Əfv sərəncamı Cümhuriyyət bayramı ərəfəsində verilə bilər





Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında qarşıdan gələn Novruz bayramı ərəfəsində növbəti əfv fərmanının imzalanmasını istisna etmir.

Əfv hüququnun ölkə başçısının müstəsna səlahiyyətlərinə və konstitusion hüquqlarına aid bir məsələ olduğunu vurğulayan Komissiya üzvünün dediyinə görə, nə zaman əfv sərəncamı imzalanacağı və kimlərə şamil olunacağı birbaşa Prezidentin şəxsi iradəsindən asılıdır: "Həmişə olduğu kimi yenə də Əfv Komissiyasına müraciətlər daxil olmaqda davam edir. Ancaq əfv yalnız ölkə rəhbərinin müəyyən etdiyi vaxtda baş tuta bilər. Odur ki, birmənalı şəkildə Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı və yaxud əksini iddia etmək doğru deyil. Amma indiyə qədərki təcrübə göstərir ki, əfv sərəncamları adətən əlamətdar günlərə təsadüf edib və yüzlərlə məhkum öz ailələrinə qovuşub. Bu nöqteyi-nəzərdən Novruz bayramı ilə əlaqədar da prezident növbəti dəfə humanist addım ataraq əfvlə bağlı sərəncam imzalaya bilər. Amma bu mənim şəxsi mövqeyimdir, əlimdə konkret faktlar yoxdur”.
Ə.Nuriyev deyib ki, əfv komissiyasına daxil olan müraciətlərə diqqətlə baxılır və araşdırmalar aparılır, müvafiq rəylər də hazırlanır. Bütün rəylər cənab prezidentə təqdim olunacaq. Əgər Novruz bayramına qədər müraciətlərə baxılma prosesi başa çatdırılacaqsa, sərəncam Novruz bayramı ərəfəsində verilə bilər: "Bütövlükdə müraciətlərə baxılması davam edəcəksə, əfv sərəncamı Cümhuriyyət bayramı ərəfəsində veriləcək. Təbii ki, yenə də əfv sərəncamının verilməsi prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Ona görə də nə zaman verilib-verilməyəcəyini dəqiq deyə bilmərəm. Bilirsiniz ki, ötən il Novruz bayramı ərəfəsində prezident əfv sərəncamı imzalayaraq 425 nəfəri öz azadlığına qovuşdurdu. Nəzərə alın ki, əsasnaməyə əsasən, müraciətlərin hər birinə baxılması, araşdırılması və müvafiq rəyin hazırlanması üçün müəyyən vaxt lazımdır. Komissiyanın Katibliyi və Əfv sektoru fasiləsiz olaraq çalışır və müraciətləri emal edərək Komissiyaya təqdim edir. Bütün müraciətlərə baxılması prosesi başa çatacağı təqdirdə Novruz bayramında əfc sərəncamının verilməsini istisna etmirəm. Əgər proses Novruz bayramı ərəfəsində başa çatmasa, o zaman mayda, Cümhuriyyətin 100 illiyi ərəfəsində veriləcək”.
Əfv sərəncamı ilə amnistiyanın biri-birinə zidd addım olmadığını vurğulayan hüquq müdafiəçisi bununla yanaşı, onlar arasında fərqin olduğunu da deyib:

"Hər iki akt mərhəmət aktıdır. Amma subyektlər fərqlidir. Əgər əfv sərəncamının imzalanması cənab prezidentin müstəsna səlahiyyətlərinə aiddirsə, amnistiya aktının qəbulu Milli Məclisin səlahiyyətinə aiddir. Əfv və amnistiya fərqli subyektlər tərəfindən qəbul olunduğundan və fərqli dairələri əhatə etdiyindən, onların eyni vaxtlarda qəbulu heç bir problem doğurmur. Həm də əfv konkret şəxslərə şamil olunur, amnistiya aktının predmeti tamam fərqlidir. Bu proses ayrı-ayrı kateqoriyadan olan cinayət hadisələrini nəzərə almaqla qeyri-müəyyən şəxslərə aid edilir. Burda əsas prinsip ümumi kateqoriyadır.

Amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisin deputatı Siyavuş Novruzov tərəfindən təşəbbüs irəli sürülüb. Həddindən artıq təqdirəlayiq addımdır. Bu təşəbbüs fonunda parlamentin Cümhuriyyətin 100 illiyilə bağlı amnistiya aktı qəbul edəcəyini istisna etmirəm. Amma bu istiqamətdə hansı işlər görüldüyünə dair məlumatsızam. Ümumilikdə onu deyə bilərəm ki, amnistiya aktının və əfv sərəncamının eyni vaxtda verilməsi yolveriləndir. Çünki bunlar biri-birini tamamlayan prosedurlardır. Biri digərini inkar etmir”.

Şəymən