“Gəncləri dini radikalizmə yönləndirməyə çalışanlar, adətən əvvəlcə nümunəvi imic yaratmağa başlayır”
İyunun 28-də Beynəlxalq Mətbuat Mərkəzində "Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə və təşviqat işinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib. Layihənin təşkilatçısı olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi dini ekstremizmə qarşı maarifləndirmə məqsədilə müxtəlif fəaliyyət sahibi gəncləri və tələbələri birləşdirib.
Tədbirdə gənclərlə fikirlərini bölüşən millət vəkili Elman Nəsirli dini ekstremizmlə mübarizənin bu gün kifayət qədər aktual olduğunu qeyd edib. Millət vəkili hazırda İŞİD-in timsalında din adı altında gənclərin mənfi istiqamətlərə yönləndirilməsini də pisləyib: "Etiraf etməliyik ki, bu gün dini ekstremizmə cəhd edən gənclər arasında ali məktəb bitirmiş, diplomlu övladlarımız da var. Lakin diplom almaq hələ mənəvi və savad cəhətdən tam formalaşmaq demək deyil. Biz çalışmalıyıq ki, gənclərimiz bu kimi problemlərə qarşı öz mövqeyini ortaya qoya bilsin. Əlbəttə ki, normal savadlı gənc onu dini ekstremizmə cəlb etməyə çalışan qüvvələrə aldanmır. Gəncləri dini radikalizmə yönləndirməyə çalışanlar adətən, əvvəlcə nümunəvi imic yaratmağa başlayır, maddi vəsaitlərlə gənclərə müxtəlif vədlər verir, onları aldadırlar. Bu vədlərə uymamaq üçün gənclərin maarifləndirilməsinə, düzgün istiqamətdə təbliğat aparılmasına ehtiyac var. Biz bu istiqamətdə tədbirlərin gücləndirilməsinə çalışırıq”.
Çıxışının davamında bu il baş verən Nardaran hadisələrindən misal gətirən Elman Nəsirli oxşar tendensiyanın təkrarlanmayacağına zəmanət verilmədiyini deyib. Onun sözlərinə görə, xaricdə təhsil almağa gedən azərbaycanlı gənclər də bu məsələdə diqqətli olmalıdır: "Mən dəfələrlə rastlaşmışam ki, bizim ali təhsil almaq üçün xaricə göndərdiyimiz tələbələr müxtəlif təsirlərə düşərək, qeyri-düzgün, hətta Azərbaycanın xarici imicinə xələl gətirə biləcək təbliğatlarla məşğul olurlar. Ona görə də mən həmişə qeyd etmişəm ki, gəncləri xaricdə təhsil almaq üçün göndərmək bilik verməyin hələ yarısıdır. Həmin gənclərlə getdikləri ölkələrdə də iş aparmaq lazımdır. Bu istiqamətdə bizim daha çox təbliğat mərkəzlərinə ehtiyacımız var”.
Tədbir gedişində çıxış edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsul nümayəndəsi Məzahir Quliyev və Gənc Diplomatlar Birliyinin sədri Eltun İbrahimov da dəyərli fikirlərini gənclərlə paylaşıblar.
Tədbirin sonunda ekspertlər və millət vəkili gənclərlə interaktiv şəkildə fikir mübadilələri aparıb, onların suallarını cavablandırıblar.
Aysel Aslan