Rusiyanın addımı Amerikaya qarşı hesablanan ritorik yanaşmadır
Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri - Rusiya, Qazaxıstan, Belarus və Ermənistan dollar və avrodan imtina etmək niyyətindədir. Bu barədə Rusiyanın "İzvestiya” qəzeti məlumat yayıb. Qəzet yazır ki, təşkilata üzv dövlətlərin milli valyutaya keçidi (rus və belarus rublu, tenge və dram) 2025-2030-cu illərdə baş tuta bilər.
Məlumat üçün bildirək ki, bu il mayın 29-da Belarus, Rusiya və Qazaxıstan prezidentləri Avrasiya İqtisadi Birliyi barədə razılaşma imzalayıblar. Ermənistan isə təşkilata oktyabrda üzv olub. Birliyin 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacağı iddia olunur.
Bu addımı Rusiyanın siyasi təzyiqi kimi dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında söyləyib ki, ittifaqa üzv ölkələr arasında yeni valyutanın təsis edilməsi mümkünsüzdür: "Bir müddət öncə Moskva və Pekin arasında ticarət dövriyyəsinin dollarla deyil, öz valyutaları ilə olacağını eşitmişdik. Çin tərəfinin verdiyi bəyanatlar göstərdi ki, bu, ən yaxşı halda 2018-2019-cu ildə mümkün olacaq. Çünki bank sistemini hazırlamaq lazımdır”.
Ekspertin sözlərinə görə, yeni valyutanın ərsəyə gəlməsi dövlətlərüstü qurumların yaradılması ilə mümkün ola bilər: "Amma Belarusiya və Qazaxıstan buna icazə verməyəcək. Keçə biləcəkləri yeganə valyuta rus rubludur. Çünki şimal qonşumuz iqtisadi inkişafına görə təşkilata üzv olan digər ölkələrdən güclüdür. Üstəgəl, birliyin yaradılmasının təşəbbüskarı da Rusiyadır”.
Müsahibimiz bildirib ki, son zamanlar Rusiya rublunun qiymətində enmələr müşahidə olunur: "Gələcəkdə daha çox düşəcəyi proqnozlaşdırılır. Qeyri-stabil bir valyutadır. Ona görə də rublla alış-verişə keçmək çox böyük çətinliklər yaradacaq”.
Bundan əlavə, N.Cəfərli vurğulayıb ki, dünyada sivil sistemlər fərqlidir. Və ölkələrarası pul köçürmələrdə banklararası sivil sistemdən istifadə olunur: "Burda da ancaq dollar, avro, frank və yen keçərli sayılır. Ölkələrarası banklardan pul köçürmələri rubla keçirtməyin iki yolu var. Ya daxili regional sistem qurmalıdır, ya da beynəlxalq sivil sistemdə rubldan istifadə etmək üçün müəyyən addımlar atılmalıdır. Çox uzun sürən prosesdir”. Həmsöhbətimizin qənaətincə, Rusiyanın addımı Amerikaya qarşı hesablanan ritorik yanaşmadır: "Prosesə keçməyin yaxın gələcəkdə baş verəcəyi inandırıcı deyil. Ən azından yaxın bir-iki il ərzində bu cür hesablaşmaya keçmək mümkün deyil. Ola bilər ki, Kreml öz gücündən istifadə edərək Belarusiya və Qazaxıstanda daxili alış-verişin rublla həyata keçirilməsinə nail olsun. Amma köklü bir sistem qurmaq üçün Moskva rus rublunun dəyərini stabilləşdirməlidir. Yoxsa Qazaxıstan və Belarusun biznesi ciddi problem yaşayacaq”.
Ayyət Əhməd