Dağlara deyin...

Onlar uçquna düşüb, hardasa 10-15 metr qarın altındadırlar
Ancaq yenə axtarışlar davam edir, ümid möcüzəyə bağlıdır








Köhnə ili intizarla başa vurduq. "Gilavar” - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Cəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışlarının davam etdirilməsinə baxmayaraq heç bir sevindirici xəbər alınmadı. Axtarışlar yeni ilin ilk günləri də dayanmayıb, davam etdirilib. Lakin, məhz bu günlər ərzində alpinistlər, onların axtarışları barədə sosial mediada ziddiyyətli, təkzib olunan xəbərlər yayıldı.

Axtarışların nəticə verməməsindən narahat olanları da anlamaq mümkündür. İtkin düşənlər kiminsə övladı, qardaşı, bacısı, dostu, yoldaşıdır. Belə vəziyyətdə insanların hisslərinə, düşüncə və danışıqlarına hakim ola bilməməsi də təbii qarşılanmalıdır. Bəzən sosial şəbəkələrdə axtarışların gərəkən tərzdə aparılmadığına dair ittihamlar da yer alır. Feysbuk istifadəçisinin biri yazır ki, FHN "heç nə bacarmır”, Rusiyanın "MÇS”-ni çağırmaq lazımdır. Bir istifadəçi təlim keçmiş itlərə ehtiyac olduğunu deyir, başqa birisi qonşu ölkələrdən mütəxəssislərin dəvət edilməsini təklif edir.

Ruslan Məmmədov adlı istifadəçi isə bunları yazıb:

Fikrimcə, axtarışlar səhv ərazidə aparılır. Alpinistlər Tufandağ istiqamətində hərəkət etmiş olsaydılar ən azından izlərinə rast gəlmək olardı. Onlar Xınalıqdan başlamalı idilər yürüşə, məncə onların başına nə iş gəlibsə, elə Xınalıqda gəlib, ya da ki, başqa istiqamətdə hərəkət ediblər. Tufandağa onlar heç getməyiblər bəlkə də.

"Gilavar” - hava və ekstrim idman klubu isə tərəfləri sakitliyə çağıran paylaşım edib:
"Hər vaxtınız xeyir, dostlar. Bildirmək istəyirik ki, bu andan etibarən heç bir media nümayəndəsinə tərəfimizdən məlumat verilməyəcək! Media bizim verdiyimiz məlumatları düzgün istifadə etmədən, təhrif edərək özlərinə uyğun xəbərlər yayımladı. Sırf PR, İP üçün, tanınmaq üçün hazırladıqları bu xəbərlər bizi olduqca çətin və çıxılmaz vəziyyətdə qoydu. 

Bu andan etibarən mediaya heç bir məlumat verməyəcəyik. Sizlərdən xahişimiz xəbər saytlarında gördüyünüz hər məlumatı bizimlə paylaşmağınızdır ki, biz məlumatın dəqiqliyini araşdırıb aydınlaşdıraq. Eşitdiyiniz, oxuduğunuz heç bir xəbəri dəqiqləşdirmədən yaymayın, paylaşmayın. Biz də sizə tez-tez məlumat ötürmək istəyərdik, ancaq biz də sadəcə FHN-nə istinad edə bilərik. Anlayışınız üçün təşəkkürlər”.

"Alpinistlər icazəsiz getməyib”

Məlumatlar, paylaşımlar yenə də ara vermir. Xüsusi qərargahın guya axtarışları dayandırdığı, helikopterlərin havaya qalxmadığı, əraziyə gedib axtarışlarda iştirak etmək istəyən könüllülərin geri qaytarıldığını yazanlar da var. Təbii ki, belə xəbərlər alpinistlərin ailələrini, dostlarını, klub üzvlərini hədsiz narahat edir.

İtkin düşmüş alpinistlərin əvvəlcədən müəyyən olunmuş xətdən kənar getmələri ilə bağlı fikirlər də səsləndirilir.

Bildirilir ki, dağçılar icazəsiz gedib, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməyiblər.
"Gilavar” - hava və ekstrim idman klubu bu barədə yayılan məlumatlara aydınlıq gətirib.
Klubdan bildirilib ki, səsləndirilən fikirlər doğru deyil: "Bu mümkün olacaq şey deyil, çünki bu ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər”.

"Gilavar” hava və ekstrim idman klubu axtarışların dayandırılması və ya Qəbələdə dağçıların izinə rast gəlindiyi barədə əsassız xəbərlərin tirajlanmasından da narazılıq ifadə edib: "Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir. Reytinq xətrinə belə fırıldaqlara əl atmaqla, hazırda gözü yaşlı gözləyən nə qədər insanın hisləri ilə oynayırlar. Bəli, Qəbələdə axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik klubumuzdan heç kəs belə informasiya verməyib ki, Qəbələdə izlər var. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hislərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün vaxtlarla bağlı müvafiq tədbirlər görüləcək”.

"Adi ayaqqabı ilə gələni axtarışa necə cəlb edək?!”

Mövcud narahatlıqları nəzərə alaraq axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev xeber365.com saytına müsahibəsində axtarışların gedişatı ilə bağlı danışıb. Polkovnik deyib ki, axtarışlara qoşulmaq üçün çox adam müraciət edir, əraziyə gələnlər də var. Lakin onların hamısını axtarışlara cəlb etmək mümkün deyil: "...hər gün səhər saat 5-də oyanırıq, 6-da axtarışlara başlayırıq. Biz hər gün Tufan dağının zirvəsinə doğru yürüş edirik. Bütün yol boyu uçqun olan yerlərdə axtarışlar aparırıq. Aydın məsələdir ki, bizim qərargahdan Tufan dağının başına qalxmaq üçün 7-8 saat vaxt lazımdır. Onların ola biləcəyini güman etdiyimiz bütün yerləri axtarırırq. Öz təcrübəmizə əsasən təxmin edirik ki, harda, hansı istiqamətdə ola bilərlər.

Bizə axtarış haqqında heç bir anlayışı olmayan, yoldan keçənlər, yaxınlıqdakı kəndlərdə yaşayanlar da qoşulmaq istəyir. Ancaq biz onları axtarış qrupuna qoşa bilmərik. Çünki bu, bizim işimizə mane ola bilər, mən onda bilməyəcəm ki, itkin düşən alpinistləri axtarım, yoxsa nabələd adamların canının hayına qalım...

Yayılan informasiyalara da aydınlıq gətirəcəm. Yazırlar ki, biz könüllüləri qəsdən axtarışdan uzaqlaşdırırıq, ancaq elə deyil. Bir qrup insan var ki, məqsədi ancaq gəlib hansısa dərənin dibində, ya helikopterdə şəkil çəkdirib paylaşmaqdır ki, guya o da axtarışla məşğuldur. Guya dağa çıxmaq istədiklərini deyirlər, amma yarı yoldan qayıdırlar. Ancaq elə o adamların da təhlükəsizliyinə biz cavabdehik. Gedər o özü də uçquna düşər, ona birbaşa mən cavabdehəm. Onların heç bir texniki avadanlığı yoxdur. Gəlib ki, mən adi bir ayaqqabı ilə gedirəm axtarışa. Biz buna necə icazə verə bilərik? Qətiyyən olmaz.
Bizə deyirlər, qoy mən də helikopterlə uçum. Biz buna necə icazə verək? Helikopteri aparıb dağa-daşa çırpsınlar? Biz indi işimizlə məşğul olaq, yoxsa könüllülərlə?! Mən bura gələn insanların çoxunu geri qaytarıram. Mənfi 12-20 dərəcə soyuqda orda adi ayaqqabı ilə gəlib axtarış aparmaq olar?! Mən axtarışımı yarımçıq qoyub gəlib bunları xilas etməliyəm?! İkinci partiya da gedib uçquna düşsə, mənə deməyəcəklər ki, sən buna necə icazə vermisən?”
Ş.Mirzəyev axtarış əməliyyatlarında yeyinti ola biləcəyi ehtimallarını cəfəng adlandırıb: "Ümumiyyətlə, bu prosesdə yeyinti etmək mümkün deyil, çünki ortada yeyiləcək vəsait yoxdur. Yalandan yazırlar ki, helikopterin yanacağına pul ayırırlar. Belə şey ola bilməz. Bu, bizim vəzifə borcumuzdur. Bu, bizim gündəlik fəaliyyətimizdir. Şimal regionunda gün ərzində 10-15 dəfə bu cür hadisələr olur. Bəyəm hər hadisə üçün bizə ayrıca pul ayrılır? Əlbəttə, yox. Biz hər ayın axırı bunun üçün əmək haqqımızı alırıq. Helikopter üçün xüsusi aviasiya xidməti var. Yanacağı da onlar verir. Biz sadəcə icraçıyıq. Bizə nə göstəriş verirlər, onu da edirik.

"Dağlar, yol verin, keçim...”

Ş.Mirzəyev axtarış üçün kifayət qədər avadanlıq, texnika olduğunu, təcrübəli mütəxəssislərlə çalışdıqlarını da deyib:

- Biz heç bir regiondan kömək istəməmişik, buna ehtiyac yoxdur. Ancaq könüllülər arasından peşəkarları, alpinistləri, bu işi bilənləri də götürürük. Onları yoxlayıb sonra iştiraklarına icazə veririk.
Ş.Mirzəyev dağçıların hava şəraitini nəzərə alıb yürüşdən imtina etməli olduqlarını da bildirib: "Əslində, Ekologiya Nazirliyi alpinistlərin bu havada o istiqamət üzrə getmələrinə icazə verməməli idi. Eynilə, həmin idman klubu buna qarşı çıxmalı idi. Ancaq icazə verilib.

Qərargah rəisi axtarışlara xüsusi itlərin cəlb edildiyini deyib:

- Biz bura xüsusi itlər gətirmişik. Həmin itlərə biz xüsusi geyim geyindiririk. Ondan sonra aparırıq dağın ətəyinə ki, orda axtarışı həyata keçirək. ANAMA-nın texnikasını qaldırmışıq, axtarış aparırıq. Bizim internet saytımızda şəkillər var. 6 metr dərinlikdə axtarış aparırıq. Biz ümidimizi Allaha bağlayıb, gücümüz çatdıqca hər gün o soyuqda, qarda, boranda axtarışlarımızı aparırıq.
Ümidimizi itirmirik. Hər şey ola bilər, ümid sonda ölür. Bilirik ki, onlar uçqun altına düşüb. Onlarla əlaqə kəsilməzdən bir gün qabaq xəbər veriblər ki, burda tufan var, biz çadır qurmuşuq. Deyiblər ki, hava sakitləşsin çıxaq. Ondan sonra onlarla əlaqə kəsilib. Həmin məqamda da çovğun olub, qalıblar uçqun altında. Bizə bu alpinistlərin hərəkət trayektoriyası verilməyib. Bunlar hamısı əvvəlcədən verilməli idi.

Dağçıların salamat qala bilmək ehtimalına gəlincə, Ş.Mirzəyev ümidini möcüzəyə bağladığını bildirib:

- Hələ ki, heç nə deyə bilmirəm... Allahın möcüzəsi olur. Onlar uçquna düşüb, hardasa 10-15 metr qarın altındadırlar. Ümumiyyətlə, belədir ki, qarda bir neçə saat hərəkətsiz qaldıqda insan donur. Aydın məsələdir ki, donublar orda. Biz özümüz orda yarım saat, bir saat hərəkətsiz qalsaq, bədənimiz donar. Ancaq dediyim kimi, biz ümidimizi üzmürük. Sizi əmin edirəm ki, vicdanla, canla-başla axtarışlarımızı davam etdiririk.

Qeyd edək ki, dağçıların dostlarından biri sosial şəbəkədə bunları paylaşıb: "Namin Bünyatov 22 dekabrda instaqramda yazmışdı ki, dağlar onu çağırır. İndi də biz onu səsləyirik; tez qayıt”.
Sanki bu mahnı da talesiz dağçılar üçün yazılıb; Dağlara deyin, tutmasın bir də dumandan pərdə, dözmərəm dərdə, dərdə...

Qeyd edək ki, FHN son günlər meteoroloji şəraitin kəskin pisləşməsini (1,4 metrədək qarın yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) nəzərə alaraq axtarış-xilasetmə tədbirlərinin məhdudiyyətlə, lakin fasiləsiz aparılmasına dair açıqlama verib.
FHN-in axtarış-xilasetmə işlərində Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Meteoroloji şəraitdən asılı olaraq, FHN-in helikopteri əməliyyata cəlb olunur.

Məlahət Rzayeva