Elxan Şahinoğlu: “Markov və Duqin Qarabağ məsələsində bizim mövqeyimizə anlayışla yanaşırlar. Bu müsbət haldır”
Duqin bu dəfə Bakıda daha pozitiv açıqlamalar verdi
Fazil Mustafa: “Çünki istəsək də, istəməsək də Qarabağın taleyində aparıcı mövqeyə sahib ölkə Rusiyadır”
Elxan Şahinoğlu: “Markov və Duqin Qarabağ məsələsində bizim mövqeyimizə anlayışla yanaşırlar. Bu müsbət haldır”
Elxan Şahinoğlu: “Markov və Duqin Qarabağ məsələsində bizim mövqeyimizə anlayışla yanaşırlar. Bu müsbət haldır”
Rusiyalı ictimai-siyasi xadim, politoloq Aleksandr Duqin Azərbaycana səfər edib və bir sıra mühüm görüşlər keçirib. Duqin Bakıya Azərbaycan rus icmasının dəvəti ilə təşrif buyurub. Qonaq öncə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Sonra Şəhidlər Xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların xatirəsini anıb. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa xiyabanın tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Ölkəmiz haqqında xoş ifadələr səsləndirən nüfuzlu politoloq Duqin deyib ki, Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox iqtisadi, siyasi, nəqliyyat və geosiyasi problemləri həll edə bilər.
Ekspert bildirib ki, "Şimal-Cənub” nəqliyyat dəhlizi iki ölkənin münasibətlərində böyük addım olacaq: "Azərbaycanın Avrasiya İnkişaf Bankında mümkün iştirakı da regional valyuta çoxqütblülüyü istiqamətində dəyişikliyə yol aça bilər. Rusiya Ermənistanın müttəfiqi olsa da, bu o demək deyil ki, Azərbaycanın düşmənidir. Rusiya öz maraqlarına uyğun hərəkət edir”. Duqinin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması vacib arqumentdir: "Əgər yaxın zamanlarda tərəflər Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması barədə razılıq əldə edə bilsələr, bu, Rusiya-Azərbaycan münasibətlərində vacib məqam olacaq”. Rusiyalı qonaq Azərbaycanın Rus İcması nəzdindəki Rus Mədəniyyəti Mərkəzində də olub. Müxtəlif ölkələrdə rus diasporunun problemləri üzrə mütəxəssis olan Duqin bildirib ki, bir çox dövlətlərdə ruslar dağınıq halda yaşayır və həmrəy deyillər. Amma Azərbaycan istisnadır: "Başqa regionlarla müqayisədə Azərbaycanda rusların vəziyyəti xeyli yaxşıdır”. Rus İcmasının sədri, deputat Mixail Zabelin də qonağa ölkəmizdə rusların vəziyyəti barədə məlumat verib. O bildirib ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir: "Azərbaycan xalqı əzəldən tolerantlığı, dözümlülüyü, başqa dinlərə və mədəniyyətlərə hörmət hissini həyat tərzinə çevirərək, bu prosesə böyük töhfə verib. Rus və Azərbaycan xalqlarını əzəldən mədəni və mənəvi bağlar birləşdirir. Burada rus dilinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafı hərtərəfli dəstəklənir. 120 minlik rus icması Cənubi Qafqazda ən böyük icmasıdır”.
Duqinin Azərbaycan səfərinə və söylədiklərinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib ki, Rusiyada Azərbaycanla bağlı pozitiv düşünən insanların olması ümumi işimizin faydasınadır. Çünki istəsək də, istəməsək də Qarabağın taleyində aparıcı mövqeyə sahib ölkə Rusiyadır:
"Duqin əvvəlkindən fərqli olaraq, Bakıda daha pozitiv açıqlamalar verib. Bu baxışı təqdir edilməlidir. Əvvəllər səsləndirdiyi "Qarabağın qaytarılması istisnadır” fikrinə görə, ona sərt münasibət bildirmişdik. Ancaq Bakıdakı açıqlamaları mənə kifayət qədər pozitiv gəldi. Xüsusilə, 5 rayonun dərhal qaytarılması, digər iki rayonun və Dağlıq Qarabağın gələcəkdə geri verilməsi, Azərbaycanın ərazi bütövlüyünün bütün hallarda tanınması kimi fikirləri olduqca əhəmiyyətlidir. Duqin Rusiya ictimai rəyinə təsir göstərən bir şəxsdir”. Deputat vurğulayıb ki, Qarabağ məsələsi ilə bağlı ATƏT-in Minsk Qrupundakı həmsədr ölkələrdən ABŞ və Fransanın təklifləri ölkəmiz üçün daha təhlükəlidir: "Görün, vəziyyət hara gəlib çıxıb ki, Fransa prezidentliyinə namizədlər açıq mətnlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini vəd olaraq səsləndirirlər. Eləcə də ABŞ-da sırf erməni diasporasının mövqeyindən Azərbaycana qarşı siyasət formalaşdırılır. Rusiyanın siyasəti isə özünün böyük dövlət və imperiya maraqlarından irəli gəlir. Bu səbəbdən Rusiyada Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün bütün vasitələrdən istifadə etməliyik”.
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, o, rusiyalı siyasətçilərin, ekspertlərin Bakıya səfərlərinin əleyhinə deyil. Gəlsinlər, fikir mübadiləsi aparsınlar və münaqişədə Azərbaycanın mövqeyini eşitsinlər. Ancaq bunlar o demək deyil ki, Rusiyadan kim gəlirsə, birbaşa Kremlin mesajını bizə çatdırır və ya Moskvaya qayıtdıqdan sonra bizim mesajları Putinə diktə edir:
"Bəzən yanlış təlqin etdirməyə çalışırlar ki, Bakıya gələn rusiyalı ekspertlər, o cümlədən Sergey Markov və ya Aleksandr Duqin Putinin baş məsləhətçiləridir və ya Kreml sahibi tez-tez onları dinləyir. Markov və Duqin Qarabağ məsələsində bizim mövqeyimizə anlayışla yanaşırlar. Bu müsbət haldır, ancaq düşünmürəm ki, onların siyasi baxışları Rusiya kütləvi informasiya vasitələrinə və ya Kremlə yol tapır. İllərdir, Rusiyanın əsas televiziya kanallarında siyasi və analitik proqramları izləyirəm. Həmin proqramlarda son illər nə Markovu, nə də Duqini görürəm, efir ermənipərəstlərlə, anti-türk elementlərlə doludur. Rusiyada erməni lobbisi fəaldır və geniş təsir imkanları var. Biz də qonşu ölkənin fərqli ekspertləri ilə dialoq içində olmalıyıq. Niyə Rusiyada Azərbaycanpərəst ekspertlər olmasın? Bir şərtlə ki, özlərinin statuslarını və imkanlarını çox da yüksək qiymətləndirməsinlər”.
İsmayıl