“Bu hərəkətinə görə həmin qadın 30 manat miqdarında cərimə oluna bilər”
Qadın sərnişin sürücüyə hücum etdi
Dünən 61 nömrəli avtobusda xoşagəlməz hal yaşanıb. Xanım sərnişinlərdən biri sürücüdən avtobusu dayanacaqdan kənar saxlamasını tələb edib. Lakin sürücü vəzifə təlimatına və sərnişindaşıma qaydalarının tələbinə uyğun olaraq sərnişinin bu istəyini yerinə yetirməyib. Nəticədə isə qadın avtobusu idarə edən sürücüyə hücum edərək onu təhqir edib. Baş verən hadisə video görüntüdə də əks olunub.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə bildirib ki, sərnişin avtobusunu dayanacaqdan kənarda saxlamaq qəti qadağandır. Sürücülər kimi sərnişinlər də mütləq şəkildə qoyulan bu qaydaya əməl etməlidirlər:
"Qanunsuz tələbinin yerinə yetirilməməsinə etiraz edən qadın sərnişin özünün, eləcə də avtobusda olan onlarla sərnişinin həyatını ciddi təhlükəyə atıb. Sürücünün peşəkar davranışı sayəsində qəzadan yayınmaq mümkün olub.
Sərnişin avtobuslarının dayanacaqdan kənar saxlanmasına qarşı Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən müntəzəm sərnişindaşıma şirkətləri ilə mütəmadi iş aparır, maarifləndirmə tədbirləri həyata keçiririk.
Bu işdə cəmiyyətimiz də bizə dəstək olmalı, bu kimi hallara yol verən sürücülərə və sərnişinlərə qarşı səssiz qalınmamalıdır. Düşünürük ki, bu kimi etik-davranış qaydalarını kobud şəkildə pozan sərnişinlərə qarşı ictimai qınaq formasında birgə etiraz edilməlidir”.
Hadisəni dəyərləndirən ekspertlər qadının mədəni səviyyəsinin aşağı olduğunu düşünürlər. Onların fikrincə, baş verən hadisə nəinki qadın, hətta kişilər üçün etik cəhətdən heç də yaxşı görsənmir.
"Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, "Yol Hərəkəti Qaydaları”na görə sərnişin heç bir halda sürücüyə mane olmalı deyil. Hər bir vətəndaş ictimai nəqliyyatdadırsa, yalnız dayanacaq məntəqələrində düşməli və ordan da minməlidir:
"Bu hərəkətinə görə həmin qadın 30 manat miqdarında cərimə oluna bilər. Məsələnin hüquqi cavabı budur. Ümumiyyətlə, bu hadisədə açıq-aydın görünür ki, həmin sərnişinin mədəni səviyyəsi olduqca aşağıdır”.
Sosioloq Qızılgül Abbasovanın sözlərinə görə, bizdə nə sərnişin, nə də sürücülük mədəniyyəti hələ kifayət qədər inkişaf etməyib.
Ümumiyyətlə, qadınlar nədənsə ictimai nəqliyyatda özlərini daha kobud, daha tələbkar aparırlar: "Mən özüm ictimai nəqliyyatdan istifadə edirəm. Bir gün yanımda oturan qadın sürücüdən avtobusu saxlamasını istədi. Sürücü buna görə 120 manat cərimələnəcəyini bildirsə də, qadın əhəmiyyət vermədən dərhal avtobusu saxlatdırdı. Lakin heç kəs bunu başa düşmür. Sanki qadınlara hansısa imtiyazlar verilməlidir. Baxmayaraq ki, mən də qadınam, amma hesab edirəm ki, sərnişinlər hamısı bərabərhüquqlu olmalıdır. Təbii ki, bəzən yaşa görə hansısa qadına hörmət oluna bilər, lakin qanun hamı üçün birdir.
Yəqin həmin qadının problemləri olub və ya harasa tələsib deyə belə hərəkət edib. Amma hər nə olur olsun, onun özünü belə aparmağına heç nə ilə haqq qazandırmaq olmaz. Əgər o anadırsa, xanımıdırsa, nümunə olmalıdır. Belə hallar ona heç də yaraşıq vermir. Çox təəssüflənirəm ki, bizim belə qadınlarımız var. Düşünürəm ki, cərimələrin tətbiqi belə halların qarşısını əməlli-başlı alacaq”.
Yeganə Bayramova