"Damla kimi efirdə o qədər müğənnilər var ki, notu bilmirlər"

Zemfira İbrahimova: "Sadəcə youtub kanalında izləməsi çoxdu deyə özlərini ulduz sayırlar"
"İndi hamı oxuyur. Əlbəttə, rəqabət qalmayacaq. Əlinə mikrofon alan hər kəs özünü sənətkar sayır. Şoumen də oxuyur, aktrisa da"


Bəzən bir insanın, bir musiqinin havası gəlir. Darıxırsan, özləyib ehtiyac duyursan ona. Elə bu gün «Şərq»in qonağı olan xanəndə, müğənni Zemfira İbrahimovanın səsinin havası gələndə onu dinləməyə ehtiyac yaranır. Səsinin avazına, ruhuna, ifasının sehrinə tələbat hiss olunur. Qonağımızla maraqlı söhbətimizdə musiqimizin bu günündən danışdıq. Əziyyətlərindən danışdı, sənət aləmində baş verənlərdən narahat olduğunu dilə gətirdi.

- Azərbaycan şou-biznesinin illər öncəylə müqayisədə rəngarəngliyi solub. Əvvəlki rəqabət qalmayıb. Səhnəmizin ahəngi itib...

- Əslində dediyinizdə o qədər böyük həqiqət var ki. Mən məktəbli olanda, tələbəlik dövrümdə səhnəmizin səviyyəsi bu deyildi, sözün böyük mənasında sənətçilərin səviyyəsi görünürdü, rəqabət hiss olunurdu. Bu gün telekanallar çoxalıb, səhnəyə çıxmaq imkanları asanlaşıb. Mən uşaq olarkən, düşünürdüm ki, görən nə vaxtsa efirdən gördüyüm müğənniləri canlı görə bilərəm, onlara salam verməyə imkanım çatar? Çünki sənətçilərimiz o qədər səviyyələrini qoruyurdular ki, əlçatmaz idilər. Onlara çox böyük dəyər var idi. Bu gün sosial şəbəkələrin varlığı, texnologiyanın bu qədər inkişafı sənətçiləri o qədər əlçatan, adi edib ki, istəyən sözünü deyə bilir. Youtub kanalları açılıb, ordan istəyən istədiyini çatdırır. İstənilən müğənnini sosial şəbəkədə görmək, onlarla müəyyən ünsiyyət yaratmaq, toyda, restoranda oturub onları görmək imkanı asanlaşıb. Ulduzlarla ünsiyyət rahatlaşıb. Əvvəllər belə deyildi. Bu gün müğənniyə olan münasibət dəyişib, maraq itib. Müğənnini istədiyin məkana sifarişlə, qonorar verib dəvət etmək mümkün olub. 

Qaldı rəqabətə, əvvəllər 10 nəfər yaxşı oxuyan var idi, onları da tanıyıb dəyər verirdilər, aralarında da sənət rəqabəti var idi. O rəqabəti tamaşaçı da hiss edirdi. Çünki hamı çalışırdı peşəkar bəstəkardan mahnı alsın, yaxşı musiqilərə müraciət etsin, kaset lentə aldırsın, klip çəkdirsin, konsert versin, seçilsin, fərqlənsin. Bu gün rəqabət yoxdu, varsa da, paxıllıq var. İndi hamı oxuyur. Əlbəttə, rəqabət qalmayacaq. Əlinə mikrofon alan hər kəs özünü sənətkar sayır. Şoumen də oxuyur, aktrisa da. Bu gün efirə çıxan sənətçi, efirlərə gələndə şərt qoyur, "tək gələrəm" deyib iddialı şəkildə ulduzluq edir. Mövsümi mahnıları alıb studiyada kompüterlə oxuyan necə sənətkar ola bilər?

- Bu həm də onunla bağlı deyil ki, səsi olmayan bu gün efirlərdə bəh-bəhlə təqdim edilir?

- Bu gün səsi olmayan, özünə efir xatirinə ad qoyub oxumağa başlayanlar var. İnternet üzərindən youtub kanalı açıb, ağlayıb sızlayaraq oxumaqla izləyici yığanlar da az deyil. Sənətdən xəbəri yoxdu, not nədir bilmir. 7 not var, o müğənnilərin notdan anlayışları yoxdu, amma özlərini ulduz hesab edirlər. O müğənnini elə bəh-bəhlə efirlərdə təqdim edirlər ki, adamın matı-mutu quruyur. Nədi-nədi, izləmə rekordu internetdə çoxdu.

- Söhbət Damladan, o qəbildən olan müğənnilərdən gedir?

- Mən ad çəkmək istəmirəm. Bilənlərə izah etməyə ehtiyac yoxdu. Mən ümumi danışıram, payı olan götürər. Mən bilmirəm Damlanın musiqi savadı nə qədərdi, amma mən fikrimi deyirəm. Tək Damla deyil, Damla kimi o qədər müğənnilər bu gün efirdə var ki, notu bilmirlər. Sadəcə youtub kanalında izləməsi çoxdu deyə özlərini ulduz sayırlar. Elə bilirlər internet üzərindən məşhurlaşıblarsa, dünyanı fəth edəcəklər. Bu, musiqi savadı olan sənətkarları narahat edir.

- Yəni sənətçiləri bu mənzərə məyus edir…

- Əlbəttə məyus edir. Təkcə məni məyus etmir, sənətkarların hamısı demək olar bu durumdan narahat olurlar. Biz zəhmət çəkib təhsil almışıq, muğamlarımızı öyrənmişik. İndi yerindən duran gəlir ulduzluq sərgiləyir. Mən əziyyətlə 18-20 ilimi musiqini mənimsəməyə sərf etmişəm.

- Baxmayaraq ki, bu qədər təhsil almısan, səs imkanın genişdir, potensialın var, amma Zemfira hələ də istədiyi nöqtədə deyil sanki? Səncə layiq olduğun yerdəsən?

- Səmimi söhbət ediriksə, bu gün istədiyim nöqtəyə gəlib çatmamışam. Hamını nəzərdə tutmuram, amma insanlarımızın musiqi zövqü korlanıb. Mən neçə illərdir sənətin arxasınca gedirəm, muğamlarımızı mükəmməl şəkildə mənimsəməyə çalışmışam, Türkiyədə azərbaycanlı sənətçi kimi uğurlu çıxışlarım olub, qastrol səfərlərinə getmişəm, dövlət tədbirlərində iştirak edirəm. Bunları nəzərə alan yoxdu. Amma bu gün bir «Havası gəlir» mahnıma görə youtub kanalında izləmə sayına görə milyonu keçmişəm. Həm də qısa müddət ərzində. Muğam oxuyuram, 20 mindən artıq izləyən olmur. Mövsümi mahnı deyilir, o mahnıya müraciət edirsən internetdə izləmə sayı milyonları keçir.

- Əslində sənin yaradıcılığını izləyən, səni tanıyanlar bilir ki, bu musiqi sənin zövqünə, musiqi savadına uyğun deyil. Toy bazarında olmaq üçün sanki bu musiqilərə müraciət etməyə başlamısan...

- İnanın səmimiyyətimə, o musiqilər mənim zövqümə uyğun deyil. Sadəcə belə musiqilərə tələbat var deyə, insanlar belə mahnıları dinləməyə maraqlıdırlar deyə, mən də o musiqilərə müraciət etməyə məcburam. Çünki tələbat var. Heç kimə sirr deyil ki, bu gün bizim yeganə qazanc yerimiz toydu. Toydan başqa mən hardan qazana bilərəm? Ailəmi, uşaqlarımı müəllimlik maaşımla necə dolandırım? Ona görə də məcburam elə mahnı oxuyum ki, toylara dəvət alım. Toylarda muğam oxuyuram. 15 dəqiqə sonra hiss edirsən ki, toy sahibi narahatdı, gəlir yaxınlaşır ki, «Havası gəlir» mahnısını oxuyun. Oxuyanda hamı düşür ortalığa, əllərində telefon çəkib paylaşırlar. Mən məcbur qalıram bu mahnılara müraciət edim. Oxumasam, toylara çağırmazlar. Neyləməliyəm? Zövqlər bu musiqilərə köklənib. Muğam oxumaq əziyyət, məsuliyyət tələb edir. Mənim muğam ifa etməyə gücüm çatır. Amma toyda buna tələbat yoxdusa, mən də məcburam toy bazarına uyğun musiqilər ifa edim ki, evimi dolandırım. Sənətçinin bu gün gündəmdə qalması üçün vəsait lazımdı. Mahnı almaq, klip çəkdirmək pul tələb edir. Bunun üçün də toyların çox olmalıdır ki, sənətini inkişaf etdirməyə maddi durumun olsun.

- Zemfira solo konsert vermək barədə düşünürmü?

- Ən böyük arzularımdan biri böyük səhnədə solo konsert proqramı ilə çıxış etməkdir. Solo konsert verməyi planlaşdırıram. Sadəcə solo konsert vermək məsuliyyət tələb edir. Səhnəyə çıxıb, bir-iki mahnı oxumaq yetərli deyil. Bunun üçün məşq etmək, repertuar üzərində çalışmaq lazımdır. Sən tamaşaçı qarşısında da, özünə də solo konsertlə hesabat vermiş olursan. Ona görə də mən tam hazır olduqdan sonra konsert verməyi düşünürəm. İnşallah, qısa müddətdə bu arzumu gerçəkləşdirmək imkanını Allah mənə nəsib edər.

- Duet təklifləri olurmu? Son vaxtlar duetlər dəbdədir axı.

- Düzünü deyim ki, indiyə qədər bir çox duet təklifləri almışam. Ancaq hələ ki dəyərləndirirəm. Bir dəfə Eldəniz Məmmədovla duet oxumuşuq. Çünki onun səsi, sənət səviyyəsi mənə uyğundu. Təkliflər gəlir, ola bilsin, onlar arasından seçib dəyərləndirəcəyim duetlər olsun.

Tahirə Məmmədqızı