1 milyon 200 min manat artırılıb. Bir aylıq gəlirimiz xalqa paylansa, dünya dağılmaz ki?

- Cümhuriyyətlə bağlı medal təsis edilməsini də siz təklif etdiniz...

- Medalın təsis edilməsi Cümhuriyyətə və onun qurucularına çox böyük ehtiramın nümunəsi olar. Bu gün Cümhuriyyəti bərpa edənlər, yaşadanlar, ənənələrini davam etdirənlər, müstəqil dövlətimizin inkişafına dəstək olanlar var. Həmin şəxslərin məhz "Cümhuriyyət medalı” ilə təltif olunması möhtəşəm olardı. Hamı görərdi ki, AXC-nin yüzillik yubileyinə sadəcə kampaniya xatirinə deyil, mahiyyət etibarı ilə ciddi yanaşırıq. Cümhuriyyəti quranların nəvələri, nəticələri də ata-babalarının adına medal təsis edilməsini sevinclə, məmnunluqla qarşılayarlar.

- Başqa hansı təklifləriniz var?

- Bu il həm də 31 mart soyqırımının yüzilliyi qeyd olunacaq. Bununla bağlı xüsusi bir soyqırım abidəsinin yaradılmasını təklif etmişəm. Movzaley-muzey tipli bir abidə kompleksi inşa edilməli və orada daim həzin musiqilər səsləndirilməlidir. Dünyanın ən böyük Movzaley kompleksini yaratmalıyıq. Kompleksin içində muzey və park olmalıdır. Nəzərə alaq ki, dövlətimiz təkcə 10 milyonluq deyil, 50 milyonluq azərbaycanlıları təmsil edir. İllər əvvəl BMT rəhbərləri ilə təmasda olanda, onlarla danışanda məni çox laqeydliklə qarşılamışdılar. Həsən Həsənov (diplomat, 1992-1993-cü illərdə BMT-də Azərbaycanın daimi nümayəndəsi olub - red) Allah şahididir. Orada BMT rəsmilərinə dedim ki, "siz 7 milyonluq bir xalqın nümayəndəsini qəbul edirsiniz. Mən keçmişdə böyük dövlətlər quran bir millətin təmsilçisiyəm. Əgər ciddi söhbət aparmayacaqsınızsa, o zaman ümumiyyətlə danışmayaq”. Ondan sonra mənə münasibətləri dəyişdi. İlk növbədə özümüz-özümüzə dəyər verməliyik. Cümhuriyyətin yubileyi ilə bağlı vəsait xərcləməkdən qaçmamalıyıq.

- Prezidentin Sərəncamından sonra görülən işləri necə dəyərləndirirsiz?

- Bu yaxınlarda gördüm ki, tarixə o qədər də rəğbəti olmayan "Azərsun” təşkilatı AXC ilə bağlı böyük bir təqvim buraxıb. Təqvimdə M.Ə.Rəsulzadə başda olmaqla digər Cümhuriyyət qurucularının fotoları əks olunub. Əgər adi bir təşkilat gözləmədiyimiz halda bizi təəccübləndirirsə, deməli, ümumi maraq var. Digər qurumların Cümhuriyyətin yubileyi ilə bağlı təşkil etdikləri tədbirlərdən də görünür ki, geniş müstəvidə müəyyən işlər görməyə çalışırıq. Ancaq yetərli deyil. Prezidentin Cümhuriyyətlə bağlı Sərəncamından sonra işləri daha ciddi və həvəsli görmək lazımdır. Özümüzü Şərqə ilk demokratik dövlət quran şəxslərin varisi hesab ediriksə, 3-5 quru tədbirlərlə işimizi bitmiş saymamalıyıq. Beynəlxalq elmi-konfranslar keçirilməli, dünya ictimaiyyətini məlumatlandırmalıyıq. Hələlik proses yaxşı səviyyədə deyil. Siyasi iradə ortaya qoyulubsa, əlimizdən gələnin ən yaxşısını etməliyik. Təvazökarlıqdan uzaq çıxmasın, dövlətin müstəqilliyi altında mənim imzam var. Xalq hərəkatından gələn adamam. Bəzi hallarda Cümhuriyyətə olan münasibətə görə böyük narahatlıq hissi keçirirdim. Amma cənab Prezidentin Sərəncamından sonra çox duyğulandım. Əminəm ki, mənim kimi duyğulanan və sevinən çox olub. Dövlət başçısı tərəfindən Cümhuriyyətə verilən qiymət məhz bizə verilən qiymətdir. Çünki Azərbaycan Xalq Cümhuriyyətini 1991-ci ildə biz bərpa etmişik. İmperiya ilə ölüm-dirim mübarizəsi aparmışıq, həyatımızı ortaya qoymuşuq.

- Bəzi tarixçilərə görə, Cümhuriyyətin yüzilliyinə sırf tarixçilərin hazırlaşması daha yaxşı olar. Onların fikrincə, siyasi təşkilatların, ictimai qurumların və fərdi şəxslərin prosesə müdaxiləsi əbəsdir. Bu cür münasibəti necə dəyərləndirirsiz?

- 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və 23 aylıq fəaliyyəti böyük tarixi hadisədir. Ancaq Cümhuriyyətin günümüz üçün əhəmiyyəti, indiki dövrdə tanıdılmasının vacibliyi sırf ideoloji məsələdir. Bizim müstəqil dövlətçiliyimiz, bayrağımız, himnimiz, milli ideologiyamız, bütövlükdə cəmiyyətimiz yüz il bundan qabaq babalarımızın qurduğu AXC-nin məhsuludur. Ona görə də Cümhuriyyəti sadəcə tarixi olay kimi təhlil etmək doğru deyil. Keçmişə ayaq qoymadan gələcəyə addımlamaq mümkünsüzdür. Əsas məqsədimiz köklü və milli dəyərlərə söykənən gələcək qurmaqdır. Sabahkı nəsil üçün təkcə maddi miras kifayət etmir, onlar üçün həm də siyasi-mənəvi platforma hazırlamalıyıq. Fikrimcə, AXC tarixi dövr olmaqla yanaşı, həm də siyasi məsələdir. Toplum cəm halda Cümhuriyyətin yubileyinə hazırlaşmalı və xalq öz keçmişi ilə qürur duymalıdır.

- Xarici ölkələrdə əbədi uyuyan Cümhuriyyət qurucularının məzarlarının ölkəmizə gətirilməsi dəfələrlə müzakirə olunub. Ancaq bununla bağlı birmənalı görüş yoxdur. Məzarların gətirilməsinə qarşı çıxanlarla yanaşı, köçürülmənin zəruri olduğunu vurğulayanlar da var. Sizin düşüncəniz necədir?

- Ali Məhkəmənin sədri olarkən Türkiyədə hakimlərin 150 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edirdim. Tədbirdən sonra Türkiyə dövlətinin rəhbərliyindən icazə aldım və Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdim. Geri dönəndən sonra ovaxtki Azərbaycan rəhbərinə müraciət ünvanladım və dedim ki, cəmi 1 milyon dollar kifayət edir ki, Rəsulzadənin nəşi Azərbaycana gətirilsin və burada movzaley yaradılsın. Ancaq məlum səbəblərdən arzum reallaşmadı. Mən xaricdəki məzarların ölkəmizə gətirilməsinin tərəfdarıyam. Tək Türkiyədə deyil, Gürcüstanda, Fransada, digər Avropa ölkələrində dəfn olunmuş görkəmli şəxsiyyətlərimizin hamısının qəbirlərini Azərbaycana daşımalıyıq. Onlar bizim üçün həyatlarını fəda ediblər, vətənlərindən didərgin düşüblər. Hüseyn Cavidin məzarını Azərbaycana gətirməklə itirdik, yoxsa qazandıq? Hesab edirəm ki, cəmiyyətimiz, xüsusən gənc nəslin nümayəndələri Cümhuriyyət qurucularının məzarlarını görərsə, tez-tez ziyarət edərsə, həmin dövrü daha dərindən öyrənərlər. Millət öz tanınmış şəxsiyyətləri ilə böyük olur. Ot olub yerdən çıxmamışıq, kələm olub torpaqda bitməmişik ki? Kökümüz, tariximiz var.

- "Simvolik məzarlıq” məsələsi də gündəmə gətirildi. Görünür, siz bunu da qəbul etmirsiz?

- Yox, qəbul etmirəm. Müqəddəs dəyərlərə münasibətdə başdansovdu iş görmək olmaz. Əgər onların məzarlarını Azərbaycana gətirmək imkanı və şansı varsa, niyə bunun əvəzində "simvolik məzarlıq” inşa edək? Rəmzi məzarlar istənilən effekti verməyəcək. Mən bu təklifi ciddi qarşılamıram.

- Cümhuriyyətin yüzilliyi ilə bağlı Türkiyədə də tədbirlər keçiriləcək. Əsasən də Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi fonunda qardaş ölkə ilə ciddi işlərin görülməsi planlaşdırılır. Yubileyə hazırlıq prosesində Türkiyə ilə əməkdaşlığı mühüm hesab edirsizmi?

- Türkiyə ilə Azərbaycanın kökü eynidir. Tarix bizi təbiətən müttəfiq edib, irqi, milli və mənəvi bağımızı birləşdirib. 1918-ci ildə Osmanlı ordusu Azərbaycanı, Bakını xilas etməyə gəlməsəydi, nəinki bizim ölkəmizdə, ümumiyyətlə, Qafqazda bir dənə türk qalmayacaqdı. Biz kitabdan oxuduqlarımızı yox, babalarımızın, nənələrimizin dilindən eşitdiklərimizi deyirik. Erməni və rus quldurları Bakıda, Şamaxıda, İsmayıllıda, Ağsuda, Qarabağda kökümüzü kəsirdilər. Azərbaycanlıları "milçək” kimi qırırdılar. Ay millət, ay camaat, bizi türk ordusu xilas edib. Qafqaz İslam Ordusu olmasaydı, bu gün Azərbaycan deyə bir şey yox idi. Niyə bəziləri bunu qəbul etmir? Bu gün 10 milyonluq xalq halına gəlmişiksə, bu, özlərini bizim üçün fəda etmiş türk qardaşlarımızın sayəsində olub. Feysbukda bəzi "tarixçilər” bu sözlərimə görə mənə lağ edirlər. Başa sala bilmirsən ki, bizim Türkiyəyə qan və can borcumuz var. Əgər hazırda Qarabağda döyüş getmirsə, əvəzində Afrində savaş gedir. Afrin məhz Qarabağ uğrunda mübarizədir. Qarabağa yol Afrindən keçir. Babamın qardaşı Əliqulu bəy Türkiyə uğrunda döyüşüb, şəhid olub. Hər dövrdə biri-birimizə canımızla yardım etmişik. Allah bizi ayırmaq istəyənlərə imkan verməsin. İndi də bir olmalıyıq, birlikdə çalışmalıyıq. Xatırladım ki, biz Türkiyə Cümhuriyyətindən 5 il əvvəl öz dövlətimizi qurmuşuq. Mən fəxrlə deyirəm ki, Atatürk Türkiyəsinin yaranmasında Azərbaycanın böyük fikir adamlarının, siyasi və ictimai xadimlərinin rolu olub.

İsmayıl Qocayev