İqtisadiyyat Nazirliyi bu məsələyə çevik reaksiya verməlidir
“Dad, ləlöyn əlindən!”
Bulvardakı çayxanalar yenə millətin əsəbini tarıma çəkir
İqtisadiyyat Nazirliyi bu məsələyə çevik reaksiya verməlidir
İqtisadiyyat Nazirliyi bu məsələyə çevik reaksiya verməlidir
Ənənəvi çay dəstgahı problemi yenə aktualdır. Mövzunu bu dəfə Mətbuat Şurasının üzvü Əvəz Rüstəmov gündəmə daşıyıb. Ə.Rüstəmov başına gələni dünən feysbuk səhifəsində paylaşıb.
"Deməli, belə bir şey. Mən bir obyekti buradan reklam eləmək istəyirəm. Obyekt Su İdmanı Sarayı ilə demək olar, üzbəüz yerləşir. Adını oxuya bilmədim, kafedir. Xahiş edirəm, ora baş çəkin. Məsələn, çay için. Balaca, amma xortumu, tutacağı bər-bəzəkli çaynikdə. 5-cə manata. Yanında da ağ şokolad olsun. Bir plitka.
Şokoladın içində xırda-xırda qozlar da var. Bəh-bəh. Qorxub eləməyin, cəmi 9 manat xərciniz çıxacaq. Şoka düşürük. Niyə bu qədər ucuz? Ofisianta deyirik, deyir, bu iş mənlik deyil. Başqa birinə yönləndirir. O da başqa müdiri göstərir. Məlum olur ki, o müdirdən də böyük müdir var. Nə isə görürük ki, müdirlər sıralandıqca bitmək bilmir, yavaşca uzaqlaşırıq.
Bizə çayın hikmətini anladan tapılmır. Şokoladın da.
Dənizkənarı Bulvar İdarəsi deyilən bir qurum var. Bir ara çayın qiymətinə nəzarət edirdi. Yaraşıqlı, saçını dala darayan rəis müavini də var idi. Adam tez-tez telekanallara müsahibə verirdi. Az qalırdı çayçıların gözünü çıxartsın. Hələ bir-iki çayçı da çıxıb deyirdi ki, özüm ölüm, vallah, siz ölməyəsiz, çay 2 manatdır. Yanında mürəbbəsinin də qiymətini açıqlayırdı. Zalım uşaqları nə qədər qaz verirdilərsə, qiyməti 9-a çatdıra bilmirdilər. İndi mən o rəis müavinini və zalım çayçını axtarıram ki, onlara niyə çayı 9 manata satmadıqlarını soruşum. Çay şokoladla 9 manata olmalıdır. Bundan aşağı satanları bulvardan qovmaq, didərgin salmaq, repressiya etmək lazımdır. Vəssalam!”.
Ə.Rüstəmovun başına gələnlər paytaxt sakinlərinin "yaralı yeri” olduğundan paylaşımına rəylər də özünü çox gözlətməyib. Hər kəsin dərdi yadına düşüb və çoxları fikirlərini bölüşüb, rəy yazıblar. Kinayəli gülüş də var, rəylər arasında, əsəb də, qəzəb də, sətiraltı mənalar da.
Feysbuk izləyicisi Samir Mustafayev yazır:
Həqiqətən biabırçılıqdı. Bunlar insanları rəsmən soymaq yolunu tutublar.
Sevda Əsgərova: 9 manat yaxşıymış ki. Biz gedəndə çaynik və yanında 1 mürəbbə və 1 "snikersə” 25 manat istədilər. Soruşanda da "bizdə belədir” deyirlər...
Nicat Novruzoğlu:
Özbaşınalıq. Nəzarət yoxdu. O idarə də payını götürür deyə, heç kimə gözün üstə qaşın var demir.
Elçin Bayramlı: 10 manatdan az olmaz. Çünki çayın maya dəyəri 10 qəpikdir. Müştəridən 100 qatını almadınsa, o çayı satmağa dəyməz.
Ələgər Süleymanov: ParkBulvarın arxasındakı çayxanada mürəbbə ilə çay içən mütləq paxlava da yeməlidi. Yoxsa çay vermirlər.
Samir Mustafayev: Ümumiyyətlə, menyüsü olmayan, qiymətləri açıq göstərməyən hər bir obyekt soyğunçuluğa meyillidir və ciddi yer deyil.
Xanoğlan Əhmədov:
İçərişəhərdə 20-30 manat arasındadır. Sizə ucuz deyiblər.
Nizami İsmayil: Qudurğanlıqdan başqa nə ad vermək olar ki!..
Bayram Yusifov: Rayon çayına qonaq olun. Çayniki 50 qəpik, arada limon da olur.
Alim Hüseynli: Dəhşətdi, doğma bulvarda bir stəkan çay içib dincəlmək üçün evin bir həftəlik xərcini verməlisən.
Əliqismət Bədəlov:
Dənizkənarı bulvarda çayın qiymətinin niyə baha olduğunu soruşmayın. Çünki çaynik başınızda sına bilər.
Çayın qiymətini mədəni soruşanda da satana xoş gəlmir.
Cavid Şahverdiyev: 9 manatı böl: ofisiant, müdir, böyük müdir...
Vahid Fəxri: Bakıdayam, dostlarla çay içmək istəyirdik, qorxurdum ki, bahalı yerlərdə pulum çatmaz. Belə "ucuz” yerlərin olduğunu bilmirdik. Mütləq baş çəkmək lazımdır.
Günay Turan: Orda birinci kafe bir az ucuzdu, çay-mürəbbə 8 azn.
Azər N. Abdul: Belələrini görəndə yenə "folklorumuzdan incilər” yada düşür -” DAD, LƏLÖYN ƏLİNDƏN!” Bizdə "servis mədəniyyəti”ni sanki bir qrup görməmiş, ləlöyün formalaşdırır... Yazıqlar olsun. Bulvarda tualetə jetonla adambaşı sayı müəyyənləşdirən zehniyyətdən bundan artıq nə gözləyəsən?!
Çay dəstgahı bahalığı paytaxt kafeləri, çay evləri, yeməkxanalarda yaşanan, artıq adiləşmiş problemdir. Bir kafedə rəfiqələrinlə əyləşib çay içmək istəyirsən, ofisiant yaxınlaşıb deyir ki, şirniyyat da sifariş etməlisiniz, yoxsa sizə çay yoxdur. Nə deyəcəyini, nə edəcəyini bilmirsən və əlac qalır qalxıb kafeni tərk etməyə. Bulvarda, parklar ərazisində fəaliyyət göstərən çayxanalardan da əksəriyyət narazıdır. Çayın yanında mütləq ləbləbi, mürəbbə, şirniyyat gətirib zorla müştəriyə yedirməyə çalışırlar. Axırda da qiymət çıxır kəllə-çarxa. Yəni, camaat bu şəhərdə cibinə uyğun çay içmək hüququndan məhrumdur? Xatırlayan olar, bəlkə. Ötən yay fəslində bir qrup gənc termoslarla çay kampaniyası təşkil etmişdi. "Öz tormosumuz, öz çayımız” şüarı ilə açıq istirahət guşələrində əyləşib termosdan çay süzüb içirdilər. Bu, çayın baha qiymətinə etirazın bir forması idi. Amma hər kəs də əlinə termos alıb küçədə, parkda çay içə bilmir axı. Bəs o zavallılar neyləsin?
Məsələyə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov problemə 2 yöndən baxılmalı olduğunu dedi:
- Müştəriyə daxil olduğu iaşə obyektində mütləq menyü təqdim edilməlidir. Menyüdə təklif olunan xidmətlərin qiyməti göstərilməlidir. Çay neçəyədir, çay xidmətinə nələr daxildir və s. Müştəri qiymətlə tanış olduqdan sonra orada çay içməkdən imtina da edə bilər, bu, hər kəsin hüququdur. Amma əgər kafe, çay evi - hər nəysə, menyü təqdim etmir, qiyməti gizlədir, demir, çay içildikdən sonra qiymət elan edirsə, qiymətdən narazılıq edən müştəri ödəniş etməyə də bilər və məkanı tərk etmək hüququna da sahibdir. Həmçinin, həmin iaşə obyektini məhkəməyə də verə bilər, eyni zamanda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edə bilər. Amma problem bundadır ki, bizim əhali belə işlərdə passivdir, kimsə nə məhkəməyə müraciət edir, prosesin uzanacağını, artıq yerə başının ağrıyacağını bəhanə edir, nə də Antiinhisar Xidmətinə şikayət edir. İnsafən, Antiinhisar Siyasəti... Xidməti nədə olmasa da, alqı-satqı məsələləri və iaşə obyektləri ilə bağlı şikayətlərə reaksiya verir.
İkinci məsələ, müştəri qarşısında menyü ilə bağlı tələb qoymaqdır. Əgər kafe və ya çay evi müştəridən çayla yanaşı digər məhsulları da almağı tələb edirsə, bu, tam qanunsuzluqdu, qanunvericiliyə ziddir və ağlasığmazdır. İstehlakçının hüquqlarını pozmaqdır. Yenə də istehlakçı passivlikdən əl çəkib şikayət etməlidir. Amma ola bilər ki, hansısa əyləncə mərkəzinin, restoranın girişində oraya aid bəzi qaydalar barədə əvvəlcədən məlumat verilmiş olsun. Məsələn, deyək ki, hansısa iaşə obyekti ailəvi müştərilər üçün nəzərdə tutulub. Əgər kimsə ora tək və ya dostu ilə getmək istəyirsə və onu qəbul etmirlərsə, bu da tamamilə qanunidir. Çünki xəbərdarlıq var.
Bəs çayın qiyməti 9, 25 manat ola bilərmi?
Ə.Həsənov qiymət siyasətini bazar iqtisadiyyatının diktə etdiyini dedi:
- Bu məsələdə artıq heç nə deyə bilmərik. Bazar iqtisadiyyatıdırsa, sahibkar özü qiymət təyin edir. Qiymət bazar dəyərindən artıqdırsa, istehlakçı etiraz edib, ödəmədən imtina edə bilər. Lakin, yenə deyirəm, qiymət istehlakçıya əvvəlcədən bildirilməyibsə. Qaldı ki, çayxanalar, çay evləri ilə bağlı, alternativlər çoxdur. Elə deyil ki, çay içmək üçün yer tapılmasın, bir-iki yer olsun, orada da qiymət baha qoyulsun. Kimə hara sərf edirsə, orada əyləşsin, çay içsin və istirahət etsin.
Adi çaya axı necə olur ki, 9-25 manat qiymət təyin edilir? İqtisadçı bildirdi ki, qiymətin təyini bir neçə səbəblə bağlıdır:
- Sahibkar iddia edə bilər ki, onun məkanı şəhərin görməli, mərkəzi hissəsində yerləşir, fərqli dizayn, xidmət təklif edilir (yəni, çayı oynaya-oynaya süfrəyə gətirirlər?! - red. ), icarə haqqı yüksəkdir və s. Çarə ona qalır ki, vətəndaşların əgər maddi imkanları oradakı qiymətlərə çatmırsa və ya sadəcə, baha qiymətə çay içmək istəmirlərsə, həmin məkanlara getməsinlər.
Ə.Həsənov İqtisadiyyat Nazirliyinin bu məsələlərlə bağlı çevik fəaliyyət göstərməli olduğunu da bildirdi: "amma təəssüf ki, İqtisadiyyat Nazirliyinin qolları da passiv fəaliyyət göstərir”.
Məlahət Rzayeva