Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlinin "Dərviş” adlı kitabı işıq üzü görüb. Ellada Umudlunun redaktorluğu ilə "EREN” GROUP” mətbəəsində çap olunan "Dərviş” kitabı şair-publisist, tərcüməçi Giya Paçxataşvili haqqında aparılan araşdırmalar, publisistik yazılar və müxtəlif zamanlarda müəllifin onunla apardığı söhbətlər, götürdüyü müsahibələr toplusundan ibarətdir.
Q.Məhərrəmlinin oxuculara təqdim etdiyi "Dərviş” Giya Paçxataşvilinin təkcə ədəbi yaradıcılığını deyil, eyni zamanda onun mənəvi portretini özündə əks etdirir. Ön söz yerinə "Dərviş” şeiri ilə başlayan Q.Məhərrəmli belə deyib:
Gəzər divanə-divanə
Parası olmayan dərviş.
Bəd niyyətlə, şər-qeybətlə
Arası olmayan dərviş.
Givini (Giya Paçxataşviliyə dostları bu cür müraciət edir) "Azərbaycan ədəbiyyatının dostu” kimi oxuculara təqdim edən müəllif hesab edir ki, Giya Paçxataşvili adlı ruh, könül adamı nəinki sadəcə Azərbaycan ədəbiyyatının dostudur, o həm də bu ədəbiyyatın dərvişi, ozanı-külüng çalanıdır. O, sükut rəngli poeziya ünvanına üz tutanların könül dünyasını aram-aram, asta-asta öz nuruna, söz nuruna bələyir: "Böyük şairdir Bizim Givi, eyni zamanda misilsiz tərcüməçidir. Jurnalist kimi, publisist kimi də bənzərsizdir. Duru adamdı Givi, duruluğu başına bəla olan duru adam. Dilli adamdı Givi. "Dilsizlərin”in dili, "ürəksizlər”in ürəyi, "gərəksizlər”in gərəyidir”.
Qeyd edək ki, müəllifin qəhrəmanı - Giya Revazoviç Paçxataşvili 1961-ci il yanvarın 29-da Qax rayonunun Qax-gürcü kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin
jurnalistika fakültəsinə daxil olub. 1982-ci ildə təhsilini davam etdirmək üçün Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilib. 1985-ci ildə universitet təhsilini "Qırmızı diplom”la başa vuraraq, Azərbaycana qayıdıb, yaradıcılıqla məşğul olmağa başlayıb. Uzun illər ərzində yazdığı biri-birindən incə, kövrək, duyğulu şeir nümunələrinin toplandığı "Sükutun rəngləri” kitabı ilə ilk dəfə 2007-ci ildə oxucuların görüşünə gəlib. Özünün dilindən başqa müəlliflərə ünvanlanan "oxucuya qalın deyil, qalan kitab lazımdır” ideyası ilə tam səsləşən bu dəyərli kitab həqiqətən də, söz sərrafı olan oxuculara bir mənəviyyat xəzinəsi kimi gərək oldu; az müddətdən sonra onlar Azərbaycan dilində biri-birindən gözəl bədii nümunələr yaradan gürcü əsilli şairin Azərbaycan türkü deyil, başqa millətdən olduğuna şübhə ilə yanaşmağa başladılar. Doğulduğu Qax torpağına sevgi özünü kitabın "Mənim Qaxım” adlı ilk bölməsində aydın büruzə verir. Biri-birinin ardınca sıralanmış Qax ovqatlı şeirlər, bayatılar, qoşmalar şairin ilk uşaqlıq dövründən vurulduğu diyara bəslədiyi övlad məhəbbətinin təcəssümüdür:
Süstlüyümü, dərdlərimi alanım,
Xəfif küləyiylə layla çalanım,
Torpağına çaylarına calanım;
Daim dağ vüqarlım, nurlu sabahım-
Mənim Qaxım.
Giya Paçxataşvilinin "Bu bahar” adlı şeirini ölkəmizin təlatümlər içərisində çabaladığı 1993-cü ilin martında qələmə aldığını vurğulayan Q.Məhərrəmli qeyd edib ki, "Giyanın Azərbaycan dərdi” şeiri də ümumxalq kədərini ürək ağrısı ilə misralara köçürən vətəndaş-şairin oxucuya növbəti mübarizlik mesajıdır.
Şəymən