"...Dilqəm Əgərov və Şahbaz Quliyev azad olunacaq” - Girovun oğlu

Kürdoğlu Əsgərov:" Bütün hallarda mən dövlətimə və prezidentimizə inanıram və ümidlə gözləyirəm”



"Həmişə demişəm ki, Azərbaycanın səyləri nəticəsində girovlarımız- Dilqəm Əgərov və Şahbaz Quliyev azad olunacaq”.

Bunu "Sherg.az”a Dağlıq Qarabağda girov saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversantların dəyişdirilməsi məsələsindən danışarkən D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov söyləyib. 

Onun sözlərinə görə, bununla əlaqədar fəaliyyətini davam etdirir:

"Fevral ayının 20-dən sonra hüquq müdafiəçisi Əhməd Şahidovla birlikdə Türkiyəyə səfərimiz baş tutacaq. Xocalı soyqırımı ərəfəsində İstanbulda keçiriləcək tədbirlərdə çıxışımız nəzərdə tutulub. Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətində işıqlandırmağa çalışacağıq. Ən əsası girovlarımızın azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyəcəyik. Biz öhdəmizə düşən işləri dövlətin də yardımı ilə etməyə çalışırıq.

Bütün hallarda mən dövlətimə və prezidentimizə inanıram. Hər zaman dediyim kimi, Ramil Səfərovu Macarıstandan, ömürlük həbsdən azad edən Prezident, D.Əsgərov və Şahbaz Quliyevin də azadlığa çıxmasına nail olacaq. Buna inanıram və ümidlə gözləyirəm”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanan erməni diversantlarla dəyişdirilməsi məsələsini Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupun rəhbəri İsmayıl Axundov gündəmə gətirib. O vurğulayıb ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət edilib.

Aysel Aslan