Dilçilik İnstitutu Gülyanaq Məmmədovadan üzr istəyib

Gülyanaq Məmmədova: "İfamda qüsur olsaydı, bunu desəydilər, qəbul edərdim. Amma mənim nitqimdə, danışığımda dil qüsuru yoxdu"




Sənət aləmində hamıdan danışılır. Pis-yaxşı hamı müzakirə edilir. Lakin onun adı çəkiləndə qalmaqal yada düşmür. Çünki heç bir həmkarı ilə bu günə qədər adı qalmaqallarda hallanmayıb. Söhbət Xalq artisti Gülyanaq Məmmədovadan gedir. «Şərq»in budəfəki qonağı Gülyanaq Məmmədova maraqlı açıqlamalar verdi.

- Sənət aləmində qalmaqallardan uzaq olan 5-6 sənətkardan birisiz. Əsasən yaradıcılıq yeniliklərinizlə gündəmdə qalmağa üstünlük vermisiz. Nə əcəb bu günə qədər geniş solo konsert proqramı ilə tamaşaçı qarşısına çıxmamısız?

- Konsert vermək hər bir sənətçinin arzusudur, əslində hər bir sənətçi bunu etməyə borcludur. Müğənni, sənətkar ildə bir dəfə konsert verməlidir. Muğam Mərkəzində digər məkanlarda konsertlərlə çıxış etmişik. Amma təəssüf ki, Azərbaycanda geniş miqyaslı solo konsertimiz olmayıb. Bizdə həmişə bir az vaxt məhdudiyyəti olub. Bundan əlavə, təşkilatçılıq, texniki, yaradıcılıq baxımından müəyyən problemlər var ki, hamısı madiyyatla bağlıdır. Axı müğənni yaradıcılıq işləri ilə məşğul olmalıdır, konsertin texniki tərəfləri, təşkilati işləri zaman aparır. Bunun üçün mütləq təşkilatçılar olmalıdır. Bizə Yaşıl Teatrda solo konsert təklifi gəlmişdi. Nəzakət Teymurova, Şəbnəm Tovuzlu və digərlərinin konsertini təşkil edən Zaur adlı təşkilatçı bizə - mənə və bacıma konsert keçirtməyi təklif etdi. Sadəcə o dönəmlər atamı itirdik. Üstəlik, atamla yanaşı, digər doğmalarımızı da eyni dönəmdə itirmiş olduq. Ona görə də Yaşıl Teatrda konsertimiz alınmadı. Sonra təşkilatçısı ilə söhbətimiz oldu. Bir müddət biz təklif etdik ki, konsert Heydər Əliyev adına Sarayda təşkil edilsin. Nədənsə, bu təklifdən təşkilatçı çəkindi. Nəzərə alsaq ki, Saray konserti daha məsuliyyətli və çətin konsert layihəsidir, yəqin Sarayda konsert təşkil etməyə təşkilatçı risk etmədi. Amma istənilən halda inşallah, yeni ilin yaz aylarında Heydər Əliyev adına sarayda geniş solo konsert proqramı ilə çıxış etməyi nəzərdə tutmuşuq.

- Yeni bəstələr necə, konsert üçün nəzərdə tutulurmu?

- Bəli, artıq indidən repertuar üzərində düşünürük. Hazırda Ruslan Səfəroğludan bir bəstə almışım. O mahnıya klip çəkilməsi də nəzərdə tutulub. Konsert ciddi layihə olduğu üçün burada tamaşaçı sənətçidən yenilik, maraqlı ifa gözləyir.

- Atanızı itirdiz. İnsan hər yaşda valideyn sığalına ehtiyac hiss edir. Bu itki yaradıcılığınıza təsir etdimi?

- Təbii ki, insan hər yaşda valideyn sevgisinə ehtiyac duyur. Atamın itkisi bizi sarsıtdı. Hətta səsimə belə təsir etdi. Yavaş-yavaş səsimdəki problem aradan qalxır. Allah heç kimi doğmalarının yoxluğu ilə imtahana çəkməsin. Anam sağdır. Onun varlığından təsəlli tapırıq.

- Həyat yoldaşınız sizə bu ağır vaxtlarda dəstək oldumu?

- Həyat yoldaşım mən onu tanıyan gündən bu vaxta qədər hər gün mənə dəstəyini hiss etdirir. O bilir ki, mən ailəyə, doğmalarıma nə qədər bağlı insanam. Ona görə də daha həssas günlərimdə xüsusilə dəstəyini hiss etdim, mənə təsəlli verirdi.

- Sənət aləmində siz sakit təbiətli sənətçi kimi tanınırsız. Amma sizi sevməyən həmkarlarınız var yəqin. Heç bəzi sənətçilərin sizə qarşı paxıl olduğunu hiss etmisiz?

- Təbii ki, sənət aləmində paxıllığın olması təbiidir. Əslində hər sahədə öndə olana, uğur qazanana paxıllıq edirlər. Sizə uğurlarınıza görə paxıllıq edən jurnalist həmkarlarınız olmayıb?

- Bu, hər sahədə var. Mənim və Gülyazın da paxıllığını çəkənlər var.

- Yəni sizə paxıllıq edənləri tanıyırsız?

- Elə olar ki, bunu hiss etməyəsən? Mümkün deyil. Yalançı gülüşü, yalançı münasibəti hiss etmək olur. Mənim uğurlarıma paxıllıq edənlər var. Bunu bilirəm. Sadəcə heç vaxt büruzə vermirəm. Allah köməkləri olsun. İnsan paxıllıq hissi ilə ruhunu doldurmamalıdır. Onda çürüyürsən. Mən heç vaxt kimsənin uğuruna paxıllıq etməmişəm. Allah kimə nə qədər ruzi, şan-şöhrət veribsə, o qədəri də qismətindir. Mən paxıllıq etsəm, onun pərəstişkarı məni sevməyəcək ki? Hər kəs şükr etməyi bacarmalıdır.

- Gülyaz xanımla əvvəllər səhnədə tez-tez bir yerdə görünərdiz. Son vaxtlar isə hər ikiniz solo fəaliyyətlə məşğulsuz. Bunun səbəbi nədir?

- Gülyazla qapı qonşuyuq (gülür). Sadəcə, ayrı-ayrı teatrlarda çalışırıq. O, Opera və Balet Teatrında, mən isə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında çalışıram. Nə vaxt Gülyazı Mahnı Teatrının solisti kimi təqdim etsələr, əsəbiləşir. Deyir ki, mən Opera və Balet Teatrının solistiyəm. Axı onun da öz iş planları var. Mən səfərə gedirəm, o isə tamaşalarda çıxış etməli olur. Amma ayrı-ayrı ifalarımız da var. Çünki elə mahnılar var ki, duet şəklində oxuya bilmərik, iki qız üçün duet mahnı tapmaq da, oxumaq da çətindir. İstər Gülyaz olsun, istərsə də o biri bacılarım olsun, biz həmişə bir yerdəyik. Ailədə bir-birimizə sevgimiz var.

- Deyilənə görə, aranızda inciklik olub...

- Bu, yalan şayiədir. Mənim həyatda da, sənətdə də yeganə dostum Gülyaz xanımdır. Biz ailədə elə tərbiyə almışıq ki, biri-birimizə bağlı insanlarıq. Sənət mübahisələrimiz arada olur. Bu da çox təbiidir. Gülyaz xanım mənə hansısa məsləhəti verə bilər, ya mən ona nəsə deyərəm. Ailədə heç kimin söz-söhbəti olmur ki? Amma bu, sadəcə sənətlə bağlı fikir ayrılığı ola bilər. Biz nəinki Gülyazla, ailədə digər doğmalarımızla da biri-birimizə sevgiylə yanaşan insanlarıq. Tanınmışlıq-filan, bunların ailə münasibətlərinə qətiyyən aidiyyəti olmur. Birimizin köməyə ehtiyacı var, məsləhətləşib ona kömək edirik. Ailədə birlik gözəl hissdir.

- Dilçilik İnstitutu dilində qüsur olan bir neçə sənətçinin adını təqdim etdi. O siyahıda sizin də adınıza rast gəldik. Bu sizə təsir etdimi?

- Təbii ki, çox təsir etdi. Əvvəla, mən o iradı qətiyyən qəbul etmirəm. Mənim dilimdə, danışığımda, ifamda qüsur olsaydı, mən bu irada susardım. Amma qəbul etmirəm. Mən pedaqoqam, tələbələrim var. Mən onlara düzgün tələffüs öyrədirəmsə, mənim dilimdə necə qüsur ola bilər? Mən bilmirəm o monitorinqi kim keçirib, hansı meyarlarla sənətçilərin dil qüsurunun olub-olmaması ölçülüb. Bəlkə heç monitorinqi keçirənlərin özləri dilçilikdən xəbərsizdilər?

- Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən bu monitorinq keçirilib. Yəni peşəkar mütəxəssislərdi deyirlər...

- Mən bilmirəm o monitorinq necə aparılıb. Amma bu söhbəti eşidən günü çox pis oldum, hətta qəzəbləndim. Əvvəl Gülyaza demək istəmədim ki, o da pis olmasın. Amma gördüm mətbuatda çox yazıldı. Ona da dedim ki, bəs belə bir məsələ var. Gülyaz məndən fərqli olaraq bu monitorinqi keçirilən məkanla əlaqə yaratdı, sona qədər məsələnin kökünü araşdırdı. Ordan bizə Sevinc adlı xanım telefon açaraq məlumatın mətbuatda yanlış getdiyini, bizdən üzr istədiklərini bildirdi. Dilçilik İnstitutundan bizə bildirildi ki, mətbuatın səhvidir, biz sizin adınızı dilində qüsur olan sənətçilərin sırasında təqdim etməmişik. Mətbuatda məlumat yanlış yerləşdirilib, buna görə sizdən üzr istəyirik. Mənim bildiyim bu qədər olub. 

Çox pis olmuşdum. Axı mən efirdə, ifamda heç vaxt səhvə yol verməmişəm. Qaldı ləhcə məsələsinə, şəkiliyik. Hərdən bir az şirinlik olsun deyə danışanda şou tipli verilişdə bölgənin ləhcəsi ilə danışmışıqsa, niyə bunu qüsur olaraq görürlər? Mən adi danışığımda ləhcə ilə danışmıram, efirdə buna diqqət yetirirəm. Bir də ləhcə ilə danışmaq nə vaxtdan dil qüsuru sayılıb ki? İfamda qüsur olsaydı, bunu desəydilər, qəbul edərdim. Amma mənim nitqimdə, danışığımda dil qüsuru yoxdu. Bu iradı qətiyyən qəbul etmirəm.

Tahirə Məmmədqızı