Mövcud problemlərdən biri odur ki, dinşünas və ruhani adını daşıyan insanların çaşqın cavabları olur. Bu cavablar da cəmiyyətdə müəyyən fəsadlar törədə bilir. Jurnalistlər kimdən müsahibə aldıqlarını bilməlidirlər
Din çox həssas mövzudur
Bu sahədən yazan, bu işin incəliklərini bilən jurnalistlərə ehtiyac var
Mövcud problemlərdən biri odur ki, dinşünas və ruhani adını daşıyan insanların çaşqın cavabları olur. Bu cavablar da cəmiyyətdə müəyyən fəsadlar törədə bilir. Jurnalistlər kimdən müsahibə aldıqlarını bilməlidirlər
Mövcud problemlərdən biri odur ki, dinşünas və ruhani adını daşıyan insanların çaşqın cavabları olur. Bu cavablar da cəmiyyətdə müəyyən fəsadlar törədə bilir. Jurnalistlər kimdən müsahibə aldıqlarını bilməlidirlər
(…əvvəli ötən sayda)
Din və media mövzusu həmişə aktual olub. Media söz və fikir azadlığının, sərbəstliyin, azad düşüncə tərzinin geniş meydanı olaraq sosial həyatın mühafizəkar sahəsi hesab edilən dinə də həmişə yer ayırıb. Aralarındakı fərqliliyə baxmayaraq hər iki sahənin ümumi maraqları daha böyük və keçilməzdir. Bu da milli-mənəvi dəyərlərdir. Media da milli dəyərlərin bəzən görməzdən gəlinməsi səbəbi ilə zaman-zaman tənqid olunur, eyni hal, aşırı radikallıq, yad ideologiyaların milli dəyərlər pərdəsi arxasında gizlədilməsinə cəhdlər edildikdə dinə münasibətdə yaşanır.
Halbuki, media dini dəyərlərin təbliği və dini maarifləndirmənin aparılmasında ən böyük yardımçı ola bilər. Məsələni qəlizləşdirən və bu iki sahənin bəzən biri-birindən uzaqlaşdırılmasına gətirib çıxaran amillər var. Onlardan biri də naşı jurnalistlərin dindən yazması, dini dəyərlərə bələd olmadıqları halda, ittiham tonunda məqalələr işləməsidir.
Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan dini dəyərlərin təbliğində medianın rolu böyükdür. Lakin vacib olan əsas məqam odur ki, özəlliklə jurnalistlər arasında dini mövzularla bağlı təbliğat aparılmalıdır. Əksər mütəxəssislərin fikrincə, bu sahədən yazan jurnalistin həm dini bilikləri, dinlərlə tanışlığı olmalıdır, həm də mövcud dini şəraiti, şərtləri bilməlidir. Təbii ki, dini mövzudan yazan jurnalistin ilahiyyatçı olmasına gərək yoxdur. Elementar bilikləri olsa, yetərlidir. Çünki din həssas mövzudur, son illərin təcrübəsi də göstərdi ki, dünyada buna görə böyük qarmaqarışıqlıqlar, etirazlar baş verib. Bu səbəbdən dini mövzunu ən azı elementar bilgisi olanların yazması daha yaxşıdır. Digər tərəfdən ekspert və ilahiyyatçıları da seçərkən diqqət etmək lazımdır.
Dini məqalələr sadəcə bu sahə üzrə ixtisaslaşmış, dini yaxşı bilən jurnalistlər tərəfindən yazılmalıdır, yoxsa istənilən jurnalist bu məsələyə toxuna bilər? Bəlkə, ümumiyyətlə mətbuatda dini mövzulara təmas etmək lazım deyil? Əksər ekspertlər hesab edirlər ki, dini məqalələrlə bağlı ortaya çıxan problemlər ölkədə dini maarifləndirmənin zəif olması, jurnalistlərin ixtisaslaşmaması və dini biliklərinin aşağı səviyyədə olması ilə əlaqəlidir.
"Yeni Müsavat” qəzetinin əməkdaşı, dini mövzularda yazıları ilə tanınan Kənan Rövşənoğlunun fikrincə, radikalizmin aradan qalxmasında medianın rolu olduqca böyükdür: "Son illərin də təcrübəsi göstərdi ki, radikal dini qruplar mediadan, xüsusən də yeni mediadan çox peşəkarcasına istifadə edir. Bunu xüsusən də son illərdə Yaxın Şərqdə baş verən hadisələr, İŞİD-in fəaliyyətində gördük.
Mediada dini mövzuların geniş yazılmasına gərək yoxdur əslində. Çünki din spesifik sahədir, o barədə mütəxəssis olan şəxslər yaza bilər. Ona görə də dini mövzuları daha çox ixtisaslaşmış dini media orqanları işləməlidir. Amma peşəkar KİV daha çox aktual dini məsələlərə toxuna bilər. Məsələn, Ramazan ayının, Məhərrəmliyin başlaması, ya da onlarla bağlı ümumi məlumat xarakterli xəbərləri verə bilər.
Media ictimai rəyə güclü təsir edən vasitədir, onu cəmiyyətin bütün təbəqələri izləyir. Ona görə də medianın dini mövzularda daha çox tolerant davranması, dinlər, məzhəblər arasındakı ixtilafları gündəmə gətirməkdən qaçmalıdır. Bu cür mövzular min illərdir həllini tapmayan mövzulardır. Onları mediaya gətirmək olmaz. Bu cür ümumi kriteriyalar nəzərə alınmaqla, daha çox tolerantlıq və fərqli dəyərlərə bərabər məsafə saxlamaqla dini mövzuları ümumi bir çərçivəyə salmaq olar”.
Demokratik Jurnalistlər Liqasının sədri, tanınmış jurnalist Yadigar Məmmədli isə hər zaman dini mövzuların mediada aktual olduğunu deyib: "Amma son dövrlərdə baş verən hadisələr bir daha sübut edir ki, din həssas mövzu olaraq qalır. Belə mövzulara nə qədər diqqət ayrılmasa, deməli, cəmiyyətdə ciddi fəsadlar törədir. Yəni müəyyən dini sektalar yaranır, gənclər bu sektalara, hətta terror təşkilatlarına qoşulurlar. Azərbaycanda da belə hadisələr müəyyən zaman baş verib. Bizim də bir sıra vətəndaşlarımız ərəb ölkələrində, müharibə ocaqlarında din adı altında aldanılaraq müəyyən sektalara qoşulublar. Bu baxımdan dini mövzular mediada hər zaman aktualdır. Azərbaycanda bu məsələ ilə bağlı müəyyən işlər görülür. Məlumdur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var.
Dini komitə bu sahədə müəyyən maarifləndirmə işləri aparır və tez-tez Mətbuat Şurası və media rəhbərləri ilə görüşlər keçirilir. Ötən ildən yeni İlahiyyat İnstitutu yarandı. Əvvəlcə bizdə İslam Universiteti var idi. Bəzən sual verirdilər ki, nə üçün İslam Universitetinin adı dəyişdirilib İlahiyyat İnstitutu oldu? İslam yalnız dinlərdən biridir. Azərbaycanda çoxluq təşkil edən dindir. Amma bütövlükdə ilahiyyatın geologiya kimi öyrənilməsinə ehtiyac var. Yəni digər dinləri də öyrənmək lazımdır. Başqa dinlər də təbliğ olunmalıdır və bu dinlər bir-birinə qarşı deyil, insanları birgə yaşamağa sövq etməlidir. Əslində səmavi dinlərin hər biri insanları birliyə, qardaşlığa, əmin-amanlığa səsləyir. Amma çox təəssüf ki, bəzən dindən başqa formada istifadə edirlər. Bu baxımdan geologiya elmi də İlahiyyat universitetində tədris olunur. Bunların hər biri müsbət addımlardır. Amma qeyd etdiklərimizin hamısı media üzərindən keçməlidir. Yəni media bu mövzuları yaymalıdır və belə işlərin içində daha da sıx olmalıdır”.
Y.Məmmədlinin fikrincə, çatışmayan cəhətlərdən biri də dini mövzularda yazanların sayının az olmasıdır:
"Dindən yazan jurnalistlər mütləq çoxalmalıdır. Necə ki, iqtisadiyyatla, idmanla bağlı mövzular aktualdır, bu mövzularda jurnalistlər var. Eyni qaydada dini sahədə də belə jurnalistlər olmalıdır. Dindən yazan, bu işin incəliklərini bilən jurnalistlərə ehtiyac var. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə İlahiyyat İnstitutu intensiv formada işlər aparmalıdır. Birgə təlimlər, seminarlar keçirilməlidir və seminarlarda çoxlu sayda jurnalistlərimiz bu sahə üzrə mütəxəssis kimi formalaşmalıdırlar. Bütün bunların dini dəyərlərin təbliğ olunması işinə xeyri var.
Mövcud problemlərdən biri odur ki, dinşünas və ruhani adını daşıyan insanların çaşqın cavabları olur. Bu cavablar da cəmiyyətdə müəyyən fəsadlar törədə bilir. Jurnalistlər kimdən müsahibə aldıqlarını bilməlidirlər. Deməzdim ki, din üzrə bilici adamlarımız yoxdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə İlahiyyat İnstitutu arasında birgə layihələr keçirilsə, bunun ikitərəfli xeyri olar. Bu, həm jurnalistlərə, həm də din adamlarının özlərinə müsbət təsir göstərə bilər. Nəticə olaraq belə məsələlərin dövlətimizə, cəmiyyətimizə xeyri olacaq.
Çünki bu mövzu bilavasitə dövlətin, millətin məsələsidir.
Din elə bir mövzudur ki, bir anda toplumun böyük bir kəsimini yerindən oynada bilər. O baxımdan hər kəsin din mövzusunda yazması məqsədəuyğun deyil. Düzdür, xəbər yazanlar gördüklərini olduğu kimi xəbərə çevirib yaza bilərlər. Amma hətta bu halda belə nəyi və necə yazmağı bilməlidirlər.
Ümumiyyətlə isə bu məsələdən ixtisaslaşmış jurnalistlərin yazması daha məqsədəuyğundur. Özəlliklə din mövzusunda təhlil və şərhlərin müəllifləri sahənin bilicisi olmalıdır”.
Y.Məmmədli bildirib ki, dini bilgisi zəif olan, ümumiyyətlə, dini mühitdən başı çıxmayan şəxslər islami məsələləri çox yanlış anlayır və o cür də təbliğ etməyə başlayır:
"Din və ona bağlı olan mövzular dərin mənalı və geniş səviyyəli bir elmdir. Tam dəqiq anlayışdır ki, dini bilgisi olmayan şəxslərin dindən danışması və ya dini mövzuları müzakirə etməsi bir növ təbabət elmindən anlayışı olmayan bir şəxsin cərrahiyə və ya hansısa xəstəlik haqqında verəcəyi qeyri-dəqiq məlumata bənzəyir. Bunun üçün hər bir jurnalistin, media nümayəndəsinin üzərinə düşən vəzifələr var. Yaxşı olar ki, jurnalistlə dini məsələlərə şou xarakterli yanaşmasınlar və dini mövzuları yalnız bu sahəni dərindən bilən mütəxəssislərlə məsləhətləşib, onlardan münasibət alıb yazsınlar”.
Jurnalistin sözlərinə görə, dini radikalizm dini biliklər az olan yerlərdə olur:
"Hansı ki, ictimaiyyətin heç nədən xəbəri yoxdur. Bu məsələləri ictimailəşdirməklə, cəmiyyətin müzakirəsinə çıxartmaqla aradan qaldırmaq olar. Hazırda sosial şəbəkələr hər şeyi üstələyib. Bir çox məsələlər məhz sosial şəbəkələrdə yayılır və müzakirə olunur. Amma sosial şəbəkələrdə dini mövzunu bilməyənlər fikir bildirirlər. Şəxsən mən dəfələrlə şahidi olmuşam ki, hər hansı bir mövzu ilə bağlı dini bayramlar, mərasimlər zamanı bu, dövlət səviyyəsində qeyd edilir. Bununla bağlı bir çox mənfi və ziyanlı fikirlər səslənir. İnternet media xəbərlərin verildiyi bir məkandır. Orada jurnalistika var. Lakin sosial şəbəkələrdə jurnalistika olduğunu deyə bilmərik. Ona görə də insanlar çaş-baş qala bilirlər. Bu baxımdan dini radikalizmin qarşısının alınmasında məhz bu məsələlərin daha çox üzərinə gedilməlidir. Həmçinin elm adamlarının da fikirləri çox önəmlidir.
Bəzən bir çox şəxslər bilgilərə sahib olmadıqları halda fikir bildirirlər. Elə insanlar var ki, onların övladları Azərbaycanda yaşamır və başqa ölkədə dini radikal qruplara qoşulurlar. Valideynin sonradan xəbəri olur. Lakin bu sahədə elementar bilikləri olsaydı, problemin qarşısını almaq mümkün olardı. Bunun üçün də dini dəyərlərin təbliğində, eyni zamanda dini radikalizmin aradan qaldırılmasında medianın rolu əvəzsizdir”.
Yeganə Bayramova