Sabiq baş nazir bəzi ünvanlarını dəyişib
Türkiyənin 64-üncü hökumətin baş naziri Əhməd Davudoğlu prezident Rəcəb Tayyib Ərdoğana Nazirlər Kabinetinin istefasını təqdim etməsindən sonra "Twitter”dəki hesabından "baş nazir” və "partiya sədri” ünvanlarını silib.
ANS PRESS-in məlumatına görə, Türkiyənin hakim partiyası AKP-nin 2-ci fövqəladə böyük konqresində Binali Yıldırımın partiya sədri seçilməsindən sonra ardından Davudoğlu hökumətin istefasını təqdim edib. Prezidenti Ərdoğana Prezident Sarayında 64-üncü Hökumətin istefasını təqdim edən və istefası Ərdoğan tərəfindən qəbul edilən Davudoğlu "Twitter”dəki hesabından fərdi məlumatlarının yazılı olduğu hissədəki "baş nazir” və "partiya sədri” ünvanlarını qaldıraraq, "62, 63, 64-cü Türkiyə Respublikası hökumətlərinin baş naziri, Konya millət vəkili” sözlərini yazıb.
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayında Binali Yıldırım partiyanın yeni sədri seçilib. O, Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra partiyanın üçüncü sədri olub.
Binali Yıldırım 1955-ci ildə Türkiyənin Ərzincan şəhərində anadan olub. O, İstanbul Texniki Universitetinin Gəmi inşaatı və dəniz elmləri fakültəsini bitirib.
Yıldırım ali təhsilini başa vurduqdan sonra Türkiyənin Gəmi Sənayesi Baş İdarəsində işə başlayıb. O, 1990-1991-ci ilərdə İsveçdə BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatının Dünya Dənizçilik Universitetində ixtisas artırma kurslarında təhsilini davam etdirib.
Yıldırım Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğanla 1994-99-cu illərdə İstanbul Böyük şəhər bələdiyyəsinə rəhbərlik etdiyi vaxtdan indiyədək dostluq münasibətindədir.
Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının əsas qurucularındandır. O, 2003, 2007, 2011 və 2014-cü illərdə Türkiyənin nəqliyyat naziri vəzifəsində çalışıb. 2014-cü ildə nazir vəzifəsindən istefa verərək bələdiyyə seçkilərində iştirak edib.
B.Yıldırım 2014-cü ildə baş nazir və prezident Ərdoğanın müşaviri vəzifəsinə təyinat alıb. AKP-nin yeni sədri daha sonra nəqliyyat, dənizçilik və rabitə naziri vəzifəsinə gətirilib.