Əcnəbi dayələr...

Valideynlərin uşaqlarının təlim-tərbiyəsini xarici vətəndaşlara həvalə etməsi dəb halını alıb



İşləyən valideynlər hər zaman dayəyə ehtiyac duyurlar. Bağçalarda yerlərin sayının məhdud olması, olanların da hər zaman tələblərə cavab verməməsi, valideynləri bu yola vadar edir. Dayələri isə adətən dost-tanışların məsləhəti, yaxud dayəlik agentliklərinin köməkliyi ilə tapırlar. Son vaxtlar isə əcnəbi dayələrə maraq daha çox artıb. Xarici ölkələrdən müxtəlif yollarla Azərbaycana qaçan əcnəbilər potensial dayələr hesab edilir. Onların xarici dil bilmələri ailələr tərəfindən xüsusi rəğbətlə qarşılanır. Dayəlik bacarığı, əvvəlki həyatı isə araşdırılmır. Dayəlik agentliklərinin bəh-bəhlə təqdim etdikləri bu dayələri evimizə gətirir, uşaqlarımızı isə onlara etibar edirik.

Amma bu bəzən xoşagəlməz hallarla nəticələnir. Belə ki, əcnəbi dayələrin xidmətindən istifadə zamanı dini və mədəniyyətindən uzaq insanların yetişməsi də qaçılmaz olur.

Psixoloq Aida Nəbiyevanın sözlərinə görə, dayələr uşaq tərbiyəsində mühüm rol oynadığı üçün həmin ölkənin dilinə, dininə yaxın insan seçilməlidir: "Əcnəbi dayələrin seçilməsi psixoloji baxımdan düzgün deyil. Çünki ailə bir, dayə isə başqa bir düşüncədə olur. Üzdə olmasa belə, dayə öz fikirlərini uşağa yeridə bilər. Əcnəbi dayə uşaqda nitq problemi də yarada bilər. Çünki onlar adətən özlərinin dilində uşaqla ünsiyyət qurur, ona da həmin dili öyrətməyə çalışırlar. Bundan başqa, davranış tərzinə də təsir edir. Dayələr daha çox öz milli yeməklərini bişirdiyindən, uşaqların qidalanmasını da istiqamətləndirir. Əcnəbi dayələrin azərbaycanlılara məxsus dəyərləri, milli-mədəni keyfiyyətləri bilməməsi bir sıra fəsadlara səbəb ola bilər. Bir sözlə, əcnəbi dayə seçimi yanlış hesab edilir. Çünki bu, iki dil, din, ənənənin qarşı-qarşıya qoyulmasıdır ki, bu da uşağın inkişafına mənfi təsir edir. Uşağın özünəqapanmasına, konkret fikrə sahib olmamasına, qarışıq xarakterə malik olmasına səbəb olur”.

Xüsusən dil məsələsinə toxunan psixoloqun sözlərinə görə, uşaqlara əcnəbi dil öyrətmədən əvvəl onun bu dili necə qavradığını müəyyənləşdirmək lazımdır: "Yaxşı olar ki, uşaqlar dil açarkən bir dil öyrənsinlər. İki dildən daimi istifadə düzgün deyil. İkinci dil 3 yaşdan sonra öyrədilə bilər. Aşağı yaşlarda isə bu sadəcə bir-iki predmetin öyrədilməsindən ibarət olmalıdır”.

Dil, mədəniyyət və digər normalar bir tərəfə, əcnəbi dayə xəstəlik mənbəyi də hesab oluna bilər. Türkiyəli ekspertlərin araşdırmasına görə, xarici ölkələrdən gələn dayələr uşaqlar üçün ciddi xəstəlik mənbəyi hesab edilə bilər. Son illər bu ölkədə vərəmin müalicə edilməsində yaşanan çətinliklər bu ehtimalı artırır, çünki bir sıra Afrika, Şərqi Avropa ölkələri üçün müalicəyə müqavimət göstərən vərəm əsas xəstəliklər sırasındadır. Bu tip vərəm xəstələrinin isə ölüm riski daha yüksək olur. Bu ölkələrdən gələn xəstələr isə birbaşa xəstəlik daşıyıcısı hesab edilə bilər.

Təhlükə Azərbaycan üçün də mövcuddur. Dayələrə nəzarətin olmaması, həmçinin onların müxtəlif xəstəliklərin daşıyıcısı hesab edilir. Ailə həmin insanı evinə qəbul edərkən ondan hər hansı arayış tələb etmir. Normal ölkələrdə əcnəbi ölkələrdə əcnəbi miqrantların fəaliyyətinə icazə vermədən əvvəl tibbi müayinə yoxlanması tələb edilir. Xəstəliyi olanların fəaliyyətinə icazə verilmir. Amma bizdə əsasən dayələr qanunsuz yolla əmək fəaliyyəti ilə məşğul olur və nə dövlət, nə də ailələr nəzarət etmir.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev isə əcnəbi dayələrlə bağlı məsələnin Azərbaycanda bir problem səviyyəsində olmadığını deyib: "Əcnəbilərin ölkəmizdə fəaliyyətini Dövlət Miqrasiya Xidməti tənzimləyir. Onlarda ölkəmizə gələn əcnəbilər və onların işlədikləri sahə ilə bağlı yetərincə məlumat var. Bu sahədə hansısa problemlər olsa, sözügedən qurum ictimaiyyəti məlumatlandırardı. Onu da deyim ki, Azərbaycanda əcnəbi dayələrin xidmətindən istifadə edən ailələrin də sayı o qədər çox deyil. Əcnəbi dayələr uşaqların tərbiyəsi ilə havayı məşğul olmur ki?! Onlar valideynlərdən kifayət qədər əməkhaqqı tələb edirlər. Odur ki, ancaq kifayət qədər imkanı olan ailələr əcnəbi dayələrdən istifadə edə bilirlər. Hesab edirəm ki, əcnəbi dayələrin bir neçə faiz təşkil etməsini problem hesab etmək doğru yanaşma deyil”.

Əcnəbi dayələrin uşaqların adət-ənənələrdən uzaq böyüməsinə, dilinə təsir imkanlarına toxunan millət vəkili deyib ki, bu da absurd yanaşmadır: "Uşaq tək dayənin əhatəsində böyümür ki? Onun ailəsi, qohumları, oynadığı mühit, dərs aldığı məktəb var. Hesab edirəm ki, əcnəbi dayələrin fəaliyyətindən əndişə etməyin lüzumu yoxdu”.

İmkanlı ailələrin əcnəbi dayələrə üstünlük verməsinin səbəblərinə gəldikdə isə M.Quliyev bildirib ki, bu yeni dəb deyil, qədim zamanlarda da belə ənənələr olub: "Sosialist inqilabından əvvəllər imkanlı ailələr Fransadan, Almaniyadan təcrübəli dayələr gətirərdilər. Hesab edirəm ki, insanların xaricdən gələn dayələrə üstünlük verməsinin əsas səbəblərindən biri peşəkarlıqla bağlıdır. Azərbaycanda dayə institutu yoxdur. Peşəkar dayə hazırlayan nə kurs, nə də peşə məktəbləri var. Maddi durumu zəif olan valideynlərin də xaricdən gələn peşəkar dayənin tələb etdiyi əməkhaqqını vermək imkanı olmadığı üçün öz övladını yerli dayələrə əmanət edir. Varlıların isə belə bir məcburiyyəti olmadığı üçün əcnəbi dayələrin xidmətindən yararlanırlar. Mən bunu normal qəbul edirəm və burada heç bir problem görmürəm. Bazar iqtisadiyyatının prinsiplərinə uyğun prosesdir”.

Şəymən