"Sənətdə gənc, yaşlı söhbəti olmamalıdır. Sənət aləmində istedadlı və istedadsız olur. Bunu qəbul etmək lazımdır"
"Dünyanın hər yerində qeyri-peşəkarlar da film çəkir"
Hüseyn Mehdiyev: "Qoy kommersiya məqsədli filmləri çəksinlər, amma peşəkarlara da imkan yaradılsın"
"Sənətdə gənc, yaşlı söhbəti olmamalıdır. Sənət aləmində istedadlı və istedadsız olur. Bunu qəbul etmək lazımdır"
"Sənətdə gənc, yaşlı söhbəti olmamalıdır. Sənət aləmində istedadlı və istedadsız olur. Bunu qəbul etmək lazımdır"
Müasir Azərbaycan filmlərinin keyfiyyəti bu gün müzakirə mövzusuna çevrilib. Xüsusilə də son vaxtlar kommersiya xarakterli filmlərin qeyri-peşəkarlar tərəfindən çəkilməsi, komediya adı altında hazırlanan ucuz ekran işləri peşəkarlar tərəfindən tənqid olunur. Kinoteatrlarda təqdim olunan kommersiya filmləri heç bir məna yükü daşımır, tamaşaçıya bu ekran əsərləri vasitəsilə sosial mesaj ünvanlanmır.
Müasir Azərbaycan filmlərinin keyfiyyəti, çəkilən ekran işlərinin peşəkarlar tərəfindən çəkilməməsi, Rejissorlar Gildiyasının rəhbəri, kinorejissor Hüseyn Mehdiyevi də narahat edir. O, bu haqda «Şərq»ə danışıb.
- Film ciddi sənət əsəridir. Kino hərtərəfli inkişaf etməlidir. Onun kommersiya, estetik, texniki və digər tərəfləri olmalıdır. Yəni kompleks şəkildə peşəkar iş görülməlidir. Qaldı çəkilən kommersiya filmlərinə, əgər çəkilirsə, buna radikal mövqe nümayiş etdirmək də doğru olmaz. Qoy çəkilsin, bəlkə tam professional şəkildə çəkilmir. Amma əsas odu müqayisə üçün nəsə var. Təbii ki, ancaq kommersiya məqsədli filmlərin çəkilməsi yaxşı hal deyil. Ciddi kino əsərləri də mütləq çəkilməli, yaradılmalıdır. Qoy kommersiya məqsədli filmləri çəksinlər, amma peşəkarlara da imkan yaradılsın ki, ildə bir neçə ciddi kino əsəri çəkib tamaşaçıya təqdim etsinlər.
Artıq hansı ekran əsərinin tamaşaçı tərəfindən maraqla qarşılanması seçimi elə tamaşaçıda olsun. Dünyanın hər yerində əslində filmlər peşəkarlarla yanaşı, qeyri-peşəkarlar tərəfindən də çəkilir. Bu, təkcə Azərbaycanda deyil, dünyanın hər yerində ciddi kino əsərlərinin çəkilməsində dövlət marağı olur. Bizdə əvvəllər kino sahəsinə maliyyə ayrılırdı, bədii yükü olan ekran əsərləri, bədii və sənədli filmlər çəkilirdi. Son vaxtlar dövlət büdcəsi ilə çəkilən filmlərin sayı azalıb. Bu da kommersiya filmlərinin kinoteatrlarda daha çox təqdim olunmasına imkan yaradır. Əgər dövlət büdcəsi ilə peşəkarlar tərəfindən də filmlər çox çəkilsə, rəqabət yaranacaq. O zaman kommersiya marağında olanlar da maksimum şəkildə keyfiyyətli ekran işi çəkməyə çalışacaqlar. Çünki milli kino bazarında rəqabət olacaq. Rəqabət varsa, keyfiyyətə önəm veriləcək. Bəli, bu gün kommersiya xarakterli filmlərə baxan tamaşaçıların sayı daha çoxdu. Bu da təbiidir. Amma narahat olunacaq məqamları da diqqətdən qaçırmaq olmaz. Kommersiya məqsədli filmlərin üslubu, tərzi, janrı kütləvi xarakter aldıqda, bu artıq təhlükəlidir.
- Bu gün istedadlı gənclərimiz var ki, onlar peşəkar olsalar da, film çəkmək imkanları məhduddur. Ancaq şəxsi münasibətlər hesabına kinodan xəbərsiz insanlar rejissorluq edib, film çəkirlər.
- Təəssüf ki, bu gün filmlərin əksəriyyətini qeyri-peşəkarlar çəkir. Ancaq istedadı olanlara da məhdudiyyət qoyulmur. Müasir həyatda texnika o qədər inkişaf edib ki, film çəkmək, filmi montaj etmək mümkündür. Bəlkə texniki baxımdan keyfiyyətində qüsurlar ola bilər, amma gənc rejissor tamaşaçıya çatdırmaq istədiyi mesajını, filmin ideya xəttində olan məqsədini həyata keçirə bilər. Yəni ideya xəttini çatdırmaq üçün keyfiyyətli texniki imkanların olmasından vacib rejissor işinin peşəkarlığıdır. Əvvəllər film çəkərkən montajdan tutmuş, digər texniki tərəflərə qədər hər biri ayrıca istehsal prosesi idi. İndi kompüter vasitəsilə, qrafika yolu ilə kinoda çox sözü demək olar. İnsan məqsədinə çatmaq üçün bütün üsullardan istifadə etməyə cəsarətli olmalıdır, əgər o gənc doğrudan da daxilən rejissor olmaq, film çəkmək istəyirsə, hər vasitədən istifadə edərək məqsədinə çatacaq. Bilirsiz, kino fərqli bir sənət növüdür.
Milli kino əsərlərimizə niyə bu gün də maraqla baxılır? Çünki insanın psixologiyasını nəzərə alaraq filmlər çəkilirdi. Maraqlı bir məqamı da sizə çatdırım. Milli kinomuzun baxışı stabil tamaşaçı baxışı ilə də seçilir. Yəni əvvəllər çəkilən ekran əsərlərinə bu gün də stabil baxış var. Gənclərə yaradılacaq şəraitdən söhbət gedirsə, inanın ki, bu günün gənclərinə yaradılan dəstək daha genişdir. İndi hər bir gənc öz istedadını göstərmək imkanı əldə edə bilir. Yetər ki, iddiası olsun. Bizim vaxtımızda belə şərait yox idi. İndi istənilən gənc film çəkib festivallara göndərə bilir. Tez-tez qeyd edirik ki, gənclər, gənclər. Sənətdə gənc, yaşlı söhbəti olmamalıdır. Sənət aləmində istedadlı və istedadsız olur. Bunu qəbul etmək lazımdır. İstedadlı təcrübə də toplayırsa gördüyü yaradıcılıq işinin keyfiyyəti sadəcə qat-qat yaxşı ola bilər. Amma sənət aləmində yaş önəm daşımır, istedad, intellekt və iddia vacib amillər sayılır.
- Həqiqətən istedadı olmadan sənət aləmində duruş gətirmək mümkün deyil. Rejissor kimi yetişmək üçün isə çəkiliş meydançasında təcrübə qazanmaq lazımdır...
- Bəli, rejissor olaraq yetişmək üçün illər lazım gəlir. Çəkiliş meydançasında zəhmət çəkmədən, təcrübə toplamadan peşəkar rejissor yetişə bilməz. Bu gün pis-yaxşı seriallar çəkilir. Əsas odu nəsə çəkilir. Təbii ki, peşəkarlarla iş qurulsa, daha doğru olar.
- Bu gün Azərbaycan kinostudiyasına gedərkən ordakı sükut narahatlıq yaradır. Milli kinostudiya bu qədər sükuta qərq olmamalıydı. Ən azı kinostudiya deyəndə orada canlılıq, dinamika, çəkiliş meydançalarında həyat hiss olunmalıdı. Bizdə isə bunu görmək mümkün deyil.
- Çox böyük ürək ağrısı ilə qeyd etmək lazımdır ki, bu gün "Azərbaycanfilm" kinostudiyası ölülərlə dolu qəbiristanlığı xatırladır. Kinostudiyada canlanma, yaşam yoxdur. Halbuki, çəkiliş meydançalarında canlanma yaratmaq olardı. Yaradıcılıq ruhu hiss olunmur. Bu artıq faciədir.
Tahirə