Damların üstündəki su çənlərini yığışdırmaq problemin həlli deyil

Yaxşı olar ki, Eldar Əzizov vətəndaş cəmiyyəti ilə sıx işləsin, əhalinin içməli su təminatından nə dərəcədə razı olduğunu müəyyənləşdirsin
Əgər əhali 24 saat fasiləsiz su ilə təmin edilmirsə, suyun verilməsində fasilələr yaranırsa, sakinlərin su çənlərindən istifadə etmələri konstitusion hüquqlarıdır

Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov sələfi kimi işə təmizlikdən başlayıb. Gözlə görünən işlər görmək lazımdır. Məsələn, xaricdən yeni zibil qutuları gətirtmək, yol kənarlarını abadlaşdırmaq, ağac əkmək, «obyektlər»i «abıra salmaq». Babək prospektində, "Baku Medical-Plaza"nın qarşısındakı cındırından cin hürkən tikinti malları satışı nöqtələri, dəmir sexləri şüşələnir. Səkidə 5-6 şitil basdırırlar, göy ot döşəyirlər. Başqa bir yeniliksə yaşayış binalarının damlarından su çənlərinin yığışdırılmasıdır. Bu işə Bakının Nizami rayonunda start verilib.

Bu barədə Trend-in məlumatında bildirilir. Nizami Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Ramsin Abdullayev deyib ki, su çənlərinin götürülməsi həmin binalarda yeni, müasir liftlərin quraşdırılması və dam örtüklərinin dəyişdirilməsi ilə əlaqədardır:

- Bizim balansımızda 114 yaşayış binası var. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə 9 mərtəbəli yaşayış binalarının istifadə müddətini başa vuran liftləri yenisi ilə əvəzlənir, 5 mərtəbəli yaşayış binalarının isə dam örtükləri təzələnir. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Nizami rayonu üzrə ümumilikdə 146 liftin dəyişdirilməsi planlaşdırılıb ki, onlardan 114-ü bizim Birliyin balansındakı binalarda quraşdırılacaq.

R.Abdullayev bildirib ki, binaların damındakı su çənlərinin əksəriyyəti lift şaxtalarının üzərində yerləşdirilib: «Rayon ərazisində bütün binalara 24 saat içməli su verilir. Ona görə də su çənlərinə ehtiyac yoxdur. Bu çənlər istifadəsiz qaldığından yararsız vəziyyətə düşür və nəticədə su liftlərin mühərrik yerinə, qapılarına tökülür. Bu da həmin liftlərin tez sıradan çıxmasına səbəb olur".
Birlik sədri qeyd edib ki, binalarda liftlərin və dam örtüklərinin il ərzində dəyişdirilməsi nəzərdə tutulur.

Damlarda quraşdırılmış su çənlərinin şəhərin estetik görünüşünü korladığı sirr deyil. Amma bu su çənlərinin nə məqsədlə quraşdırıldığını gözardı etmək də düzgün olmaz. Çox da ki, paytaxta 24 saat fasiləsiz su verildiyi deyilir. Hamımız bilirik ki, bu, heç də belə deyil. Su fasilələrlə verilir. Ola bilsin, paytaxtın hansısa hissəsində su həqiqətən də daimidir. 

Sovet vaxtı da şəhərdə fasiləsiz su ilə təmin edilən ərazilər vardı. Məsələn, Səbail (sovet illərində 26 Bakı komissarı adına rayon) rayonunda elə ərazilər vardı ki, hətta suyun ən qıt vaxtlarında da orada həmişə su olardı. Amma şəhərin başqa əraziləri, xüsusən də sonralar tikilməyə başlayan mikrorayonlarda, yaxın keçmişdəki Əhmədli, Günəşli ərazilərində sakinlər həmişə sudan korluq çəkirdilər. Sakinlər çıxış yolunu sanitar qovşağı otağındakı vannalara su doldurmaqda görürdülər. Yəni bu vannalar yuyunmaq üçün yox, su ehtiyatı yığmaq funksiyasını daşıyırdı. İndi də vəziyyət çox da fərqli sayılmaz. Bakıda suyun daimi olmasına kimsəni inandıra bilməzsiniz. Çünki «aşıq gördüyünü çalır». Daimi su təchizatı olduğu bildirilən ərazilərdə də bəzən suyun verilməsində fasilələr yaranır. Ekstremal vəziyyətlərin olacağı heç vaxt istisna edilmir. Xüsusilə də söhbət fərdi yaşayış evlərindən, köhnəlmiş binalardan gedirsə. 

Qış aylarında isə vəziyyət daha da çətinləşir. Bir az şaxta oldumu, ondan da «betəri» - qar yağdımı, su boruları donur, ya da şaxta vurması nəticəsində partlayır. Belə vəziyyətdə sakinlər su çənlərinin olmasına şükür edirlər. Bir neçə günlük «buzlaqlar dövrü» başa çatanadək sakinlər ehtiyat sudan istifadə edir. Ona görə də rahatlığını təmin etməyə çalışan əhali harada yaşamasından asılı olmayaraq su çəni quraşdırmaqdan vaz keçə bilmir. Su çənlərinin yaşayış binalarının damında quraşdırılması başqa problemdir. Heç kim bu insanlara su çənlərini binanın damında və yaxud lift şaxtasında quraşdırdığına görə haqq qazandırmır. Lakin hansı alternativ təklif var? Əsas məsələ budur. Bir halda ki, suyun verilməsində fasilələr yaranır, sakinlər su ehtiyatlarını necə təmin etməlidir?

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı «Şərq»ə açıqlamasında əhalinin içməli su ilə fasiləsiz təminatı olmadıqca heç bir icra orqanının əhalinin su çənlərini yığışdırmağa haqqı çatmadığını dedi:

- Biz Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı monitorinqlər aparmışıq. Həmin kəmərlə çəkiləcək su Bakı və ətraf rayonları fasiləsiz içməli su ilə təmin etməliydi. Mən sosial şəbəkədə çox oluram və vətəndaşlarla təmas yaradıram. Vətəndaşlarının giley-güzarından görünür ki, «Azərsu» əhalinin fasiləsiz içməli su ilə təmin edilməsi öhdəliyini tam yerinə yetirməyib. 

«Azərsu» üzərinə götürdüyü öhdəliyi tamamilə yerinə yetirsə, o zaman su çənlərini yığışdırmaq olar. Yaxşı olardı ki, BŞİH-nin yeni başçısı vətəndaş cəmiyyəti ilə sıx işləsin, təsadüfi seçmələr üsulu ilə əhali arasında sorğu keçirsinlər və əhalinin içməli su təminatından nə dərəcədə razı olduğunu müəyyənləşdirsinlər. Hansısa bir işə başlamazdan əvvəl gərək vəziyyəti dəqiqləşdirəsən, öyrənəsən. 

Sonra qolunu çırmayıb işə başlayasan. Əgər əhali 24 saat fasiləsiz su ilə təmin edilmirsə, suyun verilməsində fasilələr yaranırsa, sakinlərin su çənlərindən istifadə etmələri konstitusion hüquqlarıdır. Sakinlər narazıdırsa, məhkəməyə müraciət edə bilər. Heç kimin hüququ yoxdur, gedib kiminsə su çənini götürüb aparsın. Şəxsən bizim həyətimizdə 3 tonluq 2 su çəni var. Bu çənlər olmasa, su üzünə həsrət qalarıq. Qoy rəsmi qurumlar əvvəlcə öhdəliklərini yerinə yetirsinlər, sonra sakinlərdən nəsə tələb etsinlər, nəyəsə etiraz etsinlər. Su çənlərinin lift şaxtalarının üzərində, binaların damında quraşdırılmasında təkcə sakinlər günahkar deyil. Su çəninin orada quraşdırılmasına icazə verən, buna göz yumanlar da məsuliyyət daşıyır. Binaların dam örtüyü yenilənəndən sonra yenə ora çənlər qoyulacaq. Su gəlmirsə, sakin nə etməlidi?!

Məlahət Rzayeva