Dönərlərə ölmüş heyvan əti qatılır

Tibb mütəxəssisləri deyir ki, bu, müxtəlif ankoloji xəstəlik yarada bilər




Hazırlanan dönər ətinin keyfiyyəti hər zaman müzakirə mövzusu olub. Çünki satılan dönərlərin tərkibinə ölmüş heyvan ətlərinin vurulması ilə bağlı fikirlər söylənilir. Hətta aparılan yoxlamalar zamanı da bu fikirlər öz təsdiqini tapır. Dünən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun açıqlaması belə faktların olduğunu bir daha təsdiq etdi.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda ölmüş heyvanların ətindən dönərdə istifadə edildiyi barədə faktlar aşkarlanıb. Qurum rəsmisi buna görə də dönər ətlərinin kustar üsulla dönərxaların özündə yox, müasir standartlara cavab verən sənaye müəssisələrində emal edilərək hazırlanmasının tərəfdarıdır.

Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev isə "Şərq”ə belə hallarla qarşılaşmadıqlarını bildirib: "Əlimizdə konkert sübut yoxdur. Çünki bunu aşkar etmək çox çətindir. Bu, laboratoriyada müəyyənləşdirilir. Lakin belə ehtimallar mövcuddur”.

Qurum rəsmisi zərurət olarsa, bununla bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə yoxlamalar apara biləcəyini də söyləyib: "Qanunvericilikdə birlikdə monitorinq və ya yoxlama aparılmasına icazə verilir. Sadəcə öncədən bizə müraciət olunarsa, iki qurum birlikdə monitorinq apara bilərik. Biz də ehtiyac olduğu təqdirdə digər müvafiq təşkilat və dövlət qurumları ilə birlikdə bunu edə bilərik”.

Terapevt-infeksionist Kəmalə Hüseynova insanın ölmüş heyvan əti yeməsinin ölüm riskini birin yüzə nisbətində artdığını deyib: "Ölmüş heyvan əti ilə qidalanan insanda istənilən ankoloji xəstəlik yarana bilər. Məsələn, mədə-bağırsaq hissəsində klastrit xəstəliyindən başlayaraq ankoloji səviyyəsinə qədər xəstəlik inkişaf edə bilər. Ən ağırlaşmış vəziyyəti bağırsaq xorası, açılmış yazvalar yaradır və ankoloji prosesə keçməsini sürətləndirir. Sanki kanserogen (xərçəng yaradan) maddələr iltihabı verir”.

Vüqar Şahinoğlu