Dilqəm Əsgərovla Şahbaz Quliyev azadlığa qovuşa bilər

Avropa Şurasında müşahidə olunan mənzərədə dəyişiklik var, ona görə də bəzi şeylərə ümid etmək olar




Millət vəkili Qənirə Paşayeva AŞ PA-da ermənilərin girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması məsələsini qaldırıb. Deputat girovlarımıza qarşı törədilən vəhşiliyin fotolarını nümayiş etdirib və Nazirlər Komitəsinin yeni sədrini onların azadlığa buraxılması üçün addımlar atmağa çağırıb.

Parlamentari bəyan edib ki, Ermənistan qeyri-qanuni olaraq girov saxladığı, işgəncə verdiyi vətəndaşlarımızı beynəlxalq çağırışlara məhəl qoymadan azad etməyiblər: "Neçə aylardır Ermənistanın qanunsuz olaraq girov saxladığı 2 azərbaycanlının, Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində onların ailəsi sizdən dəstək gözləyir. AŞ Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen isə bildirib ki, Avropa Şurası tərəflər arasında sülh üçün zəruri olan inam şəraitinin formalaşmasına dəstək ola bilər. Ekspertlərin fikrincə, AŞ PA-da baş verən son kadr dəyişiklikləri və yeni simaların Azərbaycanla bağlı səsləndirdikləri müsbət ifadələr ölkə ictimaiyyətində nikbinlik yaradıb. Bu baxımdan güman edilir ki, "yeni” AŞ PA girovların azadlığı ilə bağlı hansısa konkret addım ata bilər.

Məsələni "Şərq”ə dəyərləndirən millət vəkili Elman Məmmədov deyib ki, həmişə bizə qarşı aqressivliklə çıxış edən AŞ PA-nın sabiq sədri Yaqlandın mövqeyi artıq dəyişib. 

İndi o, Azərbaycanın xeyrinə fikirlər səsləndirir. Deputatın sözlərinə görə, ötən gün çexiyalı deputat da beynəlxalq qurumların Azərbaycana qarşı ədalətsiz davrandığını etiraf edib: 

"Yaxşı haldı ki, artıq Avropa Şurasının deputatları əksər hallarda Azərbaycana qarşı qərəzli olduqlarını özləri etiraf edirlər. Onlar çox vaxt erməni tərəfinin ötürdüyü yoxlanılmamış qərəzli informasiyalara əsaslanaraq ölkəmiz əleyhinə ifadələr səsləndiriblər, Azərbaycana təzyiqlər ediblər. Hazırda müşahidə olunan mənzərədə dəyişiklik var, ona görə də bəzi şeylərə ümid etmək olar. Hörmətli Qənirə xanımın AŞ PA-dakı çağırışı mühümdür. Şübhəsiz ki, ən dəyərli müraciət və xəbərdarlıq ölkə başçısı İlham Əliyev tərəfindən beynəlxalq qurumlara ünvanlanıb. Həmçinin, Xarici İşlər Nazirliyi və Milli Məclis tərəfindən, o cümlədən parlament üzvləri və media nümayəndələri vasitəsi ilə girovlarımızın azad edilməsi məsələsi gündəmə daşınıb. Bütün bunlar yavaş-yavaş öz təsirini göstərməkdədir. O baxımdan ümidlə yanaşmalıyıq ki, nə vaxtsa bu cırtdan, yaramaz, kriminal və işğalçı dövlətə qarşı sərt addım atılacaq, təzyiq göstəriləcək”.

 E.Məmmədov vurğulayıb ki, burada söhbət sadəcə girovlarımızın azad olunmasından getmir. Eyni zamanda torpaqlarımızın düşməndən təmizlənməsi və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi məsələsi ön planda dayanır:

 "Mən Azərbaycan vətəndaşı və millət vəkili kimi çox arzu edərdim ki, qanunsuz girovluqda saxlanılan və daim işgəncələrə məruz qalan vətəndaşlarımız öz azadlıqlarına qovuşsunlar. Bu gün Ermənistanda gizli şəraitdə nə qədər Azərbaycan vətəndaşı əsirlikdə saxlanılır. Beynəlxalq qurumlar onların da taleyi ilə maraqlanmalıdır. 25 il keçməsinə baxmayaraq, bugünədək öz yaxınlarını gözləyən, gözləri yol çəkən nə qədər ailələr var”.

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı da "Şərq”ə bildirib ki, istənilən beynəlxalq tribunada Ermənistanın işğalçı siyasəti ifşa edilməli və girovlarımızla bağlı məsələ hökmən qaldırılmalıdır: 

"Nəticəsinin nə vaxt və necə olacağından asılı olmayaraq, üzərimizə düşəni etməliyik. Əgər biz ümumiyyətlə susqun qalsaq, danışmasaq, o zaman müsbət nəticəyə ümid də olmayacaq. Qənirə xanıma çox təşəkkür edirik ki, girovlarla bağlı məsələni bütün çılpaqlığı ilə qaldırdı, konkret faktlarla problemi gündəmə gətirdi. Hörmətli millət vəkili AŞ PA-da Ermənistan prezidenti Sarkisyanın çıxış etməsinə də etiraz bildirdi və dedi ki, işğalçı ölkə rəhbəri burada çıxış etməməlidir. Hesab edirəm ki, beynəlxalq təşkilatların mövqeyinin formalaşması və sonda hansısa qərarın verilməsi üçün müraciətlərin hamısı çox vacibdir”.

İsmayıl