Bu vəziyyətdə Azərbaycanın seçdiyi yol daha doğrudur
Azərbaycan öz bütövlüyünü və dövlətçiliyini qorumaq üçün “açıq qapı” və balans siyasətini davam etdirir. Müəyyən problemlər olsa da, hazırda bu xəttin alternativi yoxdur
"MDB ölkələrinin siyasi rəqibləri Birlik ölkələri arasında əməkdaşlığın inkişafına mane olurlar”. Bunu MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları Şurasının iclasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin bildirib. Onun sözlərinə görə, ABŞ və onun "sözəbaxan müttəfiqləri” Ukraynanın demokratikləşdirilməsinin uğursuzluğundan sonra MDB ölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər:
"Biz, bu gün bloklararası qarşıdurmanın daha çox odioz formasının şahidi oluruq. Siyasi rəqiblərimiz MDB ölkələri arasında işgüzar və ticarət əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçilməsinə və tranzit imkanlarının inkişafına mane olurlar”.
Rusiya kəşfiyyatçısının iddiası ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Azər Rəşidoğlu deyib ki, hazırda dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Ekspertin sözlərinə görə, Rusiya və ABŞ öz təsir imkanlarını artırmaq istəyirlər:
"Rusiya MDB məkanını öz təsir sferasında hesab edir və kənar qüvvələrin bura müdaxiləsini arzulamır. O cümlədən Xəzər hövzəsinə ABŞ-ın, ümumiyyətlə, Qərbin girməsini istəmir. Rusiya Amerikanın təsir dairəsinə keçmiş Yaxın Şərqə nüfuz edərək bölgədə öz nüfuzunu bərpa etməyə çalışır. ABŞ isə Slavyan birliyinin əsas ölkəsi sayılan Ukraynada söz sahibinə çevrilmək istəyir. Rusiya bundan istifadə edərək Şərqi Ukraynanı ayırır, Krımı, Luqansk və Donetski işğal edir. Bütün bu qarşıdurmalardan əziyyət çəkən isə həmin yerli xalqlar olur. Çünki kiçik ölkələrin qarşısında "ya ABŞ-ın, ya da Rusiyanın yanında yer almaq” tələbi qoyulur. ABŞ-ın yanında yer alan ölkə Rusiya tərəfindən, Rusiyanın yanında yer alan ölkə isə ABŞ tərəfindən sıxışdırılır, əzilir”.
Ekspertin sözlərinə görə, belə ağır durumda balanslı siyasət yeritmək bir qədər çətindir:
"Üzləşdiyimiz təhdidlərə baxmayaraq, hesab edirəm ki, Azərbaycanın seçdiyi yol daha doğrudur. Azərbaycan öz bütövlüyünü və dövlətçiliyini qorumaq üçün "açıq qapı” və balans siyasətini davam etdirir. Müəyyən problemlər olsa da, hazırda bu xəttin alternativi yoxdur.
Digər tərəfdən artıq bölgədə yeni bir üçbucağın yaranması sezilir. Türkiyə-İran və Rusiya üçbucağı formalaşır. Azərbaycanın bu üçbucaqla hansısa formada əməkdaşlıq etməsi ölkəmizi xarici təhdidlərdən sığortalayır.
Unutmayaq ki, Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var. Məhz danışıqlar prosesinin həmin üçbucaq ətrafında keçirilməsi də mümkündür. Azərbaycan müəyyən manevrlər edərək ABŞ və Rusiyanın təzyiqlərini azaldır”.
İsmayıl