Dini radikallar bağçalarımızda...- ZİYALILARDAN SOS SİQNALI

Fazil Mustafa: “Bu millətin fidanlarını da xəstəliyə yoluxdurmağa çalışırlar”İlqar Altay: “Onlar bütün ölkə boyu hücuma keçiblər”
Azərbaycanda körpələr evində, 2-5 yaşlı uşaqların iştirakı ilə din adı altında qəm, əzadarlıq məclisi keçirilib. Əkbər Hüseyni adlı sosial şəbəkə istifadəçisi bu məsclisə dair şəkilləri öz səhifəsində yayaraq yazıb ki, onlar uzun zamandır İmam Hüseyn və Kərbəla şəhidlərinin adına qurulan məclisləri məscidlərdə və evlərdə təşkil ediblər. Ancaq bu gün həmin sərhədləri daha genişləndirib, körpələr evində balaca fidan balalarla xanım Rüqəyyə ve Həzrəti Əli Əsğər adına qəm gecəsi qurublar. Məsələ burasındadır ki, qanunvericilik körpələr evində belə əzadarlıq məclislərinin qurulmasına icazə vermir. Azyaşlılar arasında dini təbliğat üçün mütləq valideynindən icazə alınmalıdır. Körpələr evinin aid olduğu icra hakimiyyəti orqanının da mütləq icazəsi olmalıdır. Maraqlıdır, görəsən bağça müdirinin icazəsi olmadan bir vətəndaş bağçalara buraxılmadığı halda bu təxribatçılar həmin bağçaya necə daxil olub, məclis təkil ediblər? Bundan başqa, körpə fidanlar arasında bu cür təbliğatların aparılmas nə dərəcədə düzgündür? Şübhəsiz ki, bu kimi suallar ictimaiyyət nümayəndələrini də ciddi narahat etməyə başlayıb və onlar məlum hadisəyə kəskin reaksiya veriblər. 
Sherg.az-ın xəbərinə görə, millət vəkili Fazil Mustafa qeyd edib ki, həmin şəxslər bu millətin fidanlarını da xəstəliyə yoluxdurmağa çalışırlar: 
" Bu QUM saatı ilə işləyən Vətən xainlərinə qarşı dövlətin qanunlarını ən sərt formada tətbiq etmək lazımdır. Xüms vergisi adı ilə Azərbaycanda xeyli iş adamı öz pullarını qonşu dövlətə göndərərək dolayı yolla Ermənistana dəstək verir, terrora dəstək verir, məsələnin ciddiliyini hələ də dərk edəcək səlahiyyət sahibi tapmaq mümkün deyil. Heç olmazsa "Xəzər" TV-nin əməkdaşlarına minnətdar olmalıyıq ki, ölkəmizin hansı təhlükə ilə üz-üzə qaldığını insanlarımıza nümayiş etdirdilər".
Kriminalist ekspert İlqar Altay da bəyan edib ki, bu, təəccüb deyil, məəttəl qalınası işdir: 
" Dövlət və cəmiyyət çalışıb, xalqın yalnız bir qismi tərəfindən qəbul edilən-edilməyən imam Hüseyn-Kərbala şəhidlərinin adına keçirilən, kütlə heysiyyatı ilə oynayan ekstravaqant ifrat-süni qəm, ağlaşma yaratma, qanlı-qansız əzadarlıq göstərmə kimi radikal davranışları tənqid-təqib edir. Bir təhər küçə-bayırdan yığışdırıb məscid və evlərə daşıtdırır. Bunlar isə bu tərəfdən, böyük nəsilə belə rəva billinməyən tədbirlərini 2-4 yaşlı uşaqların tərbiyə müəssisələrinə daşıya bilirlər. Həyata təzə göz açmış və kifayət sevinc yaşamamış Kərbala tanımayan körpələrə Kərbala müsibəti qəmi yaşatdırırlar. Bu necə olur?
Əvvəla, ən qayğılı, ən kövrək kiçik nəslin etibar olunduğu körpələr evinin rəhbərliyi bu cür ictimai yanlışa necə imkan verib, bu qəribədir. Bizim bu, Nərimanov rayonu ərazisində bir uşaq baxçası var. O gün qonşum, ata işdən tez çıxıb gəlib ki, uşağı tez götürsün, verməyiblər. Heç, bir addım da içəri buraxmayıblar ki, sizi tanımırıq, anası gəlsin, sonra. Uşaq da deyib ki, atamdır, xeyri olmayıb. Kişi 2 saat bayırda əsəblə gözləyib ki, arvadı gəlsin. Bəs bu saqqallı, özgə əmilər necə buraxılib içəri? Bu ölkədir, dövlətdir axı. Həm də, məktəb yaşına çatmamış nəsil ölkənin ən çox nəzarət tələb edən həssas yeridir.
Bir şey maraqlıdır ki, bütün ölkə bunları ifrat radikal islamçı hesab edərək (əzadarlıq özü, radikalçılıqdır) müəyyən çərçivəyə yönəltdiyi halda, bunlar yazdıqları kimi, öz sərhədlərini genişləndirməklə bütün ölkə boyu hücuma keçiblər. Hətta körpələr evinə kimi gedib çatıblar artıq. Çətin məsələdir... Əməlli-başlı gəlib, 7-ci əsr xurafatı problemi ilə üzləşmişik. Dünyanın Marsa uçduğu 21-ci əsrdə”.
Ekspert onu da qeyd edib ki, kəskin ictimai qınaq və milli-vətənpərvərlik dəstəyi olmasa, kökü gedib ərəb-fars mənbələrinə çıxan dini radikalizmlə mübarizə aparmaq tam effektli və kifayətedici olmayacaq:
 " Niyə? Hüquq-mühafizə, xüsusi xidmət orqanı üçün ən güclü kriminal avtoriteti və yaxud qanuni oğrunu hətta ən iri bandası ilə birlikdə həbs edib zərərsizləşdirmək sadə bir işdir. Ona görə ki, kriminal-cinayətkar xalq üçün aydındır, yabançı-qəbuledilməzdir və ona görə heç bir ictimai dəstəyi yoxdur. Amma, dini ekstremist indiki dövrdə özünü ustalıqla təməl-normal dinin və oradan dindar cəmiyyətin hətta ümumi xalqın içinə dürtə bilir. Metamorfoz xüsusiyyəti ilə şəraitdən asılı olaraq ictimai-siyasi rəng alıb guya ki, ölkənin, xalqın, cəmiyyətin dərdini çəkən görüntü yaradır. Görürsən, insanlar, kütlə qarşısında xeyli normal dini fikirlər söyləyir, hakimiyyəti, güzəranı və hətta erməni işğalını tənqid edir. Arada isə, dini bölücülük, radikalçılıq təbligi və hətta dövlətçiliyin və xalqın kimliyi əleyhinə qatı cinayət əməli dərəcəsində pozucu-təhlükəli çağırışlar edir. Cəmiyyət içində oyun qurmuş, cilddən-cildə girən dini ekstremist konkret qanun pozuntusuna görə həbs olunan kimi, özünü ya adi təmiz dindar, ya da siyasi məhbus kimi qələmə verib hay-küy salır. Və cəmiyyətin müəyyən hissəsi hətta buna inanır və hüquq-mühafizə sistemini qınayır da. Bunların həyasız səs-küyünün səsi hətta bəzi "hüquq müdafiəçiləri” hesabına uzaq xarici tribunalardan da gəlir. Bütün bunlar isə təbii ki, həmin cinayətkarların operativ zərərsizləşdirilməsi, həbsi, istintaqı və mühakiməsini çətinləşdirə və əngəlləyə bilir.Bu baxımdan, dövlətinin və xalqın birliyinin, ictimai sabitliyinin qədrini bilən ictimai kəsimin, ziyalılar və tələbələrin, xüsusilə milli-vətənpərvər qüvvələrin, bu ölkəni dağıtma təhlükəsində olan dini ekstremizm və radikalizmə qarşı təpki göstərməsinə ehtiyac var. İctimai təpki bu məsələdə daha effektli olar”.
Ayyət Əhməd