Dərs götürmürlər...

Avtobus sürücüsünün sükan arxasında telefonda oyun oynaması hansı insanlığa sığır?
Deputat: “Sürücü sükanı bacısı oğluna verib yatmağa gedirdi”

Avtobus sürücülərinin davranış qaydaları, məsuliyyətsizliyi və özbaşınalığı ən aktual problemlərdən biridir. Aidiyyəti qurumlar tərəfindən təbliğatlar aparılmasına, daim mətbuatda tənqidi fikirlərin əks olunmasına baxmayaraq dəyişən bir şey yoxdur. Bu gün avtobus sürücülərinin əksəriyyəti insan həyatı üçün təhlükə mənbəyidir. Bir balaca təzyiq göstərən kimi kütləvi olaraq dedikləri bir söz var - "axşama plan verməliyəm”. Maraqlıdır, axşam verilən planlar, iş qrafikində gecikmiş dəqiqələr insan həyatından çoxmu vacibdir?

Paytaxtımızda olan növbəti özbaşınalıq isə plan və avtobusun gecikməsi ilə bağlı deyil. Anar Abdullayev adlı vətəndaş tərəfindən qeydə alınmış video görüntüdə 160 nömrəli avtobus sürücüsünün sükan arxasında əyləşərək mobil telefonda nərd oynadığı əks olunub. Bu günə qədər, çay içən, tum çıtlayıb telefonla danışaraq sərnişinlərə "xidmət” göstərən avtobus sürücülərinə rast gəlmişdik. Lakin son olay ölkədə kifayət qədər ajiotaj yaradıb. 

"Digesta” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da məsələ ilə bağlı sərt və kəskin fikirlərini bildirib. Ekspertin qənaətincə, problemin kökündə bəzi sürücülərin insan faktorundan xəbərsiz olması dayanır. Onun sözlərinə görə, sürücülərdən başqa, onları işə götürən şirkətlər də günahkardır və onlar da ən az sürücülər qədər məsuliyyət daşıyırlar: 

"Məsələnin kökü o qədər dərindir ki, görmək olmur. Münasibət bildirmək üçün normal, təhqiredici olmayan ifadələr tapa bilmirəm. Sürücü bütün beynini ətrafdan gələn informasiya üçün qapayıb. Bizim dediklərimiz, camaatın yazdıqları, sosial şəbəkələr, televiziyalar və rəhbərlikdən xəbərsizdir. Bu, insan keyfiyyətindən kənar bir əlamətdir, sürücünün hərəkətləri insana aid əlamət deyil. Baş verən hadisə bilirsiz nəyə oxşayır? Elə bil ki, qəssabxanada dananın birini bağlayıblar, o birisinin dərisini soyurlar. Dana onu görür, amma anlamır ki, nə baş verir. Məsələyə emosiyasız cavab vermək mümkün deyil. Bizim avtobus sürücüləri ilə ünsiyyətimiz olur. Deyirik ki, niyə qaydaları pozursuz? Cavabında "Planım var, pul yığmalıyam”- deyir. Bunu hardasa başa düşmək olar. Sükan arxasında nə üçün siqaret çəkdiklərini soruşanda isə, deyirlər ki, "Səhərdən axşama qədər işləyirəm. Siqaretə aludə olan adamam”. Bunu da keçdik. Amma sən telefonla oyun oynayırsan. Bu, hansı insan əlamətidir? Hansı zərurətdir? Hansı ehtiyacdır? Problemin həllini və günahını avtobusu sürücüyə verəndə axtarmaq lazımdır. Belə sürücüyə mən insan deyə bilmirəm. Necə olur ki, belə adamlar sükan arxasına keçə bilirlər? Səhv etmirəmsə, video avtomagistral yolda hərəkət zamanı çəkilib. Belə bir yolda sən sərnişinlərlə dolu avtobusu sürə-sürə oyun oynayırsan. Camaat iş yerində heç telefonu açıb baxa bilmir. Baş qarışıb pul yığmağa. Hər şey yaddan çıxıb, insanlıq kənarda qalıb, beyin informasiyalar üçün qapalıdır. Avtobus sürücülərinə inzibati formada cərimələr tətbiq edilsə də, onlar bundan dərs götürmürlər. Dəyişməliyik, belə gedə bilməz”.

"Özbaşınalıq edən avtobus sürücülərinə qarşı ictimai nəzarət olmalıdır”. Bunu isə Sherg.az-a Bakıda avtobus sürücüsünün sükan arxasında nərd oynamasına münasibət bildirərkən millət vəkili Çingiz Qənizadə deyib. O bildirb ki, Dövlət Yol Polisi əməkdaşları avtomobili bu şəkildə idarə edən sürücüləri asanlıqla təyin edə bilmədiyindən sərnişinlər etiraz etməlidirlər:

"Belə sürücülərə qarşı ictimai qınaq, etiraz olmalıdır. Bu o demək deyil ki, telefonu əlindən alıb, başına vurmaq lazımdır. Sadəcə həmin avtobusu saxlatmaq, müvafiq əlaqə telefonlarına zəng edib, şikayət etmək gərəkir. Sürücülərin məsuliyyətsizliyi həmişə olub, bundan sonra da olacaq. İşə götürənlər də bilməlidir ki, kimi işə götürürlər. Son vaxtlar tənzimləmə işləri aparılır. Əvvəllər elə hallar olurdu ki, sürücünü işə götürürdülər, o sükanı bacısı oğluna verib, yatmağa gedirdi. İndi belə qanunsuzluqlara qarşı mübarizə aparılır, müəyyən qaydalar tətbiq olunur, inzibati qanunvericiliyə, yol hərəkəti qaydalarına xeyli dəyişikliklər edilir. Amma insan faktoru həmişə mövcuddur. Belə yaramaz sürücülərə qarşı qanun pozuntusu aşkar olunana qədər qanun heç nə edə bilmir. Baş verə biləcək hadisənin qarşısını almaq üçün mütləq etiraz etməliyik. Sərnişinlər sürücünü tənqid etməli, belə əməllərdən

Yeganə Bayramova