Diplomatiyanın qələbəsi...
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Müstəqil xarici siyasət həyata keçirən Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlıqda maraqlı olan ölkəmiz bu yöndə konkret addımlar atır. Bərabərhüquqlu əlaqələrin təmin edilməsi prosesinə öz töhfəsini verir. Bu baxımdan qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yeri daha da möhkəmlənib.
Bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa və dünya birliyinə inteqrasiyası xeyli sürətlənib. Məlum faktlar deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq. Ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək. Bundan başqa, heç kimə sirr deyil ki, uzaqgörən daxili və xarici siyasətin reallaşması nəticəsində hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib. Bölgədə sülhün, təhlükəsizliyin və inkişafın simvoluna çevrilib. Bu gün ölkəmiz ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən alqışla qarşılanır. Şübhəsiz ki, qazanılan uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır.
"Cənub Qaz Dəhlizi” və TANAP ölkəmizin beynəlxalq nüfuzunu artırır
Ölkəmizin dünya birliyinə inteqrasiyasından söz açan millət vəkili Aydın Hüseynov diqqətə çatdırıb ki, son illərdə Azərbaycan regionda ən strateji nəqliyyat-kommunikasiya, enerji dəhlizlərini həyata keçirir:
"Zəngin təbii ehtiyatlarımız ölkəmizin inkişafı və milli rifahının təmin olunması üçün perspektivlər yaradır. Onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycanın və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir. Azərbaycan regionda genişmiqyaslı enerji-kommunikasiya dəhlizlərinin davamını gətirən qərarlar qəbul edib. Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsinin ardından regionda daha yeni bir nəhəng trans-kommunikasiya marşrutunun yaradılması üçün qətiyyətli addım atdı. Bu, Azərbaycanı dünyaya bağlayacaq strateji nəqliyyat dəhlizi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti idi. Bundan başqa "Cənub Qaz Dəhlizi” və onun tərkib hissəsi olan TANAP layihəsi prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində atdığı qətiyyətli addımlardan biridir.
Bu kimi beynəlxalq layihələrin həyata keçirilməsində Türkiyənin, xüsusilə prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstəyini qeyd etmək mütləqdir. Türkiyə ilə Azərbaycanın beynəlxalq arenada biri-birini dəstəkləməsinin nəticəsidir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu və nəhayət, "Cənub Qaz Dəhlizi” kimi layihələr uğurla reallaşdırıldı. "Cənub Qaz Dəhlizi” və bunun fonunda TANAP layihəsi Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Azərbaycanın dünyadakı mövqeyi də möhkəmlənməkdə davam edir”.
Dünya Azərbaycanı daha yaxından tanıyacaq
Millət vəkili Asim Mollazadə vurğulayıb ki, son zamanlar Azərbaycanda siyasət, mədəniyyət və idmanla bağlı beynəlxalq tədbirlərin keçirilməsi, ölkəmizin TANAP və "Cənub Qaz Dəhlizi” kimi nəhəng layihələrdə təşəbbüskar rolunda çıxış etməsi, ölkəmizin Avropaya daha yaxından tanıdılması, özünə layiqli yer tutması baxımından çox faydalıdır:
"Ölkəmiz 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında iki illik qeyri-daimi üzv seçildi. Bura üzv seçiləndən sonra ölkəmiz həmin təşkilatda beynəlxalq hüquq normalarının müdafiəsi nəticəsində, hüququn aliliyini qorumaqla kifayət qədər özünə tərəfdaş qazandı. Bildiyiniz kimi, ölkəmizlə BMT arasında əməkdaşlıq Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olub. Respublikamız 1992-ci ildə BMT-nin üzvlüyünə qəbul edilib və həmin ildə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. Sözügedən təşkilatla əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışıb.
Adıçəkilən beynəlxalq qurumun Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Hər bir qətnamə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələblərini irəli sürüb. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməyib”.
BMT, AŞ, NATO və İƏT-lə əlaqələrimiz strateji əməkdaşlıq səviyyəsindədir...
Parlamentari hesab edir ki, Azərbaycanın xarici siyasət coğrafiyası getdikcə genişlənir:
"Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatına üzv olmaqla Azərbaycan xarici siyasətində beynəlxalq hüququn aliliyini müdafiə etdi. Regionda sülh və əminamanlığın tərəfdarı kimi çıxış edərək, münaqişənin beynəlxalq qanunvericiliklə həll olunmasını istəyirdi. Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək ölkəmizin milli təhlükəsizlik siyasətinin ən mühüm vəzifəsidir. Ərazilərin zəbt edilməsi, etnik təmizləmə ümumbəşəri dəyərlərə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsipinə ziddir. Qeyd edim ki, bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana olan təcavüzlə əlaqədar qətnamələr qəbul edilib. Ölkəmizin ərazi bütövlüyünün pozulması pislənilib. İşğalçıların tezliklə zəbt etdikləri əraziləri tərk etməsi tələb olunub”.
A.Mollazadə bəyan edib ki, Azərbaycan NATO ölkələri üçün önəmli tərəfdaşlardan biridir:
"Antiterror koalisiyasının üzvü olan ölkəmiz NATO qüvvələri tərkibində keçirilən sülhyaratma missiyasında yaxından iştirak edir. Bu o deməkdir ki, Azərbaycan regional müstəvi ilə yanaşı, qlobal miqyasda da təhlükəsizliyə töhfə verən ölkədir. Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Respublikamız Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir”.
Beynəlxalq təşkilatların işlərində fəal surətdə iştirak edirik
Azərbaycan Diplomatik Akademiyasının professoru, politoloq Elnur Sultanov bildirib ki, ümummilli lider H.Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirilib:
"Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində fəal surətdə iştirak edib. Çünki səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edib. Bu baxımdan 1994-cü il mayın 4-də mərhum H.Əliyevin "Sülh naminə tərəfdaşlıq” proqramı çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın ölkəmiz üçün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la əməkdaşlıq etmək imkanı qazandı. Bu da öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verdi”.
Mərkəzi və Ön Asiyanı, Xəzər dənizi regionunu və Cənubi Qafqazı Avropa ilə birləşdirdik
Professorun qənaətincə, Azərbaycan artıq Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət həyata keçirir:
"Bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilib. Mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi hesab edilir. Artıq ölkəmiz bütün regional layihələrdə əsas iştirakçıdır. Buna misal olaraq TANAP və "Cənub Qaz Dəhlizi”ini göstərə bilərik. Baxın, "Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan qazının xaricə çıxarılması ölkəmizə ilk növbədə valyuta axını vəd edir.
Həmçinin "Cənub Qaz Dəhlizi”ndə Azərbaycan fövqəladə dərəcədə əhəmiyyətli mövqedə çıxış edir. Digər qaz ixrac edən ölkələrin əksinə Azərbaycanın təbii qazı dünya bazarlarına çıxarması dövlətimizin uğurudur. Azərbaycan bütün Mərkəzi və Ön Asiyanı, Xəzər dənizi regionunu, Cənubi Qafqazı Avropa ilə birləşdirə bildi. Gürcüstan və Türkiyədən keçməklə qaz ehtiyatlarımız Avropaya çıxarılır. Bu, dövlətimizin regionda, Avropada əhəmiyyətini artırır. "Cənub Qaz Dəhlizi” vasitəsilə dünya bazarına çıxarılan qazın satışı ölkənin nüfuzunun artması ilə yanaşı, gəlirlərinin təmin edilməsinə də müsbət təsir göstərir.
Azərbaycan bununla özünün gələcəyini təmin etmiş oldu. Ölkə başçısının qeyd etdiyi kimi, respublikamız 100 illərlə tükənməyəcək qaz ehtiyatlarına sahibdir. Bundan səmərəli istifadə etmək isə öz əlimizdədir. "Cənub Qaz Dəhlizi” layihəsinin əsas təşəbbüskarı və baş icraçısı Azərbaycanı hesab etmək olar. Dəhliz daxilində əsası qoyulan TAP və TANAP layihələri hər biri də ayrıca gəlir gətirəcək kəmərlərdir. 11 ölkənin "Cənub Qaz Dəhlizi”nə investisiya qoyduğunu nəzərə alsaq, bu layihənin region üçün nə qədər əhəmiyyətli olduğunu anlayarıq”.
Professor bildirib ki, "Cənub Qaz Dəhlizi” Azərbaycanın gələcək iqtisadi rifahının qarantıdır:
"Eyni zamanda bu, strateji və siyasi təhlükəsizliyimiz baxımından da belə beynəlxalq layihələrin əhəmiyyəti yüksəkdir. Hətta bu layihəni Azərbaycanın diplomatik qələbəsi də hesab edə bilərik”.
Məqsədimiz erməni işğalını dünyaya tanıtdırmaqdır
E.Soltan onu da əlavə edib ki, Azərbaycanın xarici siyasətində ölkəmizin də üzv olduğu İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır) ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir:
"Respublikamızın memarı H.Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbədə Ümrə ziyarəti, kral Fəhd bin Əbdüləzizlə apardığı danışıqlar, İKT Baş katibliyinin rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlər Azərbaycanın islam aləminə olan maraq və diqqətini daha da artırdı. Son illər Azərbaycanın İKT ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Şübhəsiz ki, təşkilata üzvlüyün ilk illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın xarici siyasətinin əsas məqsədi bu işğalın səbəb və məqsədlərinin, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olub. Lakin sonradan İKT ilə əməkdaşlıq təkcə bu problemin həlli üçün siyasi sənədlərin qəbul edilməsi ilə məhdudlaşdırılmayıb, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələri genişləndirilib”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
Ayyət Əhməd