"Dugin bu məsələlərə aydınlıq gətirmir" - Şərh




"Aleksandr Dugin Rusiya romantik geosiyasi məktəbinin banisidir. Onun fikirlərində isə Rusiyanın maraqları ilə bağlı romantik məqamlar daha çox yer alır”.

Bunu Sherg.az-a rusiyalı politoloq, sosioloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duginin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səsləndirdiyi fikirlərini şərh edərkən politoloq Elçin Mirzəbəyli deyib. 

O bildirib ki, A.Dugin Azərbaycana səfəri çərçivəsində və daha öncə səsləndirdiyi fikirlərə diqqət çəkdikdə, bunların hesablanmamış yanaşmalar olduğu ortaya çıxır:

"Çünki Rusiya münaqişənin həllində vasitəçilik funksiyasını yerinə yetirir, həm də Ermənistanın siyasi müttəfiqidir. BMT-nin verdiyi mandat əsasında həmsədr ölkələrdən biridir. Rusiyanın missiyası da münaqişənin tam həllinə nail olmaqdan ibarətdir. 5 rayonun azad olunması Azərbaycanın ərazi bütövlüyün təmin olunması və ya problemin həlli deyil. Münaqişənin qismən həlli yeni mərhələyə gətirib çıxara bilər. Qarabağ ətrafı 5 rayonun azad etdikdən sonra Rusiya hansı təklifləri irəli sürür? Digər rayonlar hansı mərhələdə azad olunacaq? Dağlıq Qarabağla bağlı Rusiyanın mövqeyi konkret nədən ibarətdir? Rusiya öz geosiyasi maraqlarını təmin etmək, regionda təsir imkanlarını qorumaq üçün yenəmi siyasi münaqişələrə əl atacaq? Yaxud, Rusiya ənənəvi metodlarından əl çəkib, sivil ölkə olaraq qonşuları ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir? A.Dugin bu məsələlərə aydınlıq gətirmir. Onun geosiyasi nağıllarını da mən eyni konteksdən dəyərləndirirəm. Hesab edirəm ki, bu şovnist təfəkkürlü insanlarla münasibətləri inkişaf etdirməklə onların nəzəri baxışları dəyişməyəcək. A.Dugin də heç vaxt Azərbaycana dost ola bilməz”.

Qeyd edək ki, Aleksandr Dugin Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınmasının vacib arqument olduğunu söyləyib. Onun sözlərinə görə, əgər yaxın zamanlarda tərəflər Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması barədə razılıq əldə edə bilsələr, bu Rusiya-Azərbaycan münasibətlərində vacib məqam olacaq.

Aysel Aslan