Dünyaya çıxmaq istəyiriksə, ciddi işləməliyik
Ekspertlər hesab edir ki, ali məktəblərdə beynəlxalq jurnalistikanın tədris proqramına da yenidən baxılmalıdır
Media sahəsində zaman-zaman gündəmə gələn mühüm problemlərdən biri də Azərbaycanı beynəlxalq müstəvidə təmsil edən jurnalistlərin sayının az olması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, müasir dövrdə KİV-in, qlobal sosial şəbəkələrin sürətli inkişafı medianın bütün istiqamətlərdə ön plana keçməsinə, dördüncü hakimiyyətin mövqeyinin artmasına gətirib çıxarır. Amma bu zaman müsbət tərəflərlə yanaşı, bir sıra təhlükəli tendensiyalar da meydana çıxır. Artıq beynəlxalq aləm, dünya ictimaiyyəti üçün əsl həqiqətin nədən ibarət olması və alt qatda gizlənən reallığın ortaya çıxması o qədər maraq kəsb etmir.
Əksər hallarda auditoriya ona təqdim olunan və beyinlərinə yeridilən informasiyaya, səhv və ya doğru olmasından asılı olmayaraq media tərəfindən ötürülən materialın təsirinə düşür. Dünya jurnalistikasında istifadə olunan "yalançı qurban” prinsipi xüsusən müharibə, münaqişə zonalarındakı hadisələrin təqdimatında daha geniş istifadə olunur. Bəzən hansısa müxtəlif siyasi tərəflərin təsiri altında media özü uydurma "həqiqətlər” yaradır və daxili, xarici ictimaiyyətə sırıyır. Aprel ayında cəbhədə baş verən "dörd günlük müharibə”də Avropa və Qərb mətbuatının mövqeyi, xüsusilə Rusiya kütləvi informasiya vasitələrində ermənipərəst yanaşması bir daha sübut etdi ki, ölkə KİV-i beynəlxalq aləmdə təbliğat və informasiya mübadiləsini artırmalıdır. Əvvəlki illərdən dünya mətbuatının sərgilədiyi birtərəfli, tam ermənipərəst mövqenin bu dəfə bir qədər bizim xeyrimizə dəyişməsini müşahidə etdik. Bu dəfə cəbhədəki hadisələrdə dünya birliyi, dolayısı ilə mediası Azərbaycanın haqlı mövqeyini anladı, doğrunu görməyə başladı. Lakin təbliğat və informasiya müharibəsində dayanmaq olmaz. Bunun üçün Azərbaycan media nümayəndələrinin beynəlxalq müstəvidə çalışmasını sürətləndirmək lazımdır. Həmçinin, jurnalist yetişdirən ali təhsil ocaqlarının işini daha da təkmilləşdirmək, jurnalistlərin xarici dil bilgisini inkişaf etdirmək zəruridir. Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı, Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev deyib ki, jurnalistlərin xaricə çıxa bilməməsi, orada işləməməsi və Qərb standartlarına cavab verməməsi haqqında fikirlər zaman-zaman səsləndirilib. Deputat bəyan edib ki, hərçənd son 10 ildə irəliyə doğru tendensiya olsa da bu, məsələ problem olaraq qalmaqdadır: "Bunun səbəbi, fikrimcə, jurnalistika fənninin tədrisi prosesindədir. Çünki bu gün bizdə bir sıra universitetlərdə jurnalistika fakültəsi var. Bu fakültələrdə jurnalistika bilikləri tanınmış alimlər, mütəxəssislər tərəfindən tədris olunur. Amma həmin mütəxəssislərin özlərinin beynəlxalq jurnalistikanı nə dərəcədə bildiyi sual altındadır. Yaşlı professorlarımız sovet jurnalistikasını öyrəniblər və öz təcrübələrində sovet jurnalistikası ilə məşğul olublar”. Deputat vurğulayıb ki, hazırda xarici ölkələrlə beynəlxalq müstəvidə çalışa bilən jurnalistlər özləri həvəskar şəkildə bu sənətə gələn adamlardır: "Məhz belələri daha çoxdur, nəinki professional jurnalistika təhsili almış şəxslər. Digər tərəfdən, jurnalist hazırlayarkən onların xarici dil bilik səviyyəsini jurnalistika ilə paralel hazırlaşdırmaq lazımdır. Məsələ yalnız jurnalistikanı öyrətməkdən ibarət deyil. Əgər istəyiriksə jurnalistlərimizin bir hissəsi beynəlxalq səviyyədə görünə bilsinlər, bizi təmsil etsinlər, o zaman jurnalistikada xarici dil saatları əsas dərs saatlarına bərabər olmalıdır. Beynəlxalq müstəvidə işləmək üçün ilk növbədə həmin dillərdən heç olmasa birini çox mükəmməl şəkildə, hətta deyərdim həmin dildə danışan xalqın düşüncə tərzini, adət-ənənələrini, dünyagörüşünü bilmək lazımdır. Tutaq ki, hər il 50 nəfər jurnalistika fakültəsinə daxil olursa, heç olmasa onun 10 nəfərini beynəlxalq jurnalistika ixtisası üzrə ixtisaslaşdırmaq lazımdır. Həmin tələbələrin dərs proqramı digər jurnalistika təhsili alan tələbələrdən bir az fərqli olmalıdır. O mərhələdə təhsil səviyyəsində biz bunu fərqləndirə bilsək, bu zaman beynəlxalq jurnalistika ixtisası üzrə başa vurmuş mütəxəssislər başqalarına nisbətən bu işə daha çox hazır olacaqlar”. C.Feyziyev beynəlxalq jurnalistika ixtisasında oxuyan tələbələrin xarici ölkələrin media orqanlarında praktika keçməsini vacib sayıb. O bildirib ki, jurnalistika o qədər geniş əhatəli peşədir ki, bunu ömür boyu bir qəzetdə, studiyada işləməklə öyrənmək və kamil mütəxəssis olmaq mümkün deyil: "Jurnalistlərin xaricdə hazırlanması bir variant ola bilər, digər variant jurnalistika fakültəsinə daxil olmuş şəxslərin bir qisminə beynəlxalq jurnalistika tədris olunmasıdır. Lakin beynəlxalq jurnalistika tədris proqramına yenidən baxılmalıdır. Əgər zərurət yaranarsa, ölkə daxilindən və xaricindən tanınmış adamları da bu təhsil prosesinə cəlb etmək lazımdır”. Parlament Jurnalistlər Birliyinin sədri, "Modern.az”ın rəhbəri Elşad Eyvazlı isə deyib ki, indiki informasiya, internet dövründə Azərbaycan jurnalistikasının beynəlxalq müstəvidə axsaması bir az da öz təqsirimizdir: "Təbii ki, burada ikili standartlar olduğu, bizə tanınmış dünya mətbuatında yer ayrılmadığı faktdır. Bütün bunlara rəğmən əl-qolumuzu bağlamalıyıqmı? Qətiyyən, əslində bu diskrinimasiya bizi daha da fəal, mübariz etməlidir. Ancaq görünən odur ki, yeni bir nəsil mediamızda oturuşmuş status əldə etməyincə, buna nail ola bilməyəcəyik. Bilirsiniz, Azərbaycanda oturub hansısa qəzet səhifəsində, internet resursunda "qılınc oynatmaqla”, yaxud da bizə düşmən olanlara küfr etməklə yalnız özümüzü aldadırıq. Söhbət beynəlxalq mediada Azərbaycan maraqlarını qorumaqdan gedirsə, özünəmüştəbehlikdən əl çəkmək lazımdır. Hər birimizin amacı müstəqil Azərbaycanı qorumaq, onunla bağlı dünya mediasında doğru informasiyalar verməkdir. Amma bunun üçün bacarığımızı, dünyagörüşümüzü də hesablamalıyıq. Məsələyə kompleks şəkildə yanaşmasaq, istədiyimiz nəticəni əldə edə bilməyəcəyik. Hesab etmirəm ki, qeyd edilən məsələ "0” nöqtəsindədir. Ancaq arzuladığımız səviyyədən çox aşağıdır. Bu istiqamətdə bacarığı olanlara dəstək verməli, onların bizə düşmən olan qüvvələrin təsirinə düşməsinə yer qoymamalıyıq. Həm də bu barədə müvafiq qurumlar da üzərlərinə düşən vəzifəni yerinə yetirə bildiklərinin, yaxud bilmədiklərinin də fərqinə varmalıdırlar. Hər kəs bacardığı işdən yapışmalıdır”.
Orta Asiya və Güney Qafqaz söz azadlığı şəbəkəsinin sədri Azər Həsrət də bildirib ki, Azərbaycanın media qurumlarının beynəlxalq əlaqələr qurması olduqca vacib amildir. Onun fikrincə, istənilən ölkə haqqında məlumatlar beynəlxalq müstəviyə mətbuat vasitəsilə ötürülür: "Media ölkə haqqında dəqiq və dürüst məlumatları beynəlxalq təşkilatlara düzgün çatdırmağa çalışmalıdır. Burada əsas faktor xarici dildir. Digər cəhət isə beynəlxalq jurnalistika sahəsində təcrübəsi olan şəxslərin ali məktəblərin jurnalistika fakültələri ilə əməkdaşlığa cəlb edilməsidir. Bu çox önəmli məsələdir. Sovet dövründə Azərbaycan mediasının beynəlxalq əlaqələri lazımi səviyyədə deyildi. 15-20 il bundan əvvələ nisbətən Azərbaycan jurnalistikasının beynəlxalq aləmə inteqrasiyasında müəyyən irəliləyişlər var”. Ekspert bildirib ki, 1997-ci ildən etibarən beynəlxalq media orqanları ilə əlaqələrin qurulması istiqamətində fəal iş aparılıb: "Məhz elə həmin illərdən etibarən Azərbaycan KİV-nin beynəlxalq əməkdaşlığına nail olunub. 1997-2000-ci illər ərzində biz ölkə mediasının beynəlxalq əlaqələrinin qurulması istiqamətində ardıcıl iş aparmışıq. Bu işlərin nəticəsi olaraq həmin illər ərəfəsində bir sıra beynəlxalq media
təşkilatlarında üzvlük səviyyəsində təmsilçilik hüququ qazandıq. Artıq beynəlxalq səviyyədə Azərbaycan jurnalistləri xeyli uğur əldə ediblər. Media ilə bağlı bir sıra beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi bu sahədəki uğurlarımızdandır. Azərbaycan jurnalistləri bir sıra beynəlxalq jurnalist təşkilatlarının rəhbərliyində belə təmsil olunur. Hətta aparıcı jurnalist təşkilatlarının bir neçəsi, o cümlədən də mənim rəhbəri olduğum "Orta Asiya və Güney Qafqaz” söz azadlığı şəbəkəsi bir neçə beynəlxalq jurnalist təşkilatları ilə əlaqə saxlayır, bir sıra təşkilatların üzvüyük. Əlaqələrimizi daha da genişləndirmək üçün çox ciddi addımlar atırıq. Beynəlxalq təşkilatlarla informasiya mübadiləmiz var”. Konkret olaraq beynəlxalq münasibətlərdən yazan jurnalistlərimizin olub-olmamasına gəldikdə isə A.Həsrət bu sahədə müəyyən çatışmazlıqların olduğunu dilə gətirib. Onun sözlərinə görə, bu gün Azərbaycan jurnalistlərinin əksəriyyətinin dil bilgisi məhdud olduğu üçün onların xarici mətbuata çıxışı zəifdir: "Bildiyiniz kimi, bizim üçün maraqlı olan rusdilli və ingilis dilli auditoriyalardır. Amma bizdə ingilis dilini mükəmməl bilən jurnalistlərin sayı o qədər də çox deyil. Beynəlxalq media ilə əməkdaşlığımız daha çox Türkiyə mətbuatının fonunda özünü doğruldur. Bu mənada Azərbaycan jurnalistlərinin beynəlxalq əlaqələri məni qane edəcək səviyyədə deyil”. Mövcud əlaqələri yetərli hesab etməyən A.Həsrət bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq jurnalistlərin sayı maksimum həddə çatmalıdır: "Ən azından bizim jurnalistlər xarici mediada Azərbaycan əleyhinə gedən yazılara cavab verməkdə aktivlik göstərməlidirlər. Biz öz işimizi elə qurmalıyıq ki, Azərbaycanla bağlı həqiqətləri və problemləri bütün dünyaya duyura bilək. Bu gün bizdə beynəlxalq əlaqə deyiləndə, ancaq Türkiyə və keçmiş SSRİ respublikalarının media qurumları ilə münasibətləri nəzərdə tuturlar”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb