Dövlət aparatının yığcamlaşması büdcə vəsaitinə qənaət deməkdir





Bu günlərdə ölkəmizdə yeni struktur islahatlarına başlanılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında bir neçə qurumun ləğvi və bəzi dövlət müəssisələrinin idarəçiliyinin yenidən təşkil edilməsi məsələsinə toxunub. Ölkə başçısı idarəetmə strukturunun köhnəldiyini bildirib: "Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”

Ekspertlərin fikrincə prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili həm də büdcə vəsaitinə qənaət deməkdir. 

Sturuktur islahatları ilə bağlı "Sherg.az”a danışan iqtisadçı-ekspert Qalib Toğrul bir çox qurumların ləğvi və birləşdirilməsini təqdirəlayiq hesab edir:

 " Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə mərkəzi icra hakimiyyətlərinin yanında yaradılan, tabeliyinə daxil olan qurumların birləşdirilməsi və ləğvi tədbirləri davam etdirilir. 

Kifayət qədər şişmiş idarəetmə xərclərinin azaldılması, ictimai vəsaitlərdən səmərəli istifadə mexanizminin qurulması, israfçılığın qarşısının alınması nöqteyi-nəzərindən atılan addımlar içərisində diqqətimi çəkən bir məsələnin üzərində dayanmaq istəyirəm. 

Bəzən müstəqil dövlət qurumu, bəzən isə dövlət orqanlarının yanında yaradılan, eyni zamanda adı ictimai qurum olan, lakin büdcədən maliyyələşən təşkilatlarda fəaliyyət göstərən elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların birləşdirilməsi və ya ləğvi müsbət haldı. Artıq belə qurumlardan bir neçəsi ləğv olunub. 

Xüsusilə, Mili Elmlər Akademiyasının və digər mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyindəki oxşar qurumların ləğvi prosesinin davam etdirilməsi məqsədilə Prezident tərəfindən Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. Vətəndaş cəmiyyətinin siyasət sənədləri hazırlamaqla yanaşı, digər bir əsas vəzifəsi də dövlət maliyyəsinin xərclənməsinə ictimai nəzarəti, əhaliyə xidmət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində ictimai iştirakçılığı təmin etməkdir".

Yeganə Bayramova