Aşot “qardaşlıq” hiyləsi işlədir
Son günlərdə feysbuk sosial şəbəkəsində özünü "Azərbaycanşünas” kimi təqdim edən Aşot Movsisyan adlı bir erməni peyda olub. Azərbaycan dilində statuslar yazan, açıqlamalar verən bu məxluq ilk görünüşdə "xalq diplomatiyasından”, "bəşəri dəyərlərdən” yazan, "haqq-ədalət” uğrunda mübarizə aparan biri kimi görünsə də, əslində sətiraltı, bəzən isə sətirüstü mənalarda birbaşa Ermənistanın maraqlarını müdafiə etməklə məşğuldur.
Əksər paylaşımları isə açıqdan-açığa Azərbaycanın milli maraqlarını hədəf almaqdadır. Təəssüflər olsun ki, düşməni təmsil edən həmin şəxsin bir sıra məsələlərə qapalı yanaşması bizim bəzi feysbuk istifadəçiləri tərəfindən də "like” edilir. Deməli, gənclərimiz arasında düşmənin məkirli planlarını dərk etməyən, ermənilərin "qardaşlıq” hiyləsinə aldanan insanlar da var.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, sosial şəbəkələr real mübarizə meydanlarından ən mühümüdür. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi olsa da, müxtəlif istiqamətlərdə savaş davam edir:
"Azərbaycan ictimaiyyətinin sosial şəbəkələrdə fəal olan hissəsi, xüsusən gənclərimiz virtual savaşda aktiv olmalıdır. Görürsüz, ermənilər Azərbaycan dilini öyrənərək feysbukda təbliğatla məşğul olurlar. Çalışırlar ki, Azərbaycan cəmiyyətində mövcud olan müəyyən səbatsız və düşüncəsiz insanları öz tərəflərinə çəksinlər, dəstək qazansınlar. Şübhəsiz ki, onlarla mübarizə aparan gənclərimiz kifayət qədərdir. Sosial şəbəkələr bizim də mübarizə meydanımıza çevrilməlidir”.
QAT sədri bildirib ki, Azərbaycanda erməni dilini öyrədən kurslar təşkil edilməlidir
: "Hər dəfə deyilir ki, Bakı Dövlət Universitetində hansısa bir kafedra ermənişünaslıqla məşğul olur. Amma geniş şəkildə bu işin aparıldığını görmürük. Düşmənimiz isə dil məsələsinə daha ciddi yanaşır. Özü də görünən odur ki, dövlət səviyyəsində yanaşırlar. Çünki Ermənistanda özbaşına kursların təşkil olunması və orada Azərbaycan dilinin tədris edilməsi ağlabatan deyil. Deməli, həmin kurslar dövlət xətti ilə təşkil edilir.
Onlar erməni gənclərə Azərbaycan dilini öyrədərək qəsdən sosial şəbəkələrə çıxardırlar. Həmin ermənilər də məqsədyönlü şəkildə Ermənistanın maraqlarını müdafiə edirlər. Belə hallar Azərbaycan ictimaiyyəti üçün də ciddi siqnal olmalıdır. Əlbəttə, indiki dövrdə internetin yaratdığı imkanlardan qaçmaq mümkün deyil. O baxımdan biz də gənclərimizi prosesə cəlb edərək bu istiqamətdə mübarizə aparmalıyıq. Yalnız bu halda düşmənin məqsədini zərərsizləşdirmək mümkündür”.
İsmayıl